Accessibility links

Həmsədrlər Ermənistan-Azərbaycan sərhədindəki insidentlə bağlı bəyanat yayıb


"Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və vəziyyətin sabitləşməsi üçün zəruri tədbirlər görməyə çağırırıq".

Bu barədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində hər iki tərəfin canlı qüvvə itkisi verdiyi insidentlə bağlı bəyanatında deyilir.

"Bakı və Yerevan 2016-cı il dekabrın 29-da Ermənistan-Azərbaycan sərhədində tələfata səbəb olmuş hücum cəhdində bir-birini ittiham etməyə davam edir", deyə səfirlər İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Hoqlandın (ABŞ) bəyanatında bildirilir.

"Ermənistan silahlı qüvvələri hələ də döyüşlərdə həlak olmuş Azərbaycan hərbçisinin cəsədini özündə saxlayır. Atəşkəs rejiminin pozulması qəbul edilməzdir və güc tətbiq etməməyə görə tam məsuliyyət daşıyan tərəflərin öhdəliklərinə ziddir”.

Həmsədrlər Ermənistan və Azərbaycan liderlərini 2016-cı ildə Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara, o cümlədən ATƏT-in insidentlərin ən qısa zamanda araşdırılması mexanizmlərinin qurulması üzrə öhdəliklərinə ciddi şəkildə riayət etməyə çağırır. Həmsədrlər həmçinin 2010-cu ildə Həştərxanda imzalanmış sazişə uyğun olaraq həlak olmuş hərbçinin cəsədini dərhal qaytarmağa çağırır.

“Biz tərəfləri qarşılıqlı ittihamlara son qoymağa və vəziyyətin sabitləşməsi üçün zəruri tədbirləri görməyə çağırırıq", deyə bəyanatda qeyd edilir.

Həmsədrlər həlak olmuş erməni və azərbaycanlı əsgərlərin ailələrinə başsağlığı verirlər.

Show comments

XS
SM
MD
LG