Accessibility links

Martın 15-də Bakı Apellyasiya Məhkəməsi həbsdə olan bloger Mehman Hüseynovun şikayətini təmin etməyib. Şikayət blogerin həbsindən öncə ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Vəkil Elçin Sadıqov qadağanın qanunsuz olduğunu, M.Hüseynovun hərəkət azadlığının pozulduğunu bildirib.

“Belə qadağaların tətbiq olunması üçün mütləq legitim əsas olmalıdır. M.Hüseynov heç bir cinayət törətməyib, daim blogerlik fəaliyyəti ilə məşğul olub. Ona tətbiq edilən qadağa bilavasitə peşəsi ilə bağlı olub ki, bu da legitim əsas deyil”, vəkil bildirib.

Qapalı keçirilən məhkəmə prosesində hazırda Şüvəlandakı 3 saylı təcridxanda cəza çəkən M.Hüseynov da iştirak edib. Məhkəmədəki çıxışında bloger ona qoyulan qadağanın qanunsuz olduğunu bildirib.

Məhkəmə heyəti apellyasiya şikayətini təmin etməyib, vəkil isə Avropa Məhkəməsinə şikayət edəcəklərini bildirib.

M.Hüseynov 2014-cü il noyabrın 10-da ATƏT-in beynəlxalq tədbirində iştirak etmək üçün Gürcüstana yola düşərkən Bakı hava limanında saxlanılıb. Polisə, daha sonra Baş Prokurorluğa aparılan bloger dindirildikdən sonra sərbəst buraxılıb. Ona bildiriblər ki, ölkədən çıxışına yasaq qoyulub. Həmin vaxt o, yasağın qaldırılması üçün məhkəməyə müraciət edib. Səbayel rayon Məhkəməsi müraciəti rədd edib.

M.Hüseynov bu il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanılıb. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloger bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılıb. Nəsimi Rayon Məhkəməsinin qərarında blogerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapıb.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirib. Ancaq Daxili İşlər Nazirliyi blogerin polisdə işgəncəyə məruz qalması ilə bağlı dediklərini inkar edib. Ardınca da Nəsimi Rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında blogerdən şikayət edib.

Şikayətdə Mehman Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilib.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG