Accessibility links

Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (BJMK) həbsdə olan jurnalistlərin siyahısını dərc edib. 2014-cü ildə BJMK araşdırmalar yolu ilə müəyyən edib ki, dünyanın müxtəlif ölkələrində həbsxanalarda ümumilikdə 220 jurnalist var. Bu 2013-cü ildə olduğundan 9 nəfər çoxdur.

Bu, BJMK-nin 1990-cı ildən başlayaraq indiyədək qeydə aldığı ən pis göstəricidir. Hesabat Çin, Efiopiya, Birma və Misirdə avtoritar rejimlərin fəallaşdığını göstərir.

10 ən böyük jurnalist həbsxanasının olduğu ölkələr sırasında Eritreya, Efiopiya, Vyetnam, Suriya, Misir, Birma, Azərbaycan və Türkiyə yer alıb.

Dövlət əleyhinə fəaliyyətdə ittihamlar, “fırlanan qapı” siyasəti – bəzi jurnalistlərin, bloger, redaktor və fotomüxbirlərin azadlığa buraxılaraq, digərlərinin həbsə alınması həmin ölkələrin “məhbus jurnalistlər” reputasiyasını təmin edib.

Bütün dünya üzrə jurnalistlərin ən çox həbsi - üçdə bir hissənin həbsə alınması Çin və İranın payına düşür. Bu, yeni liderlərin həmin ölkələrdə guya liberal islahatlar apara bilməsi barədə spekulyasiyaları təkzib edir.

Çin həbsxanalarındakı jurnalistlərin sayının bu il 32-dən 44-ə qalxması ÇXR rəhbəri Si Tszinpinin təkcə KİV-ə deyil, hökumətin xəttini qəbul etməyə məcbur etmək üçün hüquqşünaslar, dissidentlər və alimlərə də təzyiq etdiyini göstərir.

İran prezidenti Həsən Ruhaninin administrasiyası jurnalistlərə qarşı repressiv metodlara əl atır. Bu il ölkə türmələrində 30 jurnalist saxlanılır (2013-cü ildə bu rəqəm 35, 2012-ci ildə rekorda sayda – 45 olub).

Məhbus jurnalistlər siyahısına dövlət həbsxanalarında saxlanılan jurnalistlər daxil edilib. Bura hökumət qruplaşmaları tərəfindən saxlanılan jurnalistlər daxil edilməyib.

Məsələn, Suriyada itkin düşən təxminən 20 jurnalist çox güman ki, İŞİD qruplaşmasının əsirliyindədir.

2012-2013-cü illərdə həbsdə olan jurnalistlərin sayına görə lider olan Türkiyə onların çoxunu azad edərək sayını 7-dək azaldıb.

Lakin dekabrın 14-də hakimiyyət KİV işçilərini dövlət əleyhinə fəaliyyətdə ittiham edərək həbsə alıb.

Azərbaycanda hakimiyyət doqquz jurnalisti həbsdə saxlayır. Bu, ötən il olduğundan bir nəfər çoxdur. Repressiya dövründə rəsmi KİV-in məlumatlarına alternativ informasiyanı ictimaiyyətə çatdırmağa cəhd etmək üçün sosial şəbəkələrdən istifadəyə başlayan bəzi fəalların “ənənəvi” KİV-nə qarşı repressiyalara başlanılıb.

Facebook-da insan hüquqlarının pozulması haqda xəbərlər və şərhlərin, korrupsiya faktları haqda açıqlamaların yerləşdirildiyi səhifənin yaradılmasına görə bu il həbs olunan minimum dörd fəal BJMK-nin siyahısına düşməyib.

Hazırda dünya üzrə həbsxanalarda 220 jurnalist var. BJMK-nin məlumatına görə, 2013-cü ildə onların sayı 211 nəfər olub.

Dünya miqyasında 132 jurnalist (60%) dövlət əleyhinə fəaliyyətdə ittiham olunaraq həbs edilib. Bu, digər ittihamlar (diffamasiya və ya təhqir) üzrə həbsdə olanlardan xeyli çoxdur.

Dünyanın müxtəlif ölkələrində 45 jurnalist (20%) hər hansı ittiham irəli sürülmədən həbsdədir.

Həbsdə olanlarınyarıdan çoxu (119) elektron KİV, 83-ü çap, 15-i radio, 14-ü televiziya əməkdaşıdır.

BJMK jurnalist terminini KİV-də xəbərləri işıqlandıran və ya ictimai hadisələri şərh edən şəxslərə aid edir. Bura elektron KİV-də daxildir.

BJMK hesab edir ki, jurnalistlər öz işinə görə həbs olunmamalıdır. Son ildə BJMK-nin fəaliyyəti dünyanın müxtəlif ölkələrində minimum 14 jurnalistin vaxtından əvvəl azad edilməsinə gətirib çıxarıb.

BJMK-nın siyahısı 2014-cü il dekabrın 1-nə olan vəziyyəti qeydə alır. Bura il ərzində həbsə düşən bir çox jurnalistə dair məlumatları əhatə etmir. Daha ətraflı məlumatıwww.cpj.org saytında əldə etmək olar.

Təşkilat jurnalistn azadlığa çıxıb – çıxmadığını, cəza yerində vəfat edib-etmədiyini müəyyən edənə qədər onların adları siyahıda qalır.

Turan agentliyinin məlumatına görə, 2014-cü il dekabrın 17-dək Azərbaycanda 10 jurnalist və 6 bloger ya istintaq altındadır, ya da cəza çəkir. Yerli hüquq müdafiəçiləri 9 jurnalist və 2 blogerin olduğunu göstərirlər. Fərq ondadır ki, agentlik siyasi partiya mənsubiyyətindən asılı olmayaraq bütün İnternet fəallarını bloger kimi tanıyır. Hüquq müdafəçiləri isə müxalifət partiyalarının fəallarını bloger hesab etmirlər.

Qeyd edək ki, cəza çəkən 16 jurnalist və blogerin heç biri diffamasiya ilə bağlı maddələr üzrə mühakimə olunmayıb. Onlara qarşı digər qanun pozuntuları (narkotik maddə, xuluqanlıq və s.) üzrə ittiham irəli sürülüb.

XS
SM
MD
LG