Accessibility links

ABŞ rəsmisi: Qırğızistanda vəziyyəti yaxından izləyirik


ABŞ rəsmisi: Qırğızistanda vəziyyəti yaxından izləyirik

ABŞ rəsmisi: Qırğızistanda vəziyyəti yaxından izləyirik

ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya regionları üzrə yardımçısı Robert Bleyk Qırğızistana səfəri zamanı müvəqqəti hökumətin prezidenti kimi inaqurasiya olmuş Roza Otunbayeva ilə görüşdüyünü deyərək, onun ölkədə barışıq yaratmaq işinə sadiq olduğunu bildirib

Qırğızıstanda keçən ay qırğızlar və özbəklər arasında baş vermiş zorakılıqlarla bağlı beynəlxalq təhqiqatın aparılması çağırışları hələ də səslənməkdədir. ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya regionları üzrə yardımçısı Robert Bleyk bu yaxınlarda Qırğızıstana səfər edib ölkə rəsmilərilə görüşüb. Robert Bleyk Amerikanın səsinə verdiyi müsahibədə ölkədə vəziyyəti və ABŞ-ın Qırığızıstanda demokratiyanın bərqərar olması səylərini şərh edib.

ABŞ Dövlət katibinin Cənubi və Mərkəzi Asiya regionları üzrə yardımçısı Robert Bleyk müvəqqəti hökumətin prezidenti kimi inaqurasiya olmuş Roza Otunbayeva ilə görüşdüyünü deyərək, onun ölkədə barışıq yaratmaq işinə sadiq olduğunu bildirir.

“Birləşmiş Ştatlar onun prezidentlik səviyyəsinə yüksəlməsinə dəstək bildirir. Mənim onunla bir sıra görüşlərim olub və fikrimcə o bizim nail olmağa çalışdığımız ən birincisi, demokratiya, oktyabr ayında partlament seçkiləri vasitəsilə demokratiyanın bərpası işinə sadiqdir. Mən düşünürəm ki, o, barışıq yaratmaq, ölkəni bərpa etmək və yerlərindən didərgin düşmüş insanlara humanitar yardım göstərmək istəyir. Təhqiqatla bağlı komissiyanın yaradılmasına gəldikdə, bunun ətrafında müzakirələr gedir və biz onlara imkan verməliyik.”

Birləşmiş Ştatların komissiyanın yaradılması məsələsində mövqeyini şərh edən Robert Bleyk deyir ki, Qırğızıstan hökumətinin işi necə həll etmək istədiyini öyrənmək lazımdır.

“Ölkənin özündə tapılmış həll yolu həmişə daha yaxşıdır. Xüsusilə də beynəlxalq ictimaiyyətin etibar etdiyi bir həll yolu. Mənə elə gəlir ki, biz xanım Otunbayevaya öz fikirlərini, hökumətin fikirlərini bildirmək üçün imkan verməliyik.”

Birləşmiş Ştatlar Qırğızıstanda vəziyyətin normallaşması üçün beynəlxalq ictimaiyyətlə, xüsusilə də Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi. Müşahidəçiləri fikrincə, bu, ABŞ-ın məsələnin həllini müəyyən mənada Rusiyaya həvalə etdiyi kimi təsəvvürün yaranmasına gətirib çıxarmışdır. Robert Bleyk bildirir ki, ABŞ vəziyyətlə yaxından tanış olmuşdur.

Mən özüm son ay dəfələrlə oraya səfər etmişəm. Dövlət katibi, prezidentin özü Qırğızıstanda vəziyyəti yaxından izləyir. Biz Qırğızıstana ən böyük yardım göstərən donorlardan biriyik. Biz beynəlxalq səviyyədə məsuliyyət göstərilməsi, barışıq yaradılması və məcburi köçkünlərə yardım edilməsi üçün açıq çağırışlar etmişik. Biz kifayət qədər rol oynamışıq və səyləri Rusiya və ATƏT-də prezidentlik edən Qazaxıstan, habelə Avropa Birliyi və ATƏT kimi mühüm təşkilatlarla uyğunlaşdıracayıq. “

Robert Bleyk Qırğızıstanda demokratiyanın bərqərar olacağına nikbinliklə baxdığını deyir və bunun üçün potensialın olduğuna inanır.

“Onlar bu yaxınlarda yeni konstitusiya ilə bağlı referendum keçirdilər və yeni konstitusiya təsdiq edildi. Oktyabr ayında yeni parlament seçiləcək və parlament ölkənin baş nazirini seçəcək. Bu, nəinki Qırğızıstanın tarixində, elə bütün Mərkəzi Asiyada olduqca mühüm bir məqamdır. Birləşmiş Ştatlar yeni hökumətə demokratiyanın kök sala bilməsi üçün seçkilərin ATƏT standartlarına uyğun olaraq keçirilməsində yardım etmək işinə sadiqdir.

ABŞ rəsmisi ölkəsinin Qırğızistana yardıma və bu ölkə rəsmiləri ilə yaxın əməkdaşlığa davam edəcəyini bildirib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG