Accessibility links

“Sərhədsiz Reportyorlar” beynəlxalq hüquq müdafiə təşkilatı Azərbaycanda daha bir jurnalistin – regional saytın redaktoru Elçin İsmayıllının həbsi barədə məlumatlardan narahatdır. Azərbaycanda uydurma ittihamlarla həbs olunan jurnalistlərin uzun siyahısına onun da adı daxil olub.

Hazırda ən azı 12 jurnalist, bloger və KİV əməkdaşı həbsdədir.

Fevralın 17-də İsmayıllıda saxlandıqdan sonra məhkəmə redaktoru “ağırlaşdırıcı şəraitdə zorla pul tələb etmək” ittihamı ilə 24 gün həbs edib.

Prokurorluq onu yerli məmuru şantaj etməkdə ittiham edib. E.İsmayıllı bildirir ki, onu yerli rəhbərliyə qarşı tənqidlərə son qoymağa məcbur etmək məqsədilə ittiham saxtalaşdırılıb.

E.İsmayıllı kent.info saytının təsisçisi və redaktorudur. Saytda korrupsiya və insan haqlarının pozulmasından yazılır. Redaktor dəfələrlə yerli hakimiyyətin təqiblərinə, zorakılıq, həbs, böhtan haqda iddialarına məruz qalıb.

Elçin İsmayıllı

Elçin İsmayıllı

“Bakının beynəlxalq tərəfdaşları Azərbaycanda jurnalistlərin həbs olunmasını sakit müşahidə etməməlidirlər”, təşkilatın bəyanatında deyilir.

Azərbaycan hakimiyyətinin insan hüquqları sahəsində öz öhdəliklərinə məhəl qoymamasına beynəlxalq birlik təcili reaksiya verməlidir”, bəyanatda vurğulanır.

Bundan əlavə, son vaxtlar baş verən bəzi hadisələr ciddi narahatlıq doğurur. Belə ki, ölkədə yeganə müxalifət qəzeti olan “Azadlıq” qəzetinin 8 əməkdaşı fevralın 17-20-də prokurorluqda dindirilib. Onlar həbsdə olan maliyyə direktoru Faiq Əmirovun işi üzə dindirilib.

F.Əmirovun səhhətində ciddi problemlər olsa da hakimiyyət onu ev dustaqlığına buraxmır.

Onun həbsindən sonra qəzetin fəaliyyəti iflic vəziyyətinə düşüb, 2016-cı ilin sentyabrından qəzetin nəşri demək olar ki, dayandırılıb.

Öz növbəsində Britaniya PEN klub fevralın 17-də bildirib ki, bloger Rəşad Ramazanovun səhhəti pisləşib. O 2013-cü ildən həbsdədir.

Onun ailəsi blogerin səhhətinin kəskin pisləşdiyini və onun bir sıra ciddi xəstəliklərdən, o cümlədən vərəmdən müalicə almasının vacibliyini bildirib.

Hökuməti tənqid edən R.Ramazanov 2013-cü ilin noyabrında qanunsuz narkotik maddənin dövriyyəsi kimi saxta ittihamla 9 il azadlıqdan məhrum edilib.

Fevralın 16-da Ali Məhkəmə jurnalist Xədicə İsmayılovanın barəsində “qanunsuz sahibkarlıq” ittihamı üzrə hökmü qüvvədə saxlayıb.

X.İsmayılova 18 ay həbsdə qalıb. Sonradan azad edilsə də onun üzərindən yekun ittiham götürülməyib və hakimiyyət onun xaricə çıxışına qadağa qoyub.

Azərbaycan Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 163-cü yeri tutur.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG