Accessibility links

Bloq: “41- Atamın Portreti” – Oğul Buş Ata Buş Haqda Yazır (4-cü hissə)

  • Əsgər Möhsümoğlu

Corc H.U. Buş 90-cı ad gününü paraşütdən atılmaqla qeyd edir.

Corc H.U. Buş 90-cı ad gününü paraşütdən atılmaqla qeyd edir.

“Vitse-prezidentlik bir vedrə tüpürcəyə dəyməz,” deyə Prezident Franklin Ruzveltin vitse-prezidenti Con Nans Qarner vəzifəsinin mənasızlığından şikayətlənər, bu işi götürməyi həyatının ən böyük səhvi adlandırardı. Məsələ ondadır ki, ABŞ təşəkkül tapandan bəri prezidentdən fərqli olaraq vitse-prezidentin səlahiyyətləri aydın şəkildə müəyyən edilməyib və administrasiyalardan asılı olaraq bu mövqeni tutan adamın siyasi nüfuzu dəyişkən olub. Xoşbəxtlikdən, vitse-president qismində Corc Buşun təcrübəsi kifayət qədər xoş keçdi. “Sələflərindən fərqli olaraq Ata heç vaxt özünü təcrid olunmuş, qərar dairəsindən xaricdə hiss etmirdi. Ata Prezident Reyqanın çətin qərarlar qəbul etməsinə heyranlıq hissi ilə baxırdı. Vaxt keçdikcə, ata və prezident peşəkar münasibətlərdən əlavə dostluq münasibətləri qurmağa nail oldular,” oğul Buş yazır.

1980-88-ci illər ərzində Buş təkcə Reyqanın vitse-prezidenti yox, həm də onun yaxın məsləkdaşı idi.

1980-88-ci illər ərzində Buş təkcə Reyqanın vitse-prezidenti yox, həm də onun yaxın məsləkdaşı idi.

Corc Buş və Reyqan hər həftə birlikdə nahar edər, tez-tez zarafatlaşar və mühüm siyasi qərarlar verəndə öz rəylərini bölüşərdilər. Onların əksər məsələlərdə düşüncələri və hətta kadr siyasətləri üst-üstə düşürdü. Reyqanın özünə administrasiya rəisi kimi seçdiyi Ceymz Beyker Buşun ən yaxın silahdaşı və onun president kampaniyasının sabiq rəhbəri idi. Bu etimad Prezident Reyqan ruhi xəstənin gülləsinə tuş gələrkən özünü bariz şəkildə doğrultdu. Hilton otelindən çıxarkən Con Hinkli adlı şəxs Reyqanı ağır yaralayanda, Buş Texasda idi. Dərhal Vaşinqtona qayıtmağa qərar verən Buşun özü üçün təyyarədə götürdüyü qeydlər adam haqda çox şey deyir: Reyqanı dostu kimi təsvir edən Buş kağız parçası üzərində “dürüst, istiqanlı və mehriban” sözlərini yazıb. Orada panikanın qarşısını almaq haqda da qeyd var. Buş dərk edirdi ki, prezidenti vurulmuş xalq böyük çaşqınlıq içərisindədir və həmin an emosiyaları sakit saxlayacaq adama ehtiyac var.

Buşun təyyarəsi Vaşinqtona enəndə “Marine One” helikopteri onu birbaşa Ağ Evə götürməyə hazır idi. Amma Buş cəmiyyətə prezidentin nəzarəti itirməsi siqnalını vermək istəmirdi. Ona görə də qaydası üzrə xidməti maşınına oturub, vitse-prezident qərargahına və yalnız oradan maşınla Ağ Evə yollandı. Dostuna tez-tez xəstəxanada baş çəkən və prezidentin sağlıq durumu haqda ictimiayyətə müntəzəm məlumat verən Buş kabinet iclaslarında böhranın sonuna qədər prezidentin yerində oturmaqdan imtina edirdi. “O, başa düşürdü ki, vəzifəsi prezidenti əvəzləmək yox, ona dəstək verməkdir. Güllə ilə vurulduqdan iki həftə sonra sağalmış Prezident Reyqan Ağ Evə qayıtdı, və Konqres qarşısında illik hesabat məruzəsi ilə çıxış etdi,” müəllif yazır.

