Accessibility links

Zbiqnev Bjezinski: Rusiya üçün Ukraynada Finlandiya modeli əlverişlidir


Zbiqnev Bjezinski

Zbiqnev Bjezinski

ABŞ-ın görkəmli siyasi və dövlət xadimi Zbiqnev Bjezinskinin fikrincə, Ukraynada qarışıqlığın artdığı və Rusiyanın müdaxiləsi təhlükəsinin mövcud olduğu bir şəraitdə Qərbin konstruktiv nəticənin əldə edilməsi üçün məsuliyyət daşıdığı indi tamamilə aydındır.

Zbiqnev Bjezinski Ukrayna hadisələri və beynəlxalq ictimaiyyətin ata biləcəyi addımları Financial Times qəzetində yazdığı məqalədə şərh edib. “Yanukoviç özünü yalançı intriqan, qorxaq və oğru kimi göstərdi. Onun yoxsullaşmış ölkədə dəbdəbəli sarayı bunun bariz nümunəsidir. Rusiya prezidenti Yanukoviçi dəstəkləməklə böyük səhvə yol verə bilər”, deyə o qeyd edib.

Zbiqnev Bjezinski yazıb ki, Rusiya Ukraynanı dağıdıcı və beynəlxalq vəziyyət üçün təhlükəli bir müharibəyə sürükləyə bilər. “Rusiya Krım və ölkənin şərqində başqa sənaye bölgələrinin ayrılmasına təşviq edib, bunu dəstəkləyə bilər. Cənab Putin belə bir təcavüzün Moskva tərəfindən qızışdırılmış vətəndaş müharibəsinin qısa müddətli nəticələrindən asılı olmayaraq, ukraynalıların böyük hissəsinin Rusiyaya qarşı nifrət hissini gücləndirəcəyi faktını qəbul etməyə bilər. Bu isə onun Rusiyanın başçılığı ilə Avrasiya Birliyinə rəhbərlik etmək arzusunun hədə-qorxu və zorakılığa əsaslanan bir təşəbbüs kimi qəbul edilməsi ilə nəticələnə bilər. Keçmiş Sovet İttifaqının suveren komponentləri üçün isə bu, o qədər də cəlbedici görünməyə bilər”, deyə Zbiqnev Bjezinski məqalədə qeyd edib.

Onun sözlərinə görə Ukraynadakı proses Mərkəzi Asiyada, xüsusilə də Qazaxıstan və Özbəkistanda Moskvanın bu ölkələrin suverenliyinin məhdudlaşdırılması səylərinə müqavimətin artmasına gətirib çıxaracaq. “Bu ölkələrdə getdikcə güclənən milli siyasi elita və iş adamları cənab Putinin Avrasiya Birliyi adlandırdığı Rusiya imperasiyasının yenidən bir hissəsi olmaq istəmir. Qərb isə Rusiyanın Ukraynada təhrik etdiyi zorakılqıların qızışmasına yol verməməlidir. ABŞ və Avropa İttifaqı birgə fəaliyyət göstərməlidir. ABŞ cənab Putinə müstəqil və ərazi bütövlüyü toxunulmayan Ukraynanın Rusiyaya münasibətdə Finlandiya ilə oxşar şəkildə Rusiya və Avropa İttifaqı ilə geniş iqtisadi münasibətlərə malik, bir-birinə hörmət edən, Moskvanın ona qarşı hesab etdiyi hərbi alyanslara qoşulmayan qonşular kimi siyasət yeritməsi üçün öz nüfuzundan istifadə edəcəyini açıq bildirməlidir”, deyə o bildirib.

Zbiqnev Bjezinskinin sözlərinə görə Finlandiya modeli həm Ukrayna, həm Avropa İtitfaqı, həm də Rusiya üçün belə görünür ideal bir variant ola bilər. O yazıb ki, ABŞ eyni zamanda özəl şəkildə Kremlə bildirməlidir ki, Ukraynada qeyri-sabitlik yaratmaq, ölkənin parçalanmasına çalışmaq və ya daxili münaqişələrdə açıq, yaxud gizli şəkildə iştirak etmək səyləri Vaşinqtonu Moskva üçün iqtisadi baxımdan baha başa gələcək addımlar atmağa sövq edə bilər. Bu addımlar onun sözləriən əsasən, birtərəfli qaydada, ya da bir sıra ölkələr tərəfindən iqtisadi sanksiyaların tətbiq edilməsi, Rusiyanın Ümumdünya Ticarət Təşkilatı, Dünya Bankı və Böyük Səkkizlər qrupunda statusunun yenidən nəzərdən keçirilməsi ola bilər.

ABŞ siyasətçisi məqalədə qeyd edib ki, ən vacib məsələ Avropa İttifaqının Ukrayna üçün təcili maliyyə paketini hazırlamasından ibarətdir. Bjezinski Avropa İttifaqında Almaniya və Britaniyanın aparıcı rol oynamalı və Ukraynada iqtisadi fəlakətin baş verməməsi üçün ittifaqın hər bir ölkəsinin müəyyən töhfə verməli olduğunu yazıb.

Onun sözlərinə görə, avropalılar və xüsusilə də Britaniya üçün Ukraynada geniş yayılmış korrupsiyadan əsas fayda götürən 10 oliqarxın hər birini ölkənin maliyyə baxımından reabilitasiyası məqsədilə 1 milyard dollar verməyə razı salmaq daha asan olardı. “Cənab Yanukoviçin diş həkimi olan çox zəngin oğlu özü 10 milyard dollar verə bilər. Ukrayna cəmiyyəti bu addımı alqışlayardı”, deyə o qeyd edib.

Zbiqnev Bjezinski ABŞ və Avropa İtifaqının Rusiya ilə konstruktiv əməkdaşlıq quraraq, Kiyevdə üstünlük təşkil edən demokratik qüvvələrin qisas almaq deyil, milli birlik və siyasi mötədillik yolunu seçməsi üçün təzyiq göstərməli olduğu bildirib. O bunun Maydandakı liderlərin mötədil qüvvələri təmsil etdiyinə görə mümkün olduğunu qeyd edib. “Yaxın gələcəkdə baş verənlərdən asılı olmayaraq, mən inanıram ki, Ukrayna əvəl-axır demokratik Avropanın bir hissəsi olacaq. Rusiya da özünü təcrid etmək və köhnədən qalma imperialist dövlət olmaq istəmirsə, onun ardınca gedəcək”, deyə Zbiqnev Bjezinski fikrini tamamlayıb.
XS
SM
MD
LG