Accessibility links

Elmar Məmmədov Beynəlxalq Bankın sədri təyin edilib


Elmar Məmmədov

Elmar Məmmədov

İyulun 22-də Elmar Məmmədov Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri təyin edilib. Bu barədə Beynəlxalq Bankın rəsmi saytında məlumat yayılıb.

Məlumatda deyilir ki, bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.

Yığıncaqda bankın İdarə Heyətinin yeni tərkibi seçilib, Elmar Məmməd oğlu Məmmədov 4 il müddətinə İdarə Heyətinin sədri vəzifəsinə, Murad Oqtay oğlu Şirəliyev və Ülvi Eldar oğlu Mansurov isə həmin müddətə İdarə Heyəti sədrinin müavinləri vəzifələrinə təyin ediliblər.

Toplantıda president İlham Əliyevin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli fərmanından irəli gələn vəzifələr müzakirə edilib,

Yeni seçilmiş İdarə Heyətinə bankın maliyyə sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi ilə bağlı tədbirləri həyata keçirmək məqsədilə kredit siyasətinin yenidən işlənib hazırlanması, bankın təşkilati strukturunun və filial şəbəkəsinin təkmilləşdirilməsi və bir sıra digər mühüm məsələlər barəsində tapşırıqlar verilib. Bankın Audit Komitəsinə isə adı çəkilən fərmandan irəli gələn vəzifələrin icrası olaraq bank tərəfindən kreditlərin verilməsi zamanı bank və mülki qanunvericiliyin tələblərinə riayət edilməsi məsələlərinin araşdırılması, aşkar olunmuş nöqsanlara yol vermiş şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsi və onların məsuliyyətə cəlb olunması üçün tədbirlərin görülməsi həvalə edilib.

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərmanda deyilir ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub.

“Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb”, sənəddə deyilir.

Prezident bankın maliyyə durumunun sağlamlaşdırılması və dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək üçün müvafiq qurmlara tapşırıqlar verib.

Xatırladaq ki, Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev bu il martın 18-də istefa verib.

Son aylar Beynəlxalq Banka olan kredit öhdəliklərini ödəyə bilməyən və ya ödəməkdən yayınan çoxsaylı sahibkarların istintaqa çağırılması ilə bağlı məlumatlar yayılıb. Həbs olunanlar da var. Onlardan biri də bankın Dubaydakı keçmiş nümayəndəsidir.

Qeyri-rəsmi mənbələrə görə, bankın problemli kreditləri bir neçə milyard manat təşkil edir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) 1990-cı ildən fəaliiyyətdədir. Maliyyə Nazirliyi bankın əsas səhmdarıdır və səhmlərin 50.2% ona məxsusdur. Bank Azərbaycan bank sisteminin yekun aktivlərinin 40-50 % qisminə sahibdir. Azərbaycan ərazisində fəaliyyət göstərən 10 böyük banklar arasında isə ABB yekun aktivlərin 44.2% qisminə, kreditlərin 47.6% qisminə, istehlakçı kreditlərinin 15.7% qisminə, əmanətlərin 39.4% qisminə, kapitalın 30.5% qisminə və bank sektoru üzrə mənfəətin 44.3% qisminə malikdir.

Bankın mənzil qərargahı Bakı şəhərində yerləşir, 40-dan çox şəhərdə 36 filiala və 95 xidmət məntəqəsinə malikdir. Cənubi Qafqaz regionunda olan banklar arasında, ABB ən çox aktivə, müştəri bazasına və beynəlxalq əməliyyatlar portfelinə malik bir qurumdur. ABB-nin 30 mindən çox korporativ və 400 min fərdi müştərisi mövcuddur. ABB-də 1 300-dən çox insan çalışır.

Bakın İdarə Heyətinin yeni Elmar Məmmədov 9 oktyabr 1967-ci ildə anadan olub.

1995-2004-cü illərdə Azərbaycan Beynəlxalq Bankının Əməliyyat idarəsinin rəisi, Bankın Səbail filialının müdiri olub. 2004-cü ilin noyabrından “Kapital Bank”-ın Kreditləşmə və layihələrin maliyyələşdirilməsi departamentinin direktoru, həmin ilin dekabrından Bankın İdarə Heyəti sədrinin müavini, 2005-ci ilin dekabrından isə İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində çalışıb.

2009-cu ildən “Kapital Bank”ın İdarə Heyətinin sədri, 2014-cü ildən “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri olub.

XS
SM
MD
LG