Accessibility links

Bir əsrdir mövcud olan Panama kanalı genişləndirilir (VİDEO)

  • Amerikanın səsi

Bir əsrdir mövcud olan Panama kanalı genişləndirilir (VİDEO)

Bir əsrdir mövcud olan Panama kanalı genişləndirilir (VİDEO)

Kanalın salınmasına 1882-ci ildən başlansa da, xəstəliklər, çoğrafi məkan və siyasi proseslərə görə inşa işləri 1914-cü ilə qədər davam edib.

Bir əsrə yaxındır Panama kanalı Atlantik və Sakit Okeanı arasında keçid vasitəsi kimi fəaliyyətə başlayandan bəri bu kanaldan bir milyona yaxın gəmi keçib. Panama bərxəzi boyu kanalın salınmasına 1882-ci ildən başlansa da, xəstəliklər, çoğrafi məkan və siyasi proseslərə görə inşa işləri 1914-cü ilə qədər davam edib. Tikinti zamanı 27 min işçi ölüb. Hazırda dünyanın ən nəhəng mühəndislik nümunəsi adlandırılan bu kanalın genişləndirilməsi nəzərdə tutulur. Genişlənmə zəmanənin tələblərinə uyğun nəhəng gəmilərin kanaldan keçməsinə şərait yaradacaq. Panama kanalına ezam olunan Amerikanın səsinin əməkdaşı Zulima Palasio inşa işləri barədə reportaj hazırlayıb.

Burada aparılan genişləndirmə işlərinin ən yaxşı “Nəhəng” sözü ilə ifadə etmək olar. 5.5 milyard dollarlıq yatırımla Panama kanalında tezliklə daha böyük gəmilər üçün 3-cü kanal açılacaq. Kanalın mühəndislik üzləri üzrə icraçı vitse-prezidenti Yorge Luiz Kihano deyir ki, kanal tam tutumu ilə fəaliyyət göstərir və hazırda onun genişləndirilməsinə ehtiyac var: “Bu yeni kanal eni, uzunluğu və dərinliyi daha geniş olan gəmilərin keçidinə şərait yaradacaq”.

Panama Kanalının Atlantik Okean sahilindəki Qatun keçidindən gəmilər hər iki tərəfdən beton divarlara bir neçə santimetr aralı keçir. Bu gəmilərin eni 32 metr, dərinliyi isə 12 metrdən böyük ola bilməz.

Köhnə kanallara paralel salınmaqda olan yeni cığır artıq eni 49 metr və dərinliyi isə 15 metr olan gəmilərə keçid imkanı yaradacaq.

Qatun xəttindən keçərək cənuba istiqamət alan bu gəmi Qatun gölünə daxil olaraq, oradan da Sakit okeana keçir. Buna paralel olan qazıntı isə yeni daha geniş kanal üçün nəzərdə tutulur.

Kapitan Ubaldo Pimentel 100 il əvvəl kanala lazım olan suyu təmin etmək üçün salınan Qatun gölündə on illərdir sərnişin gəmilərini idarə edir. O deyir ki, mühəndislər kanalı dərin və daha geniş etmək üçün qazıntı gəmilərindən və dinamitdən istifadə edir: “Burada əvvəl dağ çox hündür idi. Onlar gölü genişləndirmək üçün bütün materialları götürüblər”.

Bir əsrə yaxındır demək olar ki, bütün yük gəmiləri Panama Kanalına uyğun hazırlanıb. Buna baxmayaraq, son bir neçə onillikdə post-Panamaks kimi tanınan daha nəhəng gəmilər Cənubi Amerikanın ətrafında dörvə vurmaq məcburiyyətində qalmışdı. İnşası 2014-cü ildə bitəcək yeni 80 kilometrlik kanal belə gəmilərin bəzilərinə keçid imkanı tanıyacaq, ancaq Yorge Luiz Kihano da deyir ki, buradan ən nəhəng bərə keçə bilməyəcək: “Biz gəmilərin optimal həcminə baxırıq. Hansı gəmilər kanalara yatırılan investisiyanın qarşılığını verəcək, onları dəyərləndiririk”.

Buna baxmayaraq, layihənin gerçəkləşməsi o deməkdir ki, rəsmilər kanaldan keçən gəmilərin sayını ən azı iki dəfə artıra biləcək: “Hazırki kanalın maksimum tutumluluq qabiliyyəti il ərzində 340 milyon tona yaxındır. Genişlənmə ilə biz bu rəqəmi iki dəfə artırmağı planlaşdırırıq, biz artıq il ərzində 600 milyon tonluq həcmlərin öhdəsindən gələ biləcəyik”.

Bu vacibdir, çünki kanaldan istifadə edən gəmilər çəkiyə görə pul ödəyir. Kanal rəsmiləri ümid edir ki, çoxmilyardlıq genişlənmənin xərclərinin yarısından çoxunu hazırda kanaldan keçən gəmilər ödəyəcək, yerdə qalanını isə yeni kanal qazandıracaq.

Kanalın genişləndirilməsi layihəsini bir çox beynəlxalq kontraktor şirkətləri həyata keçirsə də, işçi qüvvəsinin 90 faizini panamalılar təşkil edir.

Həftədə 7 gün, 24 saat fasiləsiz işlə layihənin gerçəkləşdirilməsi planlaşdırldığından daha sürətlə gedir. Kanal Panama kanalının 100 illiyi üçün 2014-cü ilədək hazır olmalıdır. Kanalın açılış mərasiminin də onun özü kimi möhtəşəm olacağı gözlənilir.

XS
SM
MD
LG