Accessibility links

Güneyli qadın fəalların “Biz Feministlər” adlı veb səhifəsi, eləcə də Facebook və Instagram kimi sosial şəbəkələrdə yürütdükləri onlayn kampaniya İran Azərbaycanında qadınların üzləşdiyi çətinliklər həmçinin müxtəlif sahələrdə fəaliyyət göstərən qadınlar haqqında xəbərləri gündəmə gətirir. Layihənin əməkdaşlarından olan Türkmən Gəmiçi Amerikanın Səsi ilə söhbətdə “Biz Feministlər”-in hədəfləri və fəaliyyətlərini şərh edib.

Türkmən Gəmiçi

Türkmən Gəmiçi

Türkmən Gəmiçinin dediklərinə görə, “Biz Feministlər 8 mart dünya qadınlar günündə bir sayt və Facebook səhifəsi olaraq fəaliyyətə başlayıb. Fəaliyyətlər hazırda əlavə olaraq Twitter, Instagram və Telegram kimi şəbəkələrdə davam edir və hazırda onlayn şəkildədir.”

“Azərbaycanda qadınların durumunu əks etdirməyə, onların rol aldığı fəaliyyətləri gündəmə gətirməyə çalışırıq... Misal üçün, qadın sənətçilərimizi, müasir tariximizdə olan qadın fəalları tanıtdırmağa çalışırıq. Müsahibələr edirik, qadınların uğurunu gündəmə gətiririk. Özəl bir sahədə məhdud etməmişik fəaliyyətləri..,” deyə urmiyəli fəal açıqlayır.

Türkmən Gəmiçi göstərilən səylər nəticəsində fəallar arasında bir mükalimə yarandığını ifadə edir.

“Biz Feministlər” kampaniyasının dilinin türkcə olduğu və buna görə də güneydə baş verən olaylar ilə bağlı Türkiyə və Azərbaycan Respublikası vətəndaşlarını məlumatlandırdığını söyləyən qadın haqları fəalı xüsusilə ötən noyabr ayında keçirilən kütləvi etirazlarda qadınların geniş iştirakının diqqətləri cəlb etdiyini önə çəkir.

Azərbaycanda qadınların durumunu əks etdirməyə, onların rol aldığı fəaliyyətləri gündəmə gətirməyə çalışırıq... Misal üçün, qadın sənətçilərimizi, müasir tariximizdə olan qadın fəalları tanıtdırmağa çalışırıq. Müsahibələr edirik, qadınların uğurunu gündəmə gətiririk.

Gəmiçi kampaniyanın üzləşdiyi tənqidlərə də işarə edir:

“Ümumi sahədə qadınların bərabər haqlarından danışan liberal feminizmə maraq göstərirlər, amma həm ümumi həm xüsusi sahələrdə bərabər haqlardan danışan radikal feminizmə yox,” deyə o, müşahidə edir

Güneyli fəal həmçinin toplumun mühafizəkar olduğu üçün bir çox məsələni gündəmə çıxara bilmədiklərini bildirir.

“Misal üçün, səhifədə bakirəlik testi ilə bağlı düşüncələri almaq istədik... Amma, yaxşı alınmadı. Toplum mühafizəkardır və bəzi məsələləri gündəmə gətirə bilməmişik,” deyə Gəmiçi bildirir.

Qadın haqları fəalı kampaniyanın dilinin türkcə olması və əməkdaşlıq edənlərin sayının azlığını nəzərə alaraq hazırda fəaliyyətlərin ümumiyyətlə türk qadınlarla əlaqədar olduğunu, ancaq türk olmayan azərbaycanlı qadınların da əməkdaşlığını müsbət qarşılayacaqlarını qeyd edib.

XS
SM
MD
LG