Accessibility links

Azərbaycandakı iri internet provayderlərindən biri, ölkə üçün əsas müstəqil informasiya mənbəyi olan Azadlıq Radiosunun Azərbaycan xidmətinin saytına girişi bağlayır.

Azad Avropa AzadlıqRadiosu korporasiyasının yaydığı bəyanatda belə deyilir: "Belə görünür ki, saytın “Delta Telecom” provayder şirkəti tərəfindən bağlanmasına martın 27-dən başlanıb. "Freedom House" təşkilatının məlumatına görə, “Delta Telecom” Azərbaycan hökumətindən lisenziya almış və beynəlxalq internet trafikinə qoşulan 2 provayderdən biridir".

Bəyanatda deyilir ki, AzadlıqRadiosu ilə yanaşı müstəqil kütləvi informasiya vasitələri olan “Meydan TV" və “Azadlıq" qəzeti də eyni problemlə üzləşib.

Azad Avropa və AzadlıqRadiosu korporasiyasının prezidenti Thomas Kent bu addımı pisləyir, bunu Azərbaycan hökumətinin hakimiyyətdən açıq-aşkar sui-istifadə edərək AzadlıqRadiosunun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirir.

Bəyanatda qeyd edilir ki, Azərbaycan, 2016-cı il üçün "Freedom House" təşkilatının söz azadlığı ilə bağlı hesabatında azad olmayan ölkələr sırasındadır, bu ölkədə jurnalistlər daima saxlanılır və dövlət məmurları tərəfindən təqib olunurlar.

"AzadlıqRadiosunun Azərbaycan xidməti Praqadakı ofisindən özünün veb-saytında məlumatlar yaymaqda davam edir və hökumətin nəzarətində olan mətbuata vacib alternativ olaraq qalır", sənəddə qeyd edilir.

Azərbaycanın hökumət rəsmiləri AzadlıqRadiosuna müsahibələrində sözügedən saytlara ölkə daxilində hansısa maneə yaradılmadığını bildirib.

Öz növbəsində, "Delta Telecom" bildirib ki, saytların bloklanması ilə bağlı onlara ünvanlanan iradlar düzgün deyil.

“Delta Telekom” olaraq bildiririk ki, biz yalnız texniki fəaliyyət ilə məşğul olur, siyasi baxımdan kimin hansı tərəfdə olduğu ilə maraqlanmırıq. Saytların bağlanması və ya onlara texniki hücumların təşkilinin “Delta Telecom”a hec bir aidiyyatı yoxdur. Bu məsələlərlə bağlı aidiyyatı qurumlara müraciət etməyiniz daha məqsədəuyğun olardı”, "Delta Telecom”un mətbuat xidməti bildirib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG