Accessibility links

Victor Davis Hanson bir millətin korrupsioner və problemlər içərisində üzməyə şanslı olmasını sadə meyarlarla ölçür: “Sadə vətəndaş zibili yerə atır, yoxsa yerdən götürür? Kiçik qəzanın ardınca sürücülər nəzakətlə məlumat mübadiləsi aparırlar, yoxsa müxtəlif əl hərəkətləri ilə ucadan mübahisə edirlər? Siqnal vermək müntəzəm yoxsa arabir mahiyyət daşıyır? Yol keçidlərinə tam riayət olunurmu? Restoranlarda nahar axşam saat 9-da bitir, yoxsa yenicə başlayır? Kran suyunu içmək olar yoxsa yox? Malın üzərinə yazılmış qiymət ödənilir, yoxsa yazılmamış qiymətin nağd pulla müəyyən edilməsi üçün satıcı və müştəri çənə-boğaza çıxır? İnşaat obyektləri ehtiyatla hasara alınıb, yoxsa piyadanın çalaya düşməsi və ya təsadüfən armatura ilişməsi mümkündür?”

Mühafizəkar amerikalı politoloqun nəzərində Avropada vüsət alan borc böhranını şərh etməyə çalışan müşahidəçilər siyasi korrektlik üzündən mədəniyyət faktoruna toxunmamağa üstünlük verirlər. Uzun müddət Yunanıstanda vaxt keçirmiş adam kimi Hanson Almaniyanın borc verən, Yunanıstanın isə borc alan ölkə olmasının səbəblərini məhz mədəniyyətlərdəki, insanların dünyagörüşlərindəki əsaslı fərqlərlə izah edir. Bir baxın: Müasir standartlarla götürdükdə dənizdən təcrid olunmuş İsveçrə Boliviya qədər kasıb olmaldır. İtaliya kimi onun qazı və ya nefti yoxdur. Əfqanıstan kimi İsveçrənin təbiəti kənd təssərüfatı üçün yararlı deyil. Üstəlik Türkiyə kimi, İsveçrə heç Avropa İttifaqına da üzv deyil. Amma bununla belə İsveçrə dünyanın ən varlı ölkələrindən biridir.

Millətin iqtisadi uğurunu onun insanlarının gündəlik həyatlarındakı davranışları müəyyən edir. “Bu vərdişlər və ənənələr siyasi və iqtsadi düzən kimi əsrlərin məhsuludur. Və məhz bu faktorlar Bonnla Afina, Zürixlə Neapolis, Qahirə ilə Tel-Əviv arasındakı fərqləri izah edir… İnsanların dedikləri ilə düşündükləri arasında da fərq var. Biz Qərbdəkilər post-modern, siyasi korrekt etiketlərə uyğun olaraq tez-tez bir mədəniyyətin o biri mədəniyyətdən üstün olmadığını vurğulayırıq, amma çoxlarımız fərdi qaydada Afinada yox, Frankfurtda bank hesabı saxlamağa, yaxud da Lissabonda deyil, Londonda beyin əməliyyatından keçməyə üstünlük verərdi. Yunan adasındakı çimərlikdə ilıq günəş şüaları altında ouzo içmək, dumanlı Reyn çayı sahilində şnaps içməkdən daha xoşdur, amma elə bu hiss adama yunanların almanların borclarını qaytarmayacağını əyan edir. Və əgər bilmək istəyirsinizsə ki, yunanlar niyə kiməsə borc qaytarmalı olduqlarını düşünmürlər, əvvəlcə Afina küçələrini gəzin, sonra da Münxen küçələrini,” deyə Hanson yazısını bitirir.

XS
SM
MD
LG