Əsl lider özünü ali dəyərlərə malik adamlarla əhatə etməli və yüksək standartlar sərgiləməlidir.

Vitse-prezident qismində Corc Buş mütəmadi olaraq ABŞ-ı rəsmi törənlərdə təmsil edərdi. Bu səfərlər əksər hallarda formal xarakter daşısa da, onlardan bəziləri xüsusi siyasi çəkiyə malik olurdu. Bunların sırasında Sovet İttifaqı rəhbərlərinin dəfn mərasimlərində iştirak Buşa Sovet sisteminə unikal baxış imkanı vermişdi. Üç ilin içərisində Leonid Brejnev, Yuri Andropov və Konstantin Çernenko vəfat edəndə Reyqan dəfn mərasimlərində iştirak etməyi Buşa həvalə etmişdi. Moskvaya yasa gəlməyi az qala vərdiş etmiş Buş artıq o vaxt Sovet İttifaqının bünövrəsinin çat verdiyini görməyə başladı. Ahıl yaşlı ölən liderlər kommunist sisteminin solan cazibəsinin simvollarına çevrilmişdilər. “Orada nəsə çatışmırdı. Tanrının adı çəkilmirdi. Ümid yox idi, sevinc yox idi, ölümdən sonra həyat anlamı yox idi… Elə cansıxıcı, elə ümidsiz və elə tənha bir məkan” deyə Brejnevin dəfnindən qayıtmış Buş St. Martin Yepiskopal Kilsəsində öz təəssüratlarını kilsə üzvləri ilə paylaşırdı.

1988-ci ildə Reyqan hakimiyyəti sona yaxınlaşanda, dövran hakim partiya üçün kifayət qədər əlverişli idi. Reyqan İnqilabi kimi tanınan və hökumətin iqtisadiyyatdakı rolunun kiçildilməsinə yönəlik libertar təmayüllü siyasət öz bəhrəsini vermis, həyat standartlarını qaldırmışdı. ABŞ-ın ötən yarım əsr ərzində ən təhlükəli rəqibi olan Sovet İttifaqı siyasi və iqtisadi tənəzzül içərisində idi. Prezidentliyə namizəd olaraq Buş üçün bu seçkiləri udmaq ciddi problem olmalı deyildi. İntəhası, o, Van Büren faktoru kimi tanınan fenomenlə ilə üz-üzə qalmışdı. 1836-cı ildə Martin Van Büren rəqibi Vilyam Henri Harrisonu məğlub etidkdən bəri heç bir vitse-prezident onu vəzifəyə seçmiş prezidentin varisi ola bilməmişdi. Şərait Buşun xeyrinə işləyə bilərdi, ancaq tarixi cərəyan onun əleyhinə idi. Belə ki, səkkiz il bir partiyanın hakimiyyətindən bezən amerikalılar əksər hallarda dəyişikliyə üstünlük verir, seçkiləri müxalif partiyaya qazandırırlar.

Tele-debatlar 1980-ci il seçkilərinin nəticələrinə önəmli təsir göstərdi.

Tele-debatlar 1980-ci il seçkilərinin nəticələrinə önəmli təsir göstərdi.

Xoşbəxtlikdən, Buşun seçkilərdəki rəqibi Maykl Dukakis bu dəyişikliyə haqq etdiyini sübut edə bilmədi. Əslində seçki kampaniyasının başlanğıcında Dukakis rəy sorğularında kifayət qədər yüksək reytinqlərə malik idi. Dukakisin üzləşdiyi başlıca problem özünü Amerika cəmiyyətinə güclü lider kimi təqdim edə bilməməsi idi. Bu problem daha bariz şəkildə onun debat zamanı konkret bir suala verdiyi cavabda özünü büruzə verdi. “Əgər sizin xanımınız Kitti zorlanaraq qətlə yetirilsəydi,” deyə moderator Dukakisə sualına başladı, “siz bu cinayəti törətmiş adam qarşı hansı cəzanı tövsiyə edərdiniz?” Dukakis soyuq şəkildə öz mövqeyində qaldığını və edam cəzasına dəstək verməməsinin səbəblərini izah etdi. Buşun cavabı isə emosional və fərqli idi. Xüsusi qəddarlığı ilə səciyyələnən cinayətlərin cəzası məhz ölüm hökmü olmalıdır, deyə vitse-prezident bildirdi. Debatda yaralanmış Dukakis az sonra özünün tank üzərində videosunu nümayiş etdirən reklamları efirə buraxdı. Amma Demokrat namizədin bu cəhdi əks-effekt verdi. Güc nümayişinə hesablanmış reklam çarxı namizədi rişxənd hədəfinə çevirdi və Buşa əsr yarımlıq Van Büren tilsimini qırmaq imkanı qazandırdı.

Corc Buş prezidentliyinin ən mühüm olayı olan ABŞ-ın Körfəz Müharibəsində Səddam üzərindəki inamlı qələbəsi sayılır. Amma hakimiyyətdə olduğu dörd il ərzində xarici siyasət sahəsində Buş bir sıra başqa mühüm nailiyyətlər əldə etdi ki, bunlar toplam olaraq yeni beynəlxalq düzənin formalaşmasına yol açdı. Berlin Divarı söküldükdən az sonra Mərkəzi Amerikada diktator Manuel Norieqa sivil dünyaya meydan oxumağa başladı. Bir vaxtlar ABŞ-la Soyuq Müharibədə əməkdaşlıq etmiş Norieqa sonradan narkotika alverinə girişmiş və ciblərinə axan pul sayəsində qüdrətlənərək demokratik prinsipləri tapdamağa başlamış, müxalifətin qalib çıxdığı seçki nəticələrini ləğv etmişdi. Diplomatik səylərin fayda vermədiyini qət edən Buş ABŞ hərbi qüvvələrinə Norieqanı hakimiyyətdən devirmək və ölkədə demokratik seçkilərin keçirilməsinə şərait yaratmaq haqda əmr verdi. 20 dekabrda başlanan ildırımsürətli hərbi əməliyyat uğurla başa çatdı. Qaçmağa çalışarkən yaxalanmış narko-baron az sonra təyyarəyə oturdularaq Mayamiyə gətirildi. Burada Norieqanı cinayətkar fəaliyyətlərinə görə mühakimə və ömürlük həbs cəzası gözləyirdi.

Atanın strategiyası Qorbaçovla dostluğu inkişaf etdirmək, eyni zamanda onu Soviet İttifaqının dinc dağılışına icazə verməyə inandırmaq idi. Bu, 1991-ci ildə Qorbaçovun Rusiya Federasiyasının prezidentliyi uğrunda azad seçkilərə icazə verməsi ilə öz bəhrəsini verdi.

Atanın strategiyası Qorbaçovla dostluğu inkişaf etdirmək, eyni zamanda onu Soviet İttifaqının dinc dağılışına icazə verməyə inandırmaq idi. Bu, 1991-ci ildə Qorbaçovun Rusiya Federasiyasının prezidentliyi uğrunda azad seçkilərə icazə verməsi ilə öz bəhrəsini verdi.

Heç bir şübhəsiz, Buşun əldə etdiyi nailiyyətlərdən ən böyüyü Sovet İttifaqının nisbətən dinc dağılışına və yeni müstəqil dövlətlərin formalaşmağına vasitəçi olması idi. “Əgər ABŞ kommunizmin süqutuna başqa cür yanaşsaydı – öz qələbəsini toy bayram etməklə sərt xətt tərəfdarlarını qəzəbləndirsəydi – Qorbaçov yəqin ki, sərt qüvvəyə əl atmaq məcburitytəi qarşısında qala bilərdi. Yaxud da onu nüvə müharibəsibnə hazır olan başqa sovet lideri əvəzləyə bilərdi. Bir çox mənada Sovet imperiyasının dağılma dövrü Soyuq müharibənin ən təhlükəli periodlarından biri idi,” müəllif atasının sovetlərlə bağlı sərgiləyidi edhtiyatlı mövqeyi izah edir.

Azərbaycanı müstəqil dövlət olaraq Birləşmiş Ştatlar Corc H.U. Buşun prezidentliyi dönəmində - 1991-ci il, 25 dekabrda - tanıyıb.

Nə qədər qəribə də olsa, Buş üçün 1992-c il seçkilərində yaranan başlıca problem masa üzərindəki əsas xarici siyasət problemlərinin aradan götürülməsi idi. Xaricdə ciddi siyasi rəqiblə üzləşməyən Amerika ictimaiyyəti diqqətini daxilə, konkret olaraq iqtisadiyyata yönəltmişdi. Klintonun “Səfeh, problem iqtisadiyyatdır” mesajı müəyyən mənada iqtisadi problemərə diqqət çəkirdisə, başqa tərəfdən ciddi xarici problemərin qeyri-mövcudluğunu vurğulayırdı. Cəmi il yarım öncə 89 faiz dəstəyə malik olan Buş əmin idi ki, xalq onun liderliyini müsbət dəyərləndirəcək və növbəti dörd illik hakimiyyət manadatını ona verəcək. Amma müstəqil namizəd milyarder Ross Peronun yarışa girişi hesablamaları alt-üst etdi. Üçüncü namizəd olaraq Pero ən çox Buşa veriləcək səsləri qamarladı. Beləliklə, secicilərin 43 faizinin dəstəyini qazanmış Bill Klinton ABŞ-ın növbəti prezidenti oldu. “Bütün uduzduğu seçkilər arasında onu ən çox ağrıdan bu seçkilər idi,” Buş yazır. “Amma həmişə olduğu kimi Ata bu dəfə də izzətli idi. Səsvermə bitəndən az sonra o, Klintona zəng vurdu, təslim çıxışında tərəfdarlarına minnətdarlıq, rəqibini isə təbrik etdi.” Müəllif indiyədək də əmindir ki, əgər Ross Pero seçkilərə qatılaraq 19 faiz səs almasaydı, atası ikinci dönəmə prezident seçiləcəkdi.

İnaqurasiya günü Bill və Hillari Klinton Ağ Evə gələndə Ana və Ata onları həqiqi mehribanlıq və istiliklə qarşıladılar.

İnaqurasiya günü Bill və Hillari Klinton Ağ Evə gələndə Ana və Ata onları həqiqi mehribanlıq və istiliklə qarşıladılar.

Buşun siyasi karyerası 1993-cü il yanvarın 20-də Ağ Evi növbəti prezidentə təqdim etməklə başa çatdı. Amma üfüqdə Buş ailəsini çox sayda siyasi sürprizlər, enişli-yoxuşlu həyat yolu gözləyirdi. Vaşinqtonu tərk edərkən, Buş yəqin ağlına gətirməzdi ki, nə vaxtsa o, bu şəhərdə oğlunun prezident kimi iki andiçmə mərasimində iştirak edəcək, qarşıda duran siyasi-hərbi sınaqlarda oğluna həyan olacaqdı. Müəllif kitabının özünə aid olan hissəsində aydın edir ki, president olduğu müddətdə atası onun işlərinə maksimum qarışmamağa çalışır və kifayət qədər məsafə saxlayırdı. “Mənim prezidentliyim dönəmində Ata və mən siyasət haqda çox danışmazdıq. O, hamıdan yaxşı anlayırdı ki, president məsələləri dərindən bilən ekspertlərin əhatəsindədir… prezidentin atası olaraq o vəzifəsini başqa şeydə görürdü – işin stresinə tab gətirmək üçün mənə sevgi və dəstək vermək.”

