Accessibility links

Bloq: Amerikanın birinci xanımlarının Ağ Evdə görüş ənənəsi


ABŞ-ın birinci xanımı Mişel Obama Ağ Evdə prezident seçilmiş Donald Trampın xanımı Melaniya Trampı qəbul edir

ABŞ-ın birinci xanımı Mişel Obama Ağ Evdə prezident seçilmiş Donald Trampın xanımı Melaniya Trampı qəbul edir

Birləşmiş Ştatlarda uzun sürən seçki kampaniyasının başa çatmasından sonra hakimiyyətin dinc keçidi dövrü başlayıb. Bu mərhələdə Ağ Evin ənənələrindən birinə uyğun olaraq Amerikanın birinci xanımı Mişel Obama gələcək birinci xanım Melaniya Trampı Ağ Evdə qəbul edib. Prezident Obama Amerika tarixində ən neqativ seçki kampaniyasından sonra Oval ofisdə yeni seçilmiş prezident Donald Trampla ilk dəfə görüşdüyü kimi, bu, xanımlar arasında da ilk tanışlıq olub. Mişel Obama Melaniya Trampı yanvar ayında inaqurasiyadan sonra birinci ailənin köçəcəyi Ağ Evin prezidentlər və onların ailələri üçün ayrılmış hissəsi ilə tanış edib. Mediada iki xanımın Ağ Evin Sarı zalında qarşı-qarşıya söhbət etdiyi zaman çəkilmiş fotosu açıqlanıb. Donald Tramp Twitter səhifəsində xanımı Melaniyanın birinci ledi Mişel Obamadan “çox xoşu gəldiyini” yazıb.

Ağ Evin xanımların görüşü haqda mediaya verdiyi məlumata görə, Mişel Obama və Melaniya Tramp birlikdə çay içib və uşaqlardan danışıb. Barak və Mişel Obama Ağ Evdə qızları Melaniya və Saşa ilə yaşayırdı. Yanvar ayında Donald və Melaniya Tramp prezident iqamətgahına onların ikisinin yeganə övladı olan Barrenlə köçəcəklər.

Amerikanın birinci ledisinin yeni seçilmiş prezidentin xanımını qəbul etməsi Ağ Evin ənənələrindən biridir. Keçid dövrü prezident seçilmiş namizədin xanımı Ağ Evin işçiləri ilə görüşüb ailənin zövqünə uyğun dekorasiyalar da daxil olmaqla müxtəlif başqa məsələləri onlarla müzakirə edir.

Jaklin Kennedi və Memi Ayzenhauer

Jaklin Kennedi və Memi Ayzenhauer

Adətən xanımların görüşü ictimaiyyət tərəfindən onlar arasında münasibətlər və qadınların stili haqda fikir yürütmək üçün bir əsas kimi götürülür. Müşahidəçilər bu görüşlərin daha çox “siyasi teatr” xarakteri daşıdığını və bir çox hallarda xanımlar arasında hərarətli atmosferin mövcud olmadığını deyir.

Amerikanın birinci xanımları haqda “Birinci xanımlar: Amerikanın müasir birinci xanımlarının gözəlliyi və gücü (“First Women: The Grace and Power of America’s Modern First Ladies”) kitabının müəllifi Keyt Andersen Brouerin yazdığına görə ABŞ-ın keçmiş prezidenti Duayt Eyzenhauerin həyat yoldaşı Memi Eyzenhauer iki həftə əvvəl Qeysər kəsiyi vasitəsilə dünyaya övladını gətirmiş Jaklin Kennediyə Ağ Ev turu zamanı oturacaq belə təklif etməyib. Bir saatdan bir qədər çox sürən Ağ Ev turundan sonra halsız və solğun Jaklin Kennedi özünü avtomobilə güclə çatdıra bilib.

Barbara Buş və Hillari Klinton

Barbara Buş və Hillari Klinton

Keyt Andersen Brouer yazır ki, hakimiyyətdən gedən prezidentin xanımı çox vaxt gələcək prezidentin xanımına soyuq münasibət göstərir. Bunun səbəblərindən biri bəzən hakimiyyətin bir siyasi partiyadan o birinə keçməsi, başqa partiyadan rəqib siyasətçinin hakimiyyətə gəlməsi ilə izah edilir.

