Accessibility links

Bloq: İflas Vadisi

  • Əsgər Möhsümoğlu

Skolkovo İnnovasiya Mərkəzində Hiperkubun içəridən görünüşü.

Skolkovo İnnovasiya Mərkəzində Hiperkubun içəridən görünüşü.

2013-cü ilin aprelində Skolkovo innovasiya fonduna reyd keçirildi. Reydi təşkil edən Rusiya İstintaq Komitəsi fondun rəhbərliyini millət vəkili İlya Ponomorayova 10 mühazirə və bir elmi araşdırma üçün $750,000 ödədiyini və bunun əslində rüşvət olduğunu iddia edirdi. Korrupsiya ittihamları ilə üzləşən fondun rəhbəri Aleksey Beltyukov az sonra belə şərtlər altında işləməyin qeyri-mümkün olduğunu deyərək istefa ərizəsini təqdim etdi. Belə olmamalıydı.

Prezident Dmitri Medvedev Kaliforniya qubernatoru Arnold Schwarzeneggeri Skolkovoda qarşılayır.

Prezident Dmitri Medvedev Kaliforniya qubernatoru Arnold Schwarzeneggeri Skolkovoda qarşılayır.

Moskvanın civarında inşa olunmuş, nəhəng bir ərazini əhatə edən 4 milyard dollarlıq innovasiya mərkəzi Amerikanın Kaliforniya ştatında “Silikon Vadisi” kimi tanınan, Google və Facebook kimi nəhənglərə həyat vermiş yüksək texnologiyalı biznes məkanı modelinə əsaslanırdı. 2009-cu ildə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedevin Rusiyanın iqtisadi dirçəlişinə həsr etdiyi stimul planı ölkəni kibernetika innovasiyasının ön cərgəsinə qoymağı planlaşdırırdı. Prezidentin sözlərinə görə 2020-ci ildə 50 min tədqiqatçının çalışacağı Skolkovo daxili innovasiya və texnologiya sahibkarlığının özəyinə çevriləcəkdi. “Bizim ölkəmiz həmişə ixtiraçı, proqressiv və istedadlı adamlarla dolu olub. Biz əlimizdən gələn hər şeyi etməliyik ki, həmin bu adamlar öz vətənlərində qalıb işləsinlər,” deyə “İrəli, Rusiya!” manifestinin açıqlanmasından iki ay sonra çıxış edən prezident Medvedev bəyan etmişdi.

Vladimir Putin 1999-cu ildə hakimiyəttə gələndən bəri, ilk dəfə olaraq 2014-cü ilin ilk səkkiz ayında rekord sayda ruslar öz vətənlərini tərk edirlər. Rəsmi rəqəm kimi göstərilən 203,659 ötən illə müqayisədə 80,000 nəfər çoxdur.

“İndi həmin eyforiyadan əsər-əlamət qalmayıb,” James Appell Foreign Policy məcmuəsində yazır. “Nə siyasi iradə, nə də texnoloji innovasiyanı həvəsləndirməyə maliyyə imkanları yoxdur… Nə də ki, Putinin əvəzlədiyi Medvedev.” Müəllifin yazdığına görə, Prezident Medvedev layihəni irəli sürəndə Rusiyanın neft-qaz ixracından asılılığını minimuma endirməyə çalışırdı. Belə ki, həmin vaxt Rusiya iqtisadiyyatı aparıcı dünya dövlətləri arasında qlobal tənəzzüldən ən ağır zərbə almış ölkə idi. 2009-cu ildə ölkənin ümumdaxili məhsulu 7.9% azalmış, işsizlik 9.4 faizə yüksəlmişdi.

Vladimir Putinin aqressiv siyasəti Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid edib, ölkədə investisiya mühitini korlayıb.

Vladimir Putinin aqressiv siyasəti Rusiyanı beynəlxalq ictimaiyyətdən təcrid edib, ölkədə investisiya mühitini korlayıb.

Layihə yaxşı start götürdü. Dmitri Medvedev xaricə səfər edərək Skolkovonun Massaçusets Texnologiya İnstitutu ilə razılıq bağlamasına şəxsən vasitəçilik etdi. Skolkovoya hətta Silikon Vadisinin özündən, təkcə Ciscodan yüz milyon dollar həcmində investisiya cəlb olundu. 2001-xci ildə burada təşəkkül tapan şirkətlərin sayı 332, növbəti il 793, sonrakı il isə 1000-i keçdi. NASDAQ səhm birjasında ictimai satışa qoyulan şirkətin səhmləri 1.3 milyard həcmində dəyərləndirildi. Bu, 2004-cü ildə Google bazara çıxdıqdan sonra .com şirkətinin sərgilədiyi ən uğurlu göstərici idi. Amma xoş günlərin ömrü uzun sürmədi. Ölkədə güclənən avtoritarizm, Ukraynada hərbi təcavüz, beynəlxalq təcrid və bu təcridin fəsadları durumu radikal şəkildə dəyişdirdi

Texnologiyaya kapital qoymaq riskə meylli adam tələb edir. Amma Rusiyada bu, nailiyyətli deyil, çünki əgər sənin uğurlu biznesin varsa, risk var ki, kimsə onu sənin əlindən alacaq.

Bu gün qlobal sanksiyalarla üzləşən Rusiyada əhval-ruhiyyə büsbütün fərqlidir. Prezident Vladimir Putinin Ukraynaya hərbi müdaxiləsi və Krımı ilhaq etməsi ölkəni beynəxalq ictimaiyyətdən təcrid edərərək, idxal-ixrac sektorunda dərin böhran yaradıb. Üstəlik, neftin barrelinin 60 dollara düşməsi ruslara iqtisadiyyatın təməlinin nə dərəcədə zəif olduğunu ağrılı şəkildə xatırlatmaqdadır. “Vladimir Putin 1999-cu ildə hakimiyəttə gələndən bəri, ilk dəfə olaraq 2014-cü ilin ilk səkkiz ayında rekord sayda ruslar öz vətənlərini tərk edirlər. Rəsmi rəqəm kimi göstərilən 203,659 ötən illə müqayisədə 80,000 nəfər çoxdur. 2013-cü ildən 2014-cü ilədək ABŞ-da yaşamaq haqqı üçün yaşıl kart lotoreyasına müraciət edən rusların sayı ikiqat artıb. Bütün sosial media boyu “Getmək Vaxtıdırmı?” başlıqlı qruplar mühacirət etmək istəyən ruslara məsləhətlər verirlər.

Oxşar ab-hava Skolkovoda yaşanılır. Buradakı alimlərin və bir vaxtlar qaz vurub qazan dolduracağına ümid bəsləyən şirkətlərin çoxu xaricə, Vladimir Putinin hakimiyyət dairəsindən kənarda olan Baltikyanı dövlətlərə üz tutublar. "Mən beş ya səkkiz şirkət tanıyıram ki, ölkəni tərk edirlər, yaxud da artıq bunu ediblər," video-paylaşma platformasının təsisçisi Anton Qladkoborodov deyir. “Əgər sərhədləri açsalar və insanlara viza verilsə, hamı çıxıb gedəcək.” Moskvada start götürən “Channelki” şirkətinin təsisçisi Nina Zavriyeva bunları deyir: “Mən kifayət qədər start-up tanıyıram ki, ABŞ-a – Nyu Yorka, San Fransiskoya köçüblər. Hətta İrlandiyaya gedənlər də var. Insanlar aktiv şəkildə Rusiyadan kənarda fürsət axtarırlar.” 1990 və 2000-ci illərdə Rusiyada ən iri xarici investor sayılan Hermitage Capital Management şirkətinin icracı direktoru Bill Browder problemin başlıca səbəbini izah edir: “Texnologiyaya kapital qoymaq riskə meylli adam tələb edir. Amma Rusiyada bu, nailiyyətli deyil, çünki əgər sənin uğurlu biznesin varsa, risk var ki, kimsə onu sənin əlindən alacaq.”

1703-cü ildə əsası qoulmuş Sankt Peterburqun inşası zamanı on minlərlə təhkimçi kəndlinin öldüyü təxmin edilir.

1703-cü ildə əsası qoulmuş Sankt Peterburqun inşası zamanı on minlərlə təhkimçi kəndlinin öldüyü təxmin edilir.

Rusiya idarəçilərinin Qərbi imitasiya cəhdlərinin kökləri uzaq keçmişə – Çar Pyotr dövrünə gedib çıxır. 1697-98 ci illərdə Hollandiyaya səyahət edən Pyotr orada gördüyü gəmiçilik sənayesinə valeh olmuşdu. Vətənə qayıdan Pyotr bir-birinin ardınca gəmi inşa etdirməyə başladı. Hollandiya nümunəsindən ilham alan Pyotr Rusiyanı dəniz qüdrətinə çevirməyə nail oldu. Rusiyanın ikinci ən iri şəhəri olan Peterburq da məhz erkən imitasiya cəhdlərinin məhsuludur. Avropada gördüklərindən həvəsə düşən Pyotr qamçı gücünə yoxdan şəhər inşa etdirdi. Arbitrar əmr əsasında, təbii landşaft şəraitinə uyğun gəlməyən, bataqlıqlar üzərində inşa olunan şəhər yüz mindən çox rus fəhləsinin həyatı bahasına ərsəyə gəldi.

Çoxlarına təəccüblü görünər ki, Rusiyanın Qərbdən, ələlxüsus Amerikadan imitasiya ənənəsinin görkəmli nümayəndələrindən biri İosif Stalin olub. 1920-ci illərin sonunda Stalinin nəhəng sənayeləşdirmə kampaniyası assambleya xətti üzərində qurulmuş Amerika modelinə əsaslanırdı. Bu məqsədlə Sovet İttifaqında həyat keçirilən layihələrə çox sayda amerikalı mühəndis, ekspert cəlb olumuşdu. Bu fiqurların sırasında adı hamıya adı tanış gələn məşhur Ford şirkəti var idi. 1929-cu ildə Henry Fordla Stalin hökuməti arasında Nijni Novqorodda maşınqayırma zavodunun inşasına dair müqavilə imzalananda Sovet İttifaqında cəmi-cümlətanı 20,000 avtomobil var idi. Əlbəttə ki, Amerikadan fərqli olaraq Rusiyada bu kimi layihələr müstəqil biznesmenlər, korporasiyalar tərəfindən yox, kollektivizasiya şüarı altında milyonlarla kəndlini acından qıran tiranın arbitrar istəyinə uyğun həyata keçirilirdi.

Nikita Xruşçev və Ayova fermeri Roswell Garst əllərində qarğıdalı tutublar.

Nikita Xruşçev və Ayova fermeri Roswell Garst əllərində qarğıdalı tutublar.

Nikita Xruşçev Stalin deyildi, və iri layihələr naminə qan tökməkdən çəkinirdi. Amma o, da sələfləri kimi xaricdə gördüyü hər şeyi kor-koranə imitasiya etmək həvəsinə aludə idi. Elə onun hakimiyyətinin süqutunda başlıca rol oynayan amillərdən biri də bu cür imitasiya əməli idi. ABŞ-ın mərkəzi kənd təssərrüfatı ştatı Ayova 1959-cu ildə buraya səfər edən Sovet liderində ucu-bucağı görünməyən qarğıdalı tarlarları ilə dərin təəssürat buraxdı. Qarğıdalının heyvandarlıq, şəkər istehsalı və bir çox başqa sahələrdə faydaları haqda fermerlərlə səthi söhbətlərindən öyrənən Xruşçev geri qayıtdıqdan sonra taxıl istehsalını qarğıdalı ilə əvəzləmək həvəsinə düşdü. Onun bu amacı Sovet İttifaqında çörək qıtlığına, ictimai narazılığa və sonra onun ölkəni idarə edə bilmədiyinə dair Politbüroda rəyin formalaşmasına yol açdı.

Rusiyanın Silikon Vadisi inşa etmək istəyində qəbahət yoxdur. Ölkə rəhbərliyinin iqtisadiyyatda diversifikasiya aparmaq cəhdləri, bu istiqamətlərdən biri kimi kompyuter texnologiyasını prioritet seçməsi təqdirəlayiqdir. Axı niyə də yox? Rusiya istedadlı insanlar diyarıdır. Hazırda bütün dünyanın istifadə etdiyi Google fenomeninin banisi Sergey Brin Moskvada anadan olub. Amma fakt budur ki, Sergey Brin Google kimi şirkəti dövlətin dəmir yumruğu altında, korrupsiya məngənəsində sıxılan Rusiyada yaradıb ərsəyə gətirə bilməzdi. Bu son dərəcə faydalı, amma zərif bitki məhz qanun aliliyinin hökm sürdüyü, mülkiyyət hüquqlarının qorunduğu azad siyasi mühitdə yetişə bilərdi. Əgər Rusiya liderləri nə vaxtsa rusların təkcə xaricdə deyil, öz vətənlərində xarüqələr yarada bilmələrini istəyirlərsə, onda ilk növbədə bu amillərin bərqərar olmasına səy göstərməlidirlər. Bunun üçünsə Silikon Vadisinin çertyojlarını deyil, Adam Smitin azad bazar haqda nəzəriyyələrini oxumaq yaxşı başlanğıc olardı.

XS
SM
MD
LG