Accessibility links

1781-ci il, oktyabrın 19-da “Baş-Ayaq Dünya” marşının sədaları altında addımlayan təslim Britaniya əsgərləri Yorktaun təpəliklərindəki mövqelərini tərk etdilər. 10 gündən çox çəkən bombardman və həmlələrin ardınca General Çarlz Kornuallis ağ bayraq qaldırmağa məcbur oldu. İlkin olaraq o, rəqibi General Corc Vaşinqtondan ənənəvi müharibə ənənələrinə uyğun olaraq əsgərlərinin dalğalanan bayraqlar, süngü taxılmış tüfənglər və qalib tərəfə hörmət əlaməti olaraq, Amerika və Fransa hərbi marş sədaları altında təslim olmasına icazə verilməsini xahiş etmişdi. Lakin bir il öncə Çarlstonda amerikalılara oxşar imtiyazların verilmədiyini xatırlayan Vaşinqton bu xahişi rədd etmişdi. Həmin gün 8,000 ingilis əsgəri silahı yerə qoyaraq 214 artilleriya qurğusu, minlərlə muşket, 24 nəqliyyat gəmisi və yüzlərlə at arabasını amerikalılara təhvil verdilər.

Britaniya əsgərlərinin malyariya ilə heç bir təcrübəsi yox idi. Amerika qiyamçıları və Kontinental ordunun əsgərləri isə Cənubda yaşamışdılar və həyatlarının hər yayında malyariya ilə üzləşirdilər.

Beş il öncə Amerika sahillərinə yerli kolonistlərin qiyamını yatırtmaq üçün göndərilmiş İngiltərə generalı ağlına da gətirməzdi ki, nə vaxtsa cılız bir rəqibə yeniləcək. Söhbət hərbi təlim görməmiş inqilabçılardan yox, ağcaqanaddan gedir. “18-ci əsrin sonlarında ağcaqanadlar təkcə imperialist planları pozmur, həmçinin amerikalılara öz azadlıqlarını qazanmağa yardım göstərirdi,” Nexus məcmuəsində məqalə ilə çıxış edən Con McNeil yazır. “Sarı qızdırma və malyariya müasir Haiti və Venesuelada inqilabları yatırtmağa göndərilmiş Avropa ordularını tarmar edərək müstəqil dövlətlərin yaranmasına yol açmışdı.” Sırada 13 Şimali Amerika koloniyası idi.

Aedes aegypti növünə mənsub ağcaqanadlar Amerikaya sonradan gəlmə həşəratlardır. Əslində onların Amerikaya gəlişi Xristofor Kolumbun qitəni kəşf etməsindən sonraya təsadüf edir. McNeil güman edir ki, bu ağcaqanadlar Yeni Dünyaya Qərbi Afrikadan translatlantik qul gəmilərinin birində yetişiblər. Amerikanın cənub hissəsində özlərinə məskən salan ağcaqanadları başqa növlərdən fərqləndirən onların insan qanına unikal iştahıdır. Onlar yumurtalarını məişətdə istifadə olunan qablarda, çəlləklərdə, su quyularında bəsləyir, və insan həyatına sıx inteqrasiya olunmuş həyat sürürlər.

Aedes aegypti ağcaqanadlarının artımına münbit şərait yaradan əsas amil rütubət, gölməçələr, və üstü qapadılmamış su qablarıdır. Bu ağcaqanadlar malyariya və sarı qızdırmadan əlavə, son bir neçə ildə təhlükəli Zika virusunun daşıyıcılarına çevriliblər.

Aedes aegypti ağcaqanadlarının artımına münbit şərait yaradan əsas amil rütubət, gölməçələr, və üstü qapadılmamış su qablarıdır. Bu ağcaqanadlar malyariya və sarı qızdırmadan əlavə, son bir neçə ildə təhlükəli Zika virusunun daşıyıcılarına çevriliblər.

Amerika İnqilabından xeyli öncə həmin bu ağcaqanadlar artıq bir neçə imperiyanı viran qoymuşdular. 1697-ci ildə Panamanın Karib Dənizi hövzəsindəki sahillərində ticarət koloniyası qurmağa gəlmiş şotlandlar həşəratların ilk tarixi qurbanına çevrildilər. Sakit və Atlantik Okean arasındakı ticarətdə üstün mövqe qazanmağa çalışan şotlandlar Yeni Kaledoniya adlı posta xeyli miqdarda maya qoymuş və 2,500-dən artıq könüllü göndərmişdilər. İki ilin işçərisində həmin şotlandların 70 faizi sarı qızdırmadan öldü. 1763-cü ildə Kanadanı Britaniyaya uduzan fransızlar Amerika materikində mövqelərini bərpa etmək üçün hazırda Fransız Quyanası adlanan məkanda özlərinə koloniya salmağa qərar verdilər. Fransa və Avropanın başqa guşələrindən 11,000 adam yeni koloniyada yaşamağa cəlb olunmuşdu. 18 ayın içərisində Aedes-in istehkamına köçmüş avropalıların 90 faizi qırıldı. 1762-ci ildə sarı qızdırmanın viran qoyduğu ingilis ordusu həvəslə çağdaş Kubanın paytaxtı Havananı İspaniyaya qaytardı. “Allah bir də belə bizə fəth göstərməsin!” deyə Samuel Conson ingilislərin Karib hövzəsindəki “uğurlu” hərbi təcrübəsinə reaksiya vermişdi.

