Accessibility links

Gələcəyin milyardçısını necə yetişdirmək olar?


Bill Geyts atası ilə (Foto Bill Geytsin Facebook səhifəsindən götürülüb)

Bill Geyts atası ilə (Foto Bill Geytsin Facebook səhifəsindən götürülüb)

Dünyanın ən zəngin adamı, Microsoft şirkətinin təsisçisi, biznes maqnatı və xeyriyyəçi Bill Geyts uşaqlıqdan elmə, xüsusilə də riyaziyyata böyük həvəs göstərib. Lakin onun dünya görüşünün formalaşmasında kitabların olduqca böyük rolu olub. Bu haqda Bill Geytsin atası bu günlər Forbes jurnalına müsahibədə danışıb.

Uşaq yaşlarından Bill Geyts ensiklopediyalar və elmi fantastikadan tutmuş müxtəlif janrda yazılmış kitablara həvəs göstərib. Valideynləri onun mütaliə etməsini alqışlasa da, bu artıq elə bir həddə çatıb ki, onlar masa arxasında kitab oxumağa icazə verməmək məcburiyyəti qarşısında qalıb.

“Mən inana bilmirdim ki, tez-tez masa arxasında mübahisə edən bu oğlan bir gün mənim müdirim olacaq, amma bu, belədir”- Bill Geyts ata

Artıq beşinci sinifdə Bilin gələcəkdə hansı sahəyə maraq göstərdiyi məlum olub. “Şagirdlərə təqdim edilmiş yazılı formada həkim, yanğınsöndürən və kovboy kimi bir sıra peşələr göstərilmişdi. O, “kosmonavt” sözünün qarşısında işarə qoysa də, onun yanında ayrıca yerdə “alim” sözünü yazıb əlavə etmişdi”-deyə Bill Geyts ata bildirib.

Bill Geyts altı yaşında atası ilə

Bill Geyts altı yaşında atası ilə

Kitab dünyasının böyük səyyahı olan Bill Geyts dünyada baş verən hadisələrə böyük maraq göstərib, xüsusilə də biznes, beynəlxalq münasibətlər və insanların gələcək həyatı kimi məsələlərə öz münasibətini bildirməyə başlayıb.

"O, “kosmonavt” sözünün qarşısında işarə qoysa də, onun yanında ayrıca yerdə “alim” sözünü yazıb əlavə etmişdi”-Bill Geyts ata

“Mən inana bilmirdim ki, tez-tez masa arxasında mübahisə edən bu oğlan bir gün mənim müdirim olacaq, amma bu, belədir”-deyə Bill Geyts ata müsahibədə bildirib.

Bill and Melinda Geyts

Bill and Melinda Geyts

Elmə və biliyə həvəs göstərən Bill Geytsin kompyuter texnologiyaları ilə ilk tanışlığı 13 yaşında baş verib və bundan sonra kompyuter proqramları onun həyatının ayrılmaz hissəsinə çevrilib. Harvard universitetində təhsil aldığı illər o, kompyuter texnologiyaları üzərində işləyib və nəhayət öz biznesini yaratmaq üçün təhsilini yarımçıq qoymaq haqda qərar verib.

"Universiteti atmaq mənim və həyat yoldaşımın uşaqlarımızın heç biri üçün təsəvvür etmədiyimiz bir iş idi, lakin Bill nə etmək istədiyini bilirdi”-Bill Geyts ata

Bill Geyts ata bu qərarı narahatlıqla qarşıladığını, lakin sonda oğlunu dəstəklədiyini deyib: ”Deyə bilmərəm ki, narahat deyildim. Amma o vaxt mən artıq bu qərarlarda o qədər böyük rol oynamırdım. Onun öz məqsədlərinə necə çatması ilə bağlı öz fikirləri var idi və onun Pol Allenlə başladığı iş daha çox vaxt tələb edirdi. Universiteti atmaq mənim və həyat yoldaşımın uşaqlarımızın heç biri üçün təsəvvür etmədiyimiz bir iş idi, lakin Bill nə etmək istədiyini bilirdi.”

Bill Geyts mütaliə etdiyi kitablarla

Bill Geyts mütaliə etdiyi kitablarla

Bill Geytsin sonrakı addımları onu Microsoft şirkətinin təsisçisi və prezidenti, novator iş adamı, nəhayət dünyanın ən zəngin adamı və dünya problemlərinin həlli məqsədilə xeyriyyə fondunun prezidenti səviyyələrinə çatdırdı. Lakin onun biliyə və mütaliəyə həvəsi həyatının bütün mərhələlərində əvvəlki kimi qalır. “Geyts qeydləri” adlı bloqunda o hər il oxuduğu maraqlı kitablardan bəhs edir, bu kitablardan aldığı təəssüratları ilə bölüşür.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG