Accessibility links

Cahangir Hacıyev son söz demək üçün məhkəmədən vaxt istəyib


Cahangir Hacıyev

Cahangir Hacıyev

Proses oktyabrın 10-da davam etdiriləcək

Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə təqsirləndirilən digər 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA agentliyinin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən İbrahim Hüseynovun vəkili Azər Tağıyev müdafiə çıxışı edib.

O bildirib ki, irəli sürülən ittihamlar əsassızdır: "Eyni zamanda proses çox sürətli aparılıb ki, bu da müdafiə tərəfinin hüququnun pozulması deməkdir. İbrahim Hüseynova mənimsəmə ilə bağlı verilən ittiham da doğru deyil. Çünki İbrahim Hüseynov vəzifəli şəxs olmayıb və bankla heç bir bağlılığı yoxdur. Eyni zamanda, verilən kreditlərin də bir hissəsi qaytarılıb. Bu onu sübut edir ki, təqsirləndirilən şəxslərin mənimsəmə niyyəti olmayıb".

O, məhkəmədən İbrahim Hüseynov barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.

Sonra dövlət ittihamçısı Fərid Nağıyev vəkillərin müdafiə çıxışına münasibət bildirərək qeyd edib ki, mənimsəmə ilə bağlı sübutların olmadığı deyilsə də, cinayət işinin materiallarında Cahangir Hacıyevin ailə üzvlərinin xarici ölkələrdə hotellərdə, bahalı mağazalarda, sağlamlıq mərkəzlərində limitsiz kartlardan istifadəsi barəsində faktlar var: "Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva heç bir biznes-plan təqdim etmədiyi halda, ona külli miqdarda kredit ayrılıb. Başqalarına bu şəkildə kreditlərin ayrılması mümkün deyil. Digər tərəfdən, əgər bankın layihələri gəlir gətirirdisə, 2008-ci ildən götürülən kreditlər nəyə görə gəlir gətirməyib?"

Vəkil Aqil Layıcov isə deyib ki, C. Hacıyevin ailə üzvlərinin xərcləri 1 milyon manatı keçməyib: "Cahangir Hacıyevin maaşı da yüksək olub, o, ailə üzvlərinin xərcini şəxsi hesabına da ödəyə bilərdi".

Daha sonra təqsirləndirilən şəxslər - Kənan Orucov, Anar Sultanov, Məmməd Cahangirov, Yusif Ələkbərov və İlqar Abdullayev məhkəmədə son söz deyiblər. Onlar özlərini təqsirli bilməyib, yalnız kredit komitəsinin qərarlarını və rəhbərliyin göstərişlərini icra etdiklərini deyiblər.

Digər təqsirləndirilən Azad Cavadov vəkilinin çıxışını dəstəklədiyini deyib.

Cahangir Hacıyev və İbrahim Hüseynov isə son söz üçün məhkəmədən 1 həftə vaxt istəyiblər.

Hakimin "1 həftə çox deyil" sualına C. Hacıyev "17 il həbs cəzasına 1 həftə çoxdurmu?" cavabını verib.

Proses oktyabrın 10-da davam etdiriləcək.

Ötən prosesdə Cahangir Hacıyevın və digər təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müdafiə etdikləri şəxslərə bəraət istəmişdilər.

C. Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Show comments

XS
SM
MD
LG