Accessibility links

Bloq: Rüstəm Cəbrayılov: Bir azərbaycanlı kimi çəkildiyim reklamın Tayms meydanında nümayişi mənim üçün böyük fəxrdir


Azərbaycanlı modelin çəkildiyi fotolar və reklamlar müxtəlif moda jurnallarında yerləşdirilib

Azərbaycanlı model Rüstəm Cəbrayılovun çəkildiyi reklam Nyu-Yorkun məşhur Tayms meydanında bilbordda yerləşdirilib.
Nyu-Yorkda yaşayan Rüstəm Cəbrayılov artıq bir neçə illdir professional model kimi dünyanın məşhur dizaynerləri ilə işləyir. Rüstəm Cəbrayılovun Amerikanın səsinə müsahibəsini təqdim edirik.






Dilşad Əliyarlı: Rüstəm bəy, reklamınızın Tayms meydanında yerləşdirilməsi münasibətilə sizi təbrik edirik. Siz belə populyar bir yerdə reklamı göstərilən ilk azərbaycanlısınız. Reklamı görmüsünüzmü?

Rüstəm Cəbrayılov: Xeyr, hələ görməmişəm. Bu gün məşqdən sonra gedib baxacam. Mənim başqa reklamım da var. “Century 21” şirkəti üçün. Bu, böyük şirkətdir, dünyada çox mağazaları var. Bu reklamda çəkildiym şəkilləri avtobusların üzərinə yerləşdiriblər. Mağazalarda da yerləşdiriblər. Şəkil jurnallarda da çıxıb. Onun Vogue jurnalında çıxmasını gözləyirəm.

Dilşad Əliyarlı: Times meydanındakı reklamda siz Lenox şirkəti üçün reklamda da çəkilmisiniz. Çəkiliş üçün dəvəti necə aldınız?

Rüstəm Cəbrayılov: Lenox şirkəti çini qablar istehsal edir, dünyanın hər yerində onun filialları var. Çəkiliş deyəndə, burada hər hansı bir iş üçün dəvət alanda əvvəl ilk növbədə seçim (casting) olur. Bu seçimdə yüzlərlə model iştirak edir. Bu modellər arasında bəyəndiklərini seçirlər. Bu reklamda mən tək olmamışam. Amma əsas rolda çıxış etmişəm. Çəkiliş yeddi modellə aparılırdı. Mən onlar arasında həm ən çox qonarar alan, həm də vaxt etibarilə çəkilişdə ən uzun müddət iştirak edən model olmuşam.

Dilşad Əliyarlı: Rüstəm bəy, neçə modelin arasından seçildiniz?

Rüstəm Cəbrayılov: Tam rəqəmi deyə bilmirəm. Amma mən gedəndə siyahıda 60-cı yerlərdə idim. Çünki bir gündə bir seçim olmur. Bir neçə dəfə seçimlər keçirilir. Mən bu reklamda üç ay bundan əvvəl çəkilmişdim. Həmin ay mənim üçün çox uğurlu bir ay oldu. Səkkiz layihə üzərində işləmişəm, bunların dördü böyük şirkətlərlə olub. Modellərin sayı isə olduqca çoxdur.

Dilşad Əliyarlı: Tayms meydanında reklamla yanaşı, siz həm də Amerikanın ən məşhur univermaq şəbəkələrindən biri olan Century 21 univermaqının kataloqunda çəkilmisiniz. Bu reklamlar özünüzün qeyd etdiyi kimi, Nyu-Yorkdakı avtobusların üzərində yerləşdirilib. Bu çəkilişlər haqda bir qədər məlumat verə bilərdinizmi?

Rüstəm Cəbrayılov:Century 21 şirkəti ilə çalışmaq bir çox modelin arzusudur. Mən orada çəkildim və indi mənim şəkillərim jurnalların demək olar ki 70 faizində dərc olunacaq. Yəqin elə Tayms meydanına da çıxarılacaq. Bu, hər bir modelin arzusudur. Çünki modellər istəyir ki, onların gördüyü iş insanlar tərəfindən bəyənilsin. Mən Century 21 şirkəti üçün çəkildikdən sonra indi bu fotolarla başqa seçimlərə gedə biləcəm. Bu, mənim gələcək işlərimə təsir göstərir. Burada da seçimlər olur. Sonra çəkiliş üçün dəvət olur. Bu, uzun bir prosesdir. Bu lahiyə üçün üç ay bundan əvvəl çəkilmişəm. Hər dəfə birgə işləyəndən sonra məndən razılıqlarını bildirirlər, təşəkkür edirlər.

Dilşad Əliyarlı: Bir model kimi iş təcrübəniz haqda nə deyə bilərsiniz. İşlədiyiniz adamlarla münasibətlərin necədir? Bu münasibətlər necə qurulur?

Rüstəm Cəbrayılov: Əvvəllər Giorgio Armani kimi dizaynerin kolleksiyaları üçün çəkilmiş bir modeli görəndə ona böyük şansı olan bir adam kimi baxırdın. Amma indi hər gün seçimlərə və çəkilişlərə gedirəm və həmin adamı artıq tanıyıram. İndi bir yerdə seçimlərə gedirik, ya da mənim artıq dostumdur. Elə olur ki, divar boyu yerləşdirilmiş böyük bir reklam görürəm, tanıyıram o modeli, mənim dostumdur, zəng edib onu reklamda gördüyümü deyirəm. Hər şey sadələşir. Tayms meydanında bilbord, ya da televiziyada reklam mənim üçün birinci dəfə olduğu üçün qeyri-adi görünür. Amma bir müddətdən sonra bunlar adiləşəcək. Mən Azərbaycanda uzun müddət çalışmışam. Reklamlarda, TV-də olmuşam. Indi burada bilbordlarda şəkillərim var. Bu, çox fərəhvericidir. Tayms meydanına 3-4 milyon insan gəlir. Bir azərbaycanlı kimi mənim üçün bu, böyük fəxrdir.

Dilşad Əliyarlı: Maykl Bastianın kolleksiyalarının nümayişi ilə yanaşı, məşhur amerikalı dizayner Kelvin Klaynın kolleksiyasının nümayiş etdirildiyi videoda çəkilmisiniz. Daha hansı dizaynerlərlə işləməyi planlaşdırırsınız? Bir də ən çox sevdiyiniz dizayner kimdir? Hansı dizaynerin geyimlərini nümayiş etdirmək istərdiniz?

Rüstəm Cəbrayılov: Mən iki dizaynerlə çox işləmək istərdim. Biri Ermenegildo Zegna, biri də Dior. Bu iki dizayner, bir də Tommi Hilfiger brendi ilə çalışmaq istəyirəm. Əgər bu şirkətlərlə çalışsam, mənə daha çox plyus olar. Çünki onların həm geniş reklamları var, həm nümayiş etdirdikləri fotolar mənim iş üslubuma uyğundur, bir də ki geyimlər çox xoşdur. Maykl Bastianın geyimlərinə söz ola bilməz. Onları nümayiş etdirmək fəxrdir. Amma bu brendlərlə də işləmək istəyərdim.

Dilşad Əliyarlı: Kişilərə geyimdə nə məsləhət görərdiniz? Model kimi həm eleqant, həm səliqəli, həm də modern görünmək üçün hansı geyimləri məsləhət görə bilərdiniz.

Rüstəm Cəbrayılov: Mən özümdən deyə bilərəm. Nyu-Yorkda yaşayıram, burada kim necə istəyir, kimə necə rahatdırsa elə də geyinir. Mən geyimin rahat olmasını xoşlayıram. Geyimin fərqi yoxdur mənim üçün, əgər rahatdırsa mən bu geyimdə şəhərə də çıxa bilərəm.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG