Accessibility links

"Bir gün bu döyüşçülər geri qayıdacaq" [Video]


"Bir gün bu döyüşçülər geri qayıdacaq"
please wait

No media source currently available

0:00 0:06:11 0:00
Vaşinqtonda yerləşən Cons Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi tədqiqatçısı Tinatin Karosanidze Amerikanın Səsinə müsahibədə Şimali Qafqazda radikal islamın təhlükələrindən danışıb. "Qafqazda islam radikalizmi və onun Yaxın Şərq fundamentalizmi ilə bağlantıları" mövzusunda elmi araşdırma aparan xanım Karosanidze bildirib ki, hazırda Suriyada Azərbaycan, Gürcüstan və Avropa ölkələrindən mücahidlər döyüşür. Onların qayıdandan sonra böyük təhlükə olacağını bildirən tədqiqatçı digər maraqlı aspektlərə də toxunub. Tinatin Karosanidze ilə müsahibəni sizə təqdim edirik:

Sual: Karosanidze xanım, sizi Amerikanın Səsində görməyiməzə şadıq. Keçmişdə avtoritar hökümətlər Qərbin dəstəyini və rəğbətini qazanmaq üçün ölkələrində islam ifratçılığının olduğunu deyirdilər. Şimali və Cənubi Qafqazda dini radikallıq nə qədər güclüdür?

Cavab: Gəlin tarixə nəzər salaq. İslam Şimali və Cənubi Qafqazda necə yayılıb? Cənubi Qafqaz VII əsrdə ərəb istilasına məruz qalıb. Onlar Gürcüstan, Ermənistan və Azərbaycanı işğal edib. Bu yolla İslam Cənubi Qafqaza gəlib. Mən burada böyük İslam radikallığı inkişaf etdiyini deyə bilmərəm. Ancaq Şimali Qafqazda belə bir təhlükənin olduğuna dair sübutlar var. Orada radikal islamçıların çox olmasının bir neçə səbəbi var. Mən onlardan bəzilərini sadalayım:
Birinci səbəb sovet hakimiyyəti dövründə kifayət qədər təhsilin, məlumatın olmaması. Həmin vaxt ateizm mövcud idi. İslam və ya sünni-şiə arasında fərq barədə heç kimin məlumatı yox idi. Hətta ailədə fərqli məzhəblərə məxsus üzvlər vardı. Sovet İttifaqının dağılmasından sonra tədrisdə dərin boşluq yarandı. Bir çox islamçı qruplar Şimali Qafqaza təhsil mərkəzləri, mədrəsələr quraraq daxil oldular. Onlar bu yolla insanlara təsir göstərməyə başladılar. Mən bu təhsilin doğru və ya səhv olması barədə heç bir şey deyə bilmərəm. Ancaq təhsildə boşluğun olması, İslam radikallığının regionda yayılmasının əsas səbəblərindən biridir.

Sual: İnsanları radikal İslama nə cəlb edir, xüsusən də keçmiş Sovet məkanında? Bu cazibə Yaxın Şərqdəki radikallaşmadan necə fərqlənir?

Cavab: Gəlin bənzərliklərlə başlayaq: Çeçenistanda İslam radikallığı necə başladı? Rusiyanın Çeçenistanda müharibədə məğlub olmasından sonra regiona Yaxın Şərqdən bəzi insanlar gəlməyə başladı. Bu insanların çoxu Əl-Qaida ilə əlbir idilər. Məsələn Omər Xəttab Şimali Qafqaza gələrək, Rusiyaya qarşı döyüşən üsyançılara dəstək oldu. Milli hərəkat dəyişərək İslamçı radikal hərəkata çevrildi.

Yaxın Şərqdə siyasi İslamın, radikal İslamın yüksəldiyini görürsünüz. Şimal Qafqazda da eyni stuatsiya ola bilər. Misirdə bütün milli hərəkatlar ərəb-israil müharibəsi zamanı uğursuzluqla nəticələndi. Beləliklə başqa bir hərəkatın meydana çıxması üçün böyük boşluq yarandı. Beləliklə İslam milli hərakatın yerini tutdu. Bu danışdıqlarım bənzərliklər idi.

Fərqlilikləri isə belə izah etmək olar. Yaxın Şərqdə bütün İslami hərakatlar siyasi partiyalara və ya güclü təşkilatlara çevrildi. Onlar seçkilərdə iştirak etməyə başladı. Siyasi proseslər onların əsas məqsədi idi.
Şimal Qafqazda isə, bu baş vermədi. Xalq İslam hərəkatlarını dəstəkləmədi. İslami qruplar Yaxın Şərqdəki kimi müvəffəq ola bilmədi. Bu, iki region arasındakı böyük fərqi göstərir. Şimali Qafqazda biz şəxsləri, fərdləri görürük. Bütün İslami qruplar bu şəxslərə bağlıdır. Ancaq Yaxın Şərqdə sistematik siyasi islami təşkilatlar mövcuddur.

Sual: Ərəb Baharından sonra İslamçılar Yaxın Şərqdə baş verənlərdən təsirləndilər. Belə bir ssenarinin gələcəkdə Qafqazda baş verməsi nə dərəcədə inandırıcıdır?

Cavab: Mən SAİS-də bu məsələ ilə bağlı araşdırma aparıram. Siz Yaxın Şərqdə baş verən hadisələrə diqqət yetirsəniz, böyük dəyişikliklərə şahid olarsanız. Misir, Tunis və Mərakeş kimi ölkələrdə İslamçılar hakimiyyətə gəldi. Ekspertlər bu dəyişikliklərin digər bölgələrə də sıçramasından narahatdırlar. Əgər biz Suriyaya diqqət yetirsək, Azərbaycan, Gürcüstan və Avropa ölkələri daxil olmaqla dünyanın bir çox yerlərindən olan mücahidlər döyüşürlər. Beləliklə bir gün bu döyüşçülər geri qayıdacaq. Heç kim onların orada qazandığı hərbi təcrübəni və ya təsiri regionda necə istifadə edəcəyini deyə bilməz. Ancaq bu Qafqaz da daxil olmaqla dünya üçün böyük təhlükəyə çevrilə bilər.

Sual: Radikal islamın yayılmasının qarşısını almaq üçün rəsmilər nə kimi ölçülər götürməlidirlər?

Cavab: Bu, ölkə və regiondan aslıdır. Təhlükəsizlik qanunları gücləndirilə bilər. Mən təhsil sahəsində çalıştığım üçün radikallığın qarşısını almaqda elmin gücləndirilməsini görürəm. Çünki mənim üçün radikallıq elm və təhsildə olan çatışmamazlıqdır. Siz əgər bu insanlara doğru təhsili versəniz, radikallığın qarşısını alınacağına inanıram. Təhsil insana azadlıq verir. Azad və savadlı insan vətəndaş cəmiyyətini meydana gətirir. Vətəndaş cəmiyyət inkişaf etmiş dövlətin təməlini təşkil edir. Bütün hökumətlər insanlara doğru təhsil verilməsinə diqqətlə yanaşmalıdır. Əgər siz cihad uğrunda döyüşənlərə cihadın günahsız və mülki vətəndaşların öldürülməsi anlamına gəlmədiyini təhsil vasitəsilə başa salsanız regionda radikallığın yayılmasının qarşısını böyük ölçüdə almış olarsız.
XS
SM
MD
LG