Prezident Niksonun istefa verməsindən sonra iki ildən bir az çox müddətdə birinci xanım olmuş Betti Ford və prezident Fordun Karterlərlə yaxın münasibətlərinə baxmayaraq, xanım Ford həyat yoldaşının o zaman Corciya ştatının qubernatoru Cimmi Karterə məğlub olmasından sarsılmışdı. Bu da Rozalin Karterin Ağ Evə gəlişinin iki dəfə təxirə salınmasına öz təsirini göstərmişdi. Məsələyə prezident seçilmiş Cimmi Karterin özü qarışandan sonra Betti Ford nəhayət Rozalin Karteri Ağ Evdə qəbul etmişdi.

1980-ci ildə Karterin seçkilərdə Ronald Reyqana məğlub olmasının həyəcanını yaşayan Rozalin Karter də öz növbəsində Nensi Reyqanı qəbul edəndə onunla soyuq davranmış və hətta birinci ailənin yataq otağını və kabineti göstərməkdən imtina etmişdi. Həmin dövrdə enerji böhranına görə Ağ Evdə otaqların temperaturu 18 dərəcədən yuxarı qaldırılmırdı. Öz xatirələrində Nensi Reyqan Rozalin Karterin “soyuq davranışının otaqların soyuq temperaturuna uyğun” olduğunu yazmışdı.

Lora Buş və Mişel Obama

Lora Buş və Mişel Obama

Lakin hətta eyni komandada belə xanımlar arasında münasibətlər yaxın olmaya bilər. Keyt Andersen Brouerin kitabında qeyd etdiyi kimi, keçmiş prezident Reyqanın hakimiyyəti dövrü onun xanımı Nensi Reyqan və o zaman vitse-prezident Corc Buşun xanımı Barbara Buş arasında münasibətlər də olduqca soyuq olub. Hətta Reyqanın səkkiz illik hakimiyyəti dövründə Barbara Buşun Ağ Evdə demək olar ki olmadığı deyilir. Bunun nəticəsi olaraq Corc Buş prezident seçiləndə onun xanımı Ağ Evə dəvəti iqamətgaha köçməyə yalnız doqquz gün qalmış alıb.

ABŞ-ın birinci xanımları Mişel Obama, Lora Buş, Hillari Klinton, Barbara Buş və Rozalin Karter

ABŞ-ın birinci xanımları Mişel Obama, Lora Buş, Hillari Klinton, Barbara Buş və Rozalin Karter

2000-ci ildə seçkinin nəticələri bir aydan bir az artıq müddətdən sonra açıqlanmış və hakimiyyətə gələcək prezident Corc Buşun xanımı Lora Buşun o zaman birinci xanım Hillari Klintonla görüşü Milad bayramından öncəyə təsadüf etmişdi. Xanımların görüşü Klintonların qızı Çelsinin müşayiəti ilə keçmişdi. Lora Buş Corc Buş atanın prezidentliyi dövrü artıq Ağ Evin quruluşu ilə kifayət qədər tanış idi. Hillari Klinton Lora Buşla söhbətində səkkiz il öncə onun birinci xanım olan Barbara Buşla görüşünü xatırlayaraq demişdi: “Sizin qayınananız burada dayanıb mənə o pəncərəni göstərib söyləmişdi ki, buradan Qızılgül bağçası və Oval ofisi görünür.”

ABŞ-ın keçmiş prezidentləri Corc Buş, Bill Klinton, CErald Ford və Cimmi Karter və birinci xanımlar Barbara Buş, Ledi Börd Conson, Hillari Klinton, Betti Ford və Rozalin Karter

ABŞ-ın keçmiş prezidentləri Corc Buş, Bill Klinton, CErald Ford və Cimmi Karter və birinci xanımlar Barbara Buş, Ledi Börd Conson, Hillari Klinton, Betti Ford və Rozalin Karter

Səkkiz ildən sonra isə Lora Buş Ağ Ev turuna gələn Mişel Obamaya həmin yeri göstərmişdi.

Birinci xanımlar arasında münasibətlərin xarakterindən asılı olmayaraq onların hər biri Ağ Evə özləri ilə xüsusi ab-hava gətirir. Keçmiş prezident Cimmi Karterin xanımı Rozalin Karterin dediyi kimi, “birinci xanımlar arasında münasibətlər “bacılıq münasibətləri olmasa da onların hamısını birləşdirən ümumi bir cəhət var.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG