Accessibility links

Bloger Emin Milli: Ədalətsizlik işıqlandırılmayanda, göz yumulanda cəmiyyət nəyisə öyrənə bilmir


Bloger Emin Milli: Ədalətsizlik işıqlandırılmayanda, göz yumulanda cəmiyyət nəyisə öyrənə bilmir

Bloger Emin Milli: Ədalətsizlik işıqlandırılmayanda, göz yumulanda cəmiyyət nəyisə öyrənə bilmir

Bloger həbsxanada yüzlərlə kitab oxuyub. O bəraət alacağına inanır. Artıq işləri Avropa İnsan Hüquqları məhkəməsindədir

Bloger Emin Milli bu gün həbsdən azadlığa buraxılıb. O “Amerikanın səsi” radiosuna müsahibəsində həbsxana həyatından danışıb, bəraət almaq uğrunda fəaliyyətini davam etdirəcəyini, blogerliklə məşğul olacağını bildirib. O hüquqlarını müdafiə edən insanlara təşəkkür edib.

Sual: Özünüzü necə hiss edirsiniz?

Cavab: Özümü yaxşı hiss edirəm, səhhətim normaldır. Amma, bir az yorulmuşam.

Sual: Həbsxana həyatınız necə keçdi?

Cavab: Həbsxana həyatım maraqlı oldu. Çoxsaylı kitablar oxudum, maraqlı insanlarla tanış oldum.

Sual: Hansı kitabları oxudunuz?

Cavab: Çoxlu sayda kitablar oxudum. Dünya ədəbiyyatının nümunələrindən tutmuş, tarix, fəlsəfə, inkişafadək sahələri əhatə edən kitabları mütaliə etdim. Dostoyevski, Frederik Beqbeder, Cefri Saş və başqa ədiblərin əsərlərini oxudum. Ümumilikdə həbsxanada bir neçə yüz kitab oxumuşam.

Sual: Həbsxananın maraqlı adamları kimlər idi. Siz onlarla görüşdüyünüzü dediniz?

Cavab: Orada idmançılardan tutmuş narkomanlaradək müxtəlif fərqli insanlar var idi. Hər bir insan barəsində bir kitab yazmaq olar.

Sual: Həbsxanada Sizinlə rəftar necə idi?

Cavab: Çox yaxşı idi. Korrekt idi. Həbsxanada hər hansı problemlə rastlaşmadım.

Sual: Həm dustaqların, həm də həbsxana heyətinin münasibəti yaxşı idi?

Cavab: Bəli, bəli.

Sual: Blogerlik fəaliyyətini davam etdirəcəksinizmi?

Cavab: Blogerlik elə bir fəaliyyətdir ki, fəhlə də fəhləliyini edə-edə bloger olur, hansısa prezident də prezidentlik edə-edə bloger olur. Mən də hansı fəaliyyətlə məşğul olsam da fikirlərimi yazacam, blogerlik fəaliyyətimi davam etdirəcəm.

Sual: Beynəlxalq və yerli demokratik ictimaiyyətin Sizin müdafiənizlə bağlı fəaliyyətini necə qiymətləndirirsiniz?

Cavab: Söz də tapa bilmirəm ki, təşəkkürümü bildirim. Bu bir ədalətsizlik idi və bu ədalətsizliyi çox yüksək səviyyədə Siz jurnalistlər işıqlandırdınız. Doğrudan da çox böyük minnətdarlıq hissi keçirirəm. Buna görə hər bir jurnalistə, əməyi olan bütün insanlara təşəkkürümü bildirirəm.

Sual: Amerika prezidenti də daxil olmaqla dünyanın çoxsaylı nüfuzlu şəxsləri, hüquq-müdafiə təşkilatları Sizin həbsdən azad edilməyinizi qaldırıb.

Cavab: Bu ədalətsizliyə münasibət idi. Dünyada çoxlu ədalətsizliklər baş verir. Sadəcə Adnan ilə mənim bəxtim gətirdi ki, diqqət daha çox oldu. Mənə elə gəlir ki, hər bir ədalətsizliyə qarşı diqqət çox olmalıdır. Ədalətsizliklər işıqlandırılanda cəmiyyətdə inkişaf da olur. Ədalətsizlik işıqlandırılmayanda, göz yumulanda cəmiyyət nəyisə öyrənə bilmir. Ümid edirəm ki, bizim həbsimiz və hüquqlarımızın müdafiəsinin Azərbaycanda insan haqlarının müdafiəsi sahəsində inkişafa köməyi olacaq.

Sual: Siyasi fəaliyyətlə məşğul olmaq istəyirsiniz?

Cavab: Mən özümü siyasətçi hesab etmirəm. Siyasi karyera qurmaq planlarım yox idi, indi də yoxdur.

Sual: Bəraət almaqla bağlı fəaliyyətinizi davam etdirəcəksiniz?

Cavab: Azərbaycan hüquq sistemində bütün instansiyaları keçmişik. Hazırda işimiz Avropa İnsan Hüquqları Məhkəməsindədir. Mənə elə gəlir ki, Avropa Məhkəməsi öz qərarını verəcək.

XS
SM
MD
LG