Accessibility links

Fransada erməni genosidinin inkarını kriminallaşdıran qanun söz azadlığı anlayışının Qərb sivilizasiyasında fərqli yozumlarını əks etdirir. Birləşmiş Ştatlardan fərqli olaraq, dövlətin yaxın keçmişdə vətəndaş hüquqlarını kobud şəkildə pozduğu, totalitar ideologiyaların vaxtikən hökmranlıq etdiyi Avropada ictimai fikrə məhdudiyyət qoyulması normal qəbul edilir. Məsələn Almaniyada, nasizmi təbliğ etmək qadağandır. Orada heç Adolf Hitlerin Mayn Kampf kitabını da satmaq olmaz. Amma iki əsrdən çox Kontitutsiya ənənəsi olan Amerikada nəinki tarix haqda hansısa baxışa, hər hansı siyasi fikrə qadağa qoyulması mümkün deyil. Hətta Soyuq Müharibənin ən ağır dönəmlərində belə kimisə siyasi baxışlarına və ya sırf dediklərinə görə həbsə salmaq qeyri-mümkün olub. Bu günün özündə Amerikada onlarla neo-nasist qrup fəaliyyət göstərir. Hələ kommunistləri demirəm. Əksər amerikalılar buna söz azadlığı kimi nemətin qorunması üçün ödənilməli olan bədəl kimi baxırlar.

1791-ci ildə dekabrın 15-də qəbul edilmiş “First Ammendment,” yəni “Birinci Düzəliş” Amerikanın tarixi-siyasi kursunu müəyyən edən ən başlıca müddəa sayıla bilər. Bir cümləlik qanunda deyilir: “Konqress din yaradılmasına dair, yaxud onun sərbəst icrasına qadağa qoyan; yaxud söz azadlığını və ya mətbuatı məhdudlaşdırmaq; yaxud insanların dinc qaydada toplaşmaq, öz şikayətlərinə baxılması üçün hökumətə petisiya təqdim etmək hüquqlarını məhdudlaşdıran qanun qəbul etməyəcək.” Vəssalam, şüttamam!

Amerikada Hüquqlar Bəyannaməsinin hökumətə qadağa şəklində tətbiq edilməsi onun əsrlərin sınağından keçməsinə yardımçı olub. Konstitutsiyanı yazanları hökumətin nə edə biləcəyi yox, nə edə bilməyəcəyi maraqlandırırdı. İngiltərə kralının tiraniyasına qarşı mübarizə aparmış inqilabçılar bilirdilər ki, hökumətə nəyisə qadağan etməyə icazə verəndə işlərin axırı pis olur. Hökumətlər qadağan etməyi sevirlər. Onu demə, bunu etmə, maşın pəncərələrindən plyonkaları sök… Qadağalar vaxt keçdikcə toplana-toplana insanların azadlığını əlindən alır, onları aciz kütlə halına salır.

Demokratiyanın İkinci Dünya Müharibəsindən sonra ABŞ tərəfindən gətirildiyi kontinental Avropada isə “First Ammendment” təcrübəsi yoxdur. Etatist düşüncənin hələ də rəhbər tutulduğu cəmiyyətlərdə hökumətin insanlara “atalıq qayğısı” göstərməsi təbii qəbul olunur. Qanun vətəndaşlara dövlətdən qorunası toplum kimi yox, dövlətin idarə etməli olduğu toplum kimi baxır. Sosial müavinət proqamlarının geniş yayılması, vergilərin yüksəkliyi, milli suverenliyi əzən, lokal idarəçiliyi inkar edən Avropa İttifaqı kimi strukturların meydana çıxması da bu düşüncənin məhsuludur.

Facebook-da oxuduğum şərhlərdən gəldiyim qənaət budur ki, hətta demokratik düşüncəli azəri gənclər arasında da dövlət idarəçiliyi haqda təsəvvür avropalıların təsəvvürünə daha yaxındır. İnsanlar kollektivist düşüncəyə, fərdi hüquqların milli maraqlar naminə məhdudlaşdırılmasına, dövlətə qadağanedici aparat kimi baxılmasına meyl göstərirlər. Bəlkə də bu səbəbdən Fransada qəbul edilən genosid qanununa qarşı çıxışlar söz azadlığının müdafiəsinə deyil, əsasən etnik-milli tərəfgirliyə əsaslanır. Həqiqi azadlığın qədrini bilən insanlar təkcə xoşları gəldikləri söz deyil, xoşları gəlmədikləri sözun azadlığı uğrunda da mübarizə aparırlar.

XS
SM
MD
LG