Amerikalıların azad, yoxsa kölə olacaqlarını müəyyən edəcək məqam yetişib… Doğulmamış milyonların taleyi indi Tanrının nəzəri altında bu ordunun şücaəti və davranışından asılı olacaq.

1780-ci ildə malyariyanın geniş yayıldığı cənub koloniyaları Amerika İnqilabının çarpışmalarına əsas səhnə idi. “Britaniya əsgərlərinin malyariya ilə heç bir təcrübəsi yox idi,” McNeil yazır. “Amerika qiyamçıları və Kontinental ordunun əsgərləri isə Cənubda yaşamışdılar və həyatlarının hər yayında malyariya ilə üzləşirdilər.” 1780-ci ilin yayında Britaniya ordusunu malyariya vuranda, ekspedisiya korpusu faktiki iflic oldu. O vaxt britaniyalılar ağcaqanadların malyariyanın səbəbkarı olduğunu bilmirdilər və xəstəliyə qarşı mübarizə aparmaqda tamamilə aciz idilər.

1781-ci ildə Britaniya qüvvələrinin cənub komandanı Lord Kornuallis ordunu az qala məhv edən ölümcül xəstəlikdən yaxa qurtarmaq üçün əsgərləri Virciniya təpəliklərinə köçürməyə qərar verdi. Lakin epidemiyadan bixəbər rəhbərliyin göstərişinə əsasən Kornuallis ordunu bir qədər cənuba – Yorktauna yeritməyə vadar edildi. Ağcaqanadların ən aktiv olduğu vaxt – iyun ayında Yorktauna gələn ingilis əsgərləri tez bir zamanda malyariya daışıyıcılarının yeminə çevrildilər.

“Əsgərlərin 51 faizi xəstəlikdən ayaq üstə dura bilmirdi və bu səbədən onlar əks-mühasirə əməliyyatlarında iştirak etmək iqtidarında deyidilər,” McNeil yazır. O biri tərəfdən, əraziyə şimaldan gələn Amerika və Fransa qoşunları düşməni mühasirəyə alanadək sağlam qalmışdılar. Yorktauna yayın sonlarında gəlmələri onları ingilislərin üzləşdiyi aqibətdən xilas etmişdi.

Yorktaun Döyüşü 7 il çəkən İstiqlaliyyət Müharibəsinin (1776-1783) sonuncu ən iri və həlledici döyüşü idi. İki il sonra – 1783-cü ildə əldə olunan Paris Sülh Müqaviləsinin şərtlərinə əsasən Britaniya İmperiyası Amerika Birləşmiş Ştatlarının müstəqilliyini tanıdı.

Yorktaun Döyüşü 7 il çəkən İstiqlaliyyət Müharibəsinin (1776-1783) sonuncu ən iri və həlledici döyüşü idi. İki il sonra – 1783-cü ildə əldə olunan Paris Sülh Müqaviləsinin şərtlərinə əsasən Britaniya İmperiyası Amerika Birləşmiş Ştatlarının müstəqilliyini tanıdı.

Malyariyanın iniglis ordusunun yenilməsindəki rolu şəksizdir. Amma tarixi qalibiyyətlər epidemiya yayan həşəratların, yaxud başqa növ təbii fəlakətlərin yox, döyüş ruhunun, konkret Amerika İnqilabına gəldikdə, azadlıq yanğısının məhsuludur. Ona görə hər il 4 iyulda amerikalılar öz istiqlaliyyətlərinə görə ağcaqanadların yox, müstəqillik uğrunda vuruşmuş əcdadlarının xatirəsini anırlar.

“Amerikalıların azad, yoxsa kölə olacaqlarını müəyyən edəcək məqam yetişib… Doğulmamış milyonların taleyi indi Tanrının nəzəri altında bu ordunun şücaəti və davranışından asılı olacaq. Qəddar və inadkar düşmənimiz bizi rüsvayçı təslimlə cəsur müqavimət arasında seçimlə üz-üzə qoyub. Ya biz müzəffər olmalı, ya da ölməliyik,” General Corc Vaşinqton inqilabın ilk ilində – 1776-cı ildə Long Aylend döyüşündən öncə Kontinental Orduya müraciətində söyləmişdi. Həmin vaxt Amerika Birləşmiş Ştatları adlı dövlət təşəkkül tapmamışdı. Amma ideya var idi. Həmin vaxtdan 240 il ötür.

XS
SM
MD
LG