Accessibility links

Demokratiyanın beşiyi sayılan Amerikada yalnız iki əsas partiyanın – Respublikaçıların və Demokratların olması çoxlarını təəccübləndirir. Niyə dünyaya plüralizm haqda mühazirə oxuyan amerikalılar öz siyasi həyatlarında seçimi bu dərəcədə məhdudlaşdırıblar? Əksər demokratiyalarda 4-5 aparıcı partiyanın faəliyyət göstərdiyi halda, ABŞ-da son 29 seçkidə prezident ya Respublikaçı yaxud da Demokrat olub. 2012-ci ildə prezident seçiləcək adamın da bu iki partiyadan birinə mənsub olacağı şübhə doğurmur.

“Amerikanın ikipartiyalı sistemi haqda məyusluq yeni bir şey deyil,” deyə Jeff Jacoby Boston Globe qəzetindəki köşə yazısında izah edir. “‘Respublikanın bir-birinə müxalif iki partiyaya bölünməsindən çox heç nədən qorxmuram,’ deyə ABŞ-ın ikinci prezidenti John Adams 1780-ci ildə yazırdı. Thomas Jefferson da razılaşırdı: “Əgər siyasi partiyasız məni cənnətə buraxmasaydılar, heç ora getməzdim.” Amma anti-partiya təmayüllü fikirlərinə baxmayaraq bu iki şəxs bir-birinə qarşı ilk iki Amerika partiyasının – Federalistlərin və Demokratik Respublikaçıların namizədləri kimi seçkilərdə iştirak etmişdilər.”

Amerikalıların yarıdan çoxu siyasi səhnənin iki partiya tərəfindən inhisara alınmasından gileylənir və üçüncü partiyaya ehtiyac olduğunu deyirlər. Amma üçüncü partiya ideyasını təşviq edən “Amerikalılar Seçirlər” qrupunun keçirdiyi onlayn sorğuda 10,000-dən az adam iştirak etmişdi. Fakt budur ki, giley-güzara baxmayaraq amerikalıların əhəmiyyətli kəsimi üçüncü siyasi qüvvəni təşkil edəcək ideologiya ətrafında birləşməyə nail olmayıblar, və ən azı buna ciddi həvəs göstərmirlər. Bu məqamda yada Markiz de Küstinin məşhur deyimi yada düşür: “Millətlər ona görə bir cür olurlar, çünki başqa cür ola bilmirlər.”

Jeff Jacoby isə mövcud reallığı Amerika siyasi ənənəsində iki siyasi hədəf arasındakı qədim amma mütəmadi toqquşma ilə izah edir – hürriyət və bərabərlik. “İdeoloji puritanlar iddia edə bilərlər ki, bu iki partiya arasında heç bir fərq yoxdur, və bu cür düşünənlər üçün həmişə alternativ vcar. İrqi ayırıcı George Wallace, defisit qəhrəmanı Ross Perot, sosialist Norman Thomas, Libertar Ron Pol, istehlakçıların müdafiəçisi Ralph Nader – bunlar hamısı üçüncü partiyadan prezidentliyə namizədliklərini irəli sürüblər. Onlar özlərinə çox sayda mübariz tərəfdar cəlb edə biliblər, amma heç biri Amerikanın siyasi landşaftını dəyişə bilməyib. Seçicilərin mütləq əksəriyyəti üçün siyasi rəqabət sonda iki partiya arasındakı seçimə dirənir. Bir Allah bilir – bu dərəcədə parçalanmış millət üçün iki partiyanın mövcudluğu bəs edir.”

XS
SM
MD
LG