Accessibility links

Beynəlxalq müşahidəçilər:”Rusiyada seçkilər hakim partiyanın xeyrinə pozuntularla müşayiət olub”

  • Amerikanın səsi

Beynəlxalq müşahidəçilər:”Rusiyada seçkilər hakim partiyanın xeyrinə pozuntularla müşayiət olub”

Beynəlxalq müşahidəçilər:”Rusiyada seçkilər hakim partiyanın xeyrinə pozuntularla müşayiət olub”

Amerikanın səsinin Moskvadakı müxbirinin məlumata əsasən, beynəlxalq müşahidəçilər hökumətin siyasi həyatın bütün səviyyələrinə müdaxilə etdiyi qənaətindədir

Rusiyada Dövlət Dumasına seçkiləri monitorinq edən beynəlxalq müşahidəçilər səsvermə ilə bağlı ilkin açıqlamalar verib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətləri seçki prosesi ilə bağlı konkret nəticələrlə çıxış etməyərək, sənədin yanvar ayında təqdim ediləcəyini bildirib. Onların sözlərinə görə, sənəddə qeydə alınan pozuntular və tövsiyələr əks etdirələcək.

Müşahidəçilərin gəldiyi ilkin nəticə isə ondan ibarətdir ki, seçkilərdə bərabər imkanlar verilməsə də, seçicilər öz seçimini etmək hüququndan istifadə ediblər. Onların fikrincə, texniki baxımdan səsvermə prosesi yaxşı təşkil edilsə də, səslərin hesablanmasında çox sayda pozuntuya yol verilib.

ATƏT-in müşahidəçi missiyasının koordinatoru Petros Eftimiu əsas problemlər və pozuntulardan danışıb. Onun sözlərinə görə, seçki prosesində partiyalara qeyri-bərabər imkanlar verilib, buraya bəzi partiyaların qeydiyyatdan keçməsinə imkan verilmədiyi kimi halı aid etmək olar. Bununla yanaşı o, hakimiyyət orqanlarının seçki prosesinə müdaxiləsini qeyd edib. “Hökumət siyasi həyatın bütün səviyyələrində müdaxilə edir”-deyə Eftimiu bildirib. O əlavə edib ki, iqtidar partiyasının hökumətlə eyniliyi əsas problem kimi çıxış edir və seçki prosesinin nəticələrinə təsir göstərir. “Bu, dəyişməlidir”-deyə Eftimiu qeyd edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçi missiyasının rəhbəri Haydi Talyavini deyib ki, seçkilər bütün vasitələtin bir oyunçunun əlində olduğu oyunu xatırladır. “Demokratiya mürəkkəb bir oyundur, ideal demokratiyalar mövcud deyil”-deyə o əlavə edib. Talyavini seçki pozuntularının mövcud olduğunun və bu pozuntular haqda şikayətlərin daxil olduğunu bildirib. “Məhz buna görə missiyanın bəzi üzvləri hökumətin bu şikayətlərə necə cavab verəcəyini öyrənmək üçün Rusiyada qalır”-deyə o bildirib.

Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətinin rəhbəri Tini Koks da bütün imkanların bir partiyanın əlində cəmləşməsi məsələsinə diqqət verib. Lakin o hesab edir ki, səsvermə ölkədə ciddi dəyişikliklərə yol aça bilər. Amerikanın səsinin müxbiri ilə söhbət zamanı Koks deyib ki, saxta bülletenlər kimi sübutların olduğu yerdə vətəndaşların və partiyaların məhkəməyə müraciət edə bilmək hüququ var.

Beynəlxalq müşahidəçiər hələlək seçkilərin ümumi nəticələri haqda açıqlama verə bilməsə də, ATƏT-in müşahidəçi missiyası bir məsələdə mövqeyini bildirib: “Seçki prosesi baş nazir Vladimir Putinin Vahid Rusiya partiyasının xeyrinə çox sayda pozuntularla müşayiət olub.

ABŞ Dövlət katibi Hillari Klinton Rusiyada keçirilən parlament seçkilərilə bağlı ciddi narahatlığını ifadə edib. O deyib ki, Rusiya seçiciləri seçkilərin ədalətli keçdiyi və onların səslərinin düzgün hesablandığına əmin olmaq üçün tam təhqiqatın keçirilməsinə layiqdir.

Rusiya prezidenti Dmitri Medvedev seçkilərin azad və ədalətli keçdiyini bildirir.

Rusiyanın Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, Vahid Rusiya partiyası səslərin 49,5 faizini alıb. 2007-ci ildə Vahid Rusiya səslərin 64 faizini qazana bilmişdi.

Seçkilərdən öncə Rusiyadakı təhlilçilər səsvermənin iqtidar partiyasının popluyarlığının kəskin aşağı düşdüyünü əks etdirəcəyini qabaqcadan söyləmişdilər. Onlar əhalinin Rusiyada zənginlər və yoxsullar arasında uçurumun artması və hakimiyyət orqanlarında korrupsiyadan artan narazılığını bunun əsas səbəbi kimi göstərir.

XS
SM
MD
LG