Sabiq prezident indikinə tez-tez lətifələr göndərər, onun əhval-ruhiyyəsini açmağa çalışardı. Hətta ən çətin və qaranlıq anlarda da Buş zarafatından qalmazdı. 2001-ci il, 11 sentyabr hücumundan az sonra Prezident Buş çox sayda zənglər edir, tabeliyində olan idarələrə göstərişlər verirdi. Arada imkan tapıb atasına zəng edən president soruşdu: “Ata, haradasan?” “Viskonsinin Brukfild şəhərində, moteldə!” cavab gəldi. “Orada nə işiniz var?” Oğul, təyyarəmizi sən endirmisən də,” Buş dilləndi. Söhbət terror hücumlarından az sonra bütün ABŞ səmaları üzərində uçan təyyarə reyslərinin dayandırılmasına dair prezident sərəncamından gedirdi.

Terror hücumlarından 3 gün sonra, 2001-ci il 14 sentyabrda Milli Kafedralda söylənilən nitqdən sonra Ata Buş oğlunun əlini sıxır.

Terror hücumlarından 3 gün sonra, 2001-ci il 14 sentyabrda Milli Kafedralda söylənilən nitqdən sonra Ata Buş oğlunun əlini sıxır.

Üç gün sonra Milli Kafedralda keçirilən mərasimdə 43-cü prezident nitq söyləyərkən salonda dörd sabiq president əyləşmişdi – Klinton, Karter, Ford və Ata Buş. “Bizim tarix qarşısındakı məsuliyyətimiz artıq aydındır,” deyə prezident bəyan etdi. “Bu hücumlara cavab vermk və dünyanı şər qüvvədən qurtarmaq. Zalda dərin hüzn hissi var idi. Bəzilərinin gözündən yaş axırdı. Müharibənin anonsu sayıla biləcək çətin çıxışın ardınca Buş öz yerinə qayıtdı. Sabiq prezidentlər ailələri ilə birgə xronolji nizam ürzrə əyləşmişdilər, amma Ata Bill Klintondan xahiş etmişdi ki, onun yerini dəyişsin ki, mənimlə yanaşı otura bilsin. Yerimə əyləşəndə atam əlini uzadıb əlimi sıxdı. Emosiyalarım yüksək idi və onun sadə, məhəbbət dolu jesti mənə rahatlıq, ruh və güc verdi,” deyə Buş həmin an keçirdiyi hissləri təsvir edir.

Amerikada ən təhlükəli yer bizim qonşuluqdakı yollardır, deyə Buş xanımı Barbaranın maşın sürməyə başlamasından sonra zarafat edərdi.

Bu, son dəfə deyildi ki, Buşlardan kimsə Klintona xahişlə müraciət edəəckdi. 2004-cü il Milad bayramı günü Hind Okeanında baş verən tsunami bir neçə Asiya ölkəsini bərbad günə qoydu. 200 minə yaxın insan hündürlüyü 50 metrə çatan dalğalar altında həyatlarını itirdi. Prezident Buş qərara gəldi ki, atasından və Bill klintondan özəl yardım kampaniyasına başlamağı xahiş etsin. “İnanırdım ki, sabiq iki rəqibin başlıcıq etdiyi ianə toplama kampaniyası Amerikanın təbii fəlakətdən əziyyət çəkən insanlara öhdəliyi ilə bağlı güclü mesaj göndərəcök. Bu səylərin tərkib hissəsi olaraq Klinton və Ata Buş tez-tez birgə səfər edər, uzun yol qət edərdilər. Onların adətən içərisində səyahət etdiyi hərbi təyyarələrdə adətən yalnız bir çarpayı olurdu. Klinton Buşa hər dəfə həmin çarpayıda yatmağa imkan verirdi. Ata Buş Klintonu bu hərəkətindən xeyli razı qalmışdı. Əslində isə bu kiçik jestlər növbəti illər arasında iki sabiq rəqib arasında formalaşan möhkəm dostluğun bünövrəsini təşkil edirdi. Buş və Klinton birlikdə hələ çox belə səfərlərə çıxacaq, dar ayaqda olan insanların rifahı uğrunda çiyin-çiyinə səy göstərəcəkdilər.

“Qoca olmaq o demək deyil ki, bütün günü otağın küncündə oturub ağzının suyunu axıdasan. Bayıra çıx, nəsə elə. Həyatdan zövq al,” deyə 85-ci ad gününü paraşütdən atılmaqla qeyd edən Corc Buş jurnalistlərə söyləmişdi. Bu günlər Buşun səhhəti ona fiziki məşğuliyyətə çox elə imkan vermir. Hazırda Parkinson xəstəliyindən əziyyət çəkən Buş vaxtının çox hissəsini əlil arabasında keçirir. “Həmişə olduğu kimi onun ürəyində əziyyət çəkən adamlar üçün xüsusi bir yer var,” deyə müəllif bu yaxınlarda atasının cangüdənlərdən birinin oğlunun ağ qan xərçənginə tutulmasından kədərləndiyini yazır. 89 yaşlı sabiq prezident kimyəvi terapiya nəticəsində saçları töüklmüş iki yaşlı oğlanla həmrəylik əlaməti olaraq başını keçəl qırxdırdı. Təbii ki, Buş bunların heç birini özünə diqqət cəlb etmək üçün etmir. Əməli nümunə sahibi olaraq onun həyatda ən sevimli aforizmi budur: “Yaxşı əməlləri daim təşviq et – əgər seçim yoxdursa, sözlərlə.”

Sabiq prezident cangüdəninin xərçəng xəstəliyindən müalicə alan oğlu ilə həmrəylik əlaməti olaraq başını qırxdırdı.

Sabiq prezident cangüdəninin xərçəng xəstəliyindən müalicə alan oğlu ilə həmrəylik əlaməti olaraq başını qırxdırdı.

Buşun xalq qarşısındakı xidmətlərini təkcə onuin yaxın ətrafı deyil, bütünlükdə Amerika Birləşmiş Ştatları dəyərləndirir. Bu gün dünyanın nəhəng aeroportlarından olan Hyuston Beynəlxalq Hava Limanı Corc Buşun adını daşıyır. Mərkəzi Kəşfiyyat İdarəsinin Virciniya ştatındakı baş qərargahı Corc Buş Kəşfiyyat Mərkəzi adlanır. Buşun şərəfinə Texasda magistral yol var. Sabiq prezidentin ən sevimlisi isə USS George H.W. Bush hərbi gəmisidir.

2012-ci ilin qışında oğlunun şərəfinə Texasda inşa edilmiş Azadlıq Mərkəzinin açılışına dəvət edəndə “orada olacağam,” deyə ata oğlunu arxayın etdi. Həmin gün Dallasa günəşli hava var idi. Xəstəliik və ahıllığın gətirdiyi çətinliklərə baxmayaraq ata bir-təhər özünü oğlu üçün mühüm əhəmiyyət daşıyan törənə çatdırmışdı. Nitq üçün ona növbə çatanda, möhkəm səslə danışmağa başladı: “Bizim üçün burada böyük oğlumuzun şərəfləndirildiyi törəndə olmaq çox xoşdur.” Qəfildən qəhərlənən ata emosiyalarını cilovlamağa çalışdı. Gözləri yaşaran Buş çıxışını davam etdirməyə çalışdı. “Bu, mənim və Barbara üçün xüsusi gündür. Biz burada olmağımızdan şadıq. Tanrı Amerikanı qorusun. Təşəkkür edirik,” deyə Buş ayaq üstə çalınan alqış sədaları altında nitqini tələsik bitirib oğluna tərəf çevrildi. “Deyəsən uzun çıxdı,” Buş zarafatla gülümsədi.

Show comments

XS
SM
MD
LG