Accessibility links

Bloq: Suriya İnqilabı, Dəməşq Qılıncı


Azad Suriya Ordusunun döyüşçüləri Dəməşqin Ərəbin rayonunda hərbi bazaya daxil olurkən atəş açırlar.
Azad Suriya Ordusunun döyüşçüləri Dəməşqin Ərəbin rayonunda hərbi bazaya daxil olurkən atəş açırlar.

Aylarla davam edən tərəddüddən sonra nəhayət ABŞ hökuməti rəsmən Suriya üsyançılarına yardım göstərəcəyini vəd edib. Vaşinqton Bəşar əl-Əsəd hökumətinə qarşı döyüşən qüvvələrə 60 milyon dollar həcmində qeyri-hərbi ləvazimat verməyə razı olub. Fransa və Böyük Britaniya bir az da irəli gedərək üsyançıları zirehli texnika ilə təchiz etməyə boyun olublar. Əgər Avropa Birliyinin nizamnaməsi buna imkan versə… İngiliscə atalar sözündə deyildiyi kimi, “heç vaxtdansa gec yaxşıdır.” Amma bu ləngimələrin bədəli nə olub? Bəşar əl-Əsədin öz hakimiyyətini az qala iki il uzatmasına imkan verməklə Suriya xalqı, sivil dünya nəyi itirib?

Bəşar əl-Əsədin öz hakimiyyətini az qala iki il uzatmasına imkan verməklə Suriya xalqı, sivil dünya nəyi itirib?

Əvvəla ondan başlayaq ki, Tunis, Misir, və hətta Liviyadan fərqli olaraq Suriyadakı üsyan on minlərlə adamın ölümü ilə müşayiət olunub. Az qala tam nəzarətdən çıxmış vətəndaş müharibəsi hər həftə yüzlərlə adamın həyatına bais olur ki, bunlardan çoxu günahsız mülki vətəndaşlar, qadın və uşaqlardır. Suriya ilə qonşu ölkələr olan Türkiyə, İordaniya və Livanda üst-üstə milyona yaxın qaçqın toplanıb. Hələb, Dəməşq və başqa tarixi şəhərlərin bir çox hissələri yerlə-yeksan olub. Amma Suriyaya dəyən ziyan təkcə insan itkiləri və material dağıntılarla ölçülmür.

İki il bundan öncə Suriyada inqilab demokratiyasevər insanların şəhər meydanlarına çıxması və siyasi islahatlar tələb etməsi ilə başlamışdı. Bəzilərimizin xatirindədir ki, Dəraya, Homs, Deir əs-Zur, İdlib və Hələbdə mitinqlərə çıxan insanlar sevinclə hürriyət nəğmələri oxuyurdular. İndi Suriyada heç kəs mahnı oxumur. Hökumət qüvvələri üsyançı yuvası hesab etdikləri məntəqələri ağına-bozuna baxmadan bombardman edirlər. Üsyançılar da imkan düşən kimi əsədçiləri pusquya salıb öldürürlər. Üsyanın əsas oyunçularının kimliyi də artıq tam bəlli deyil. Vaxt var idi bu qüvvələr hökumət və demokratiya tərəfdarlarına bölünürdü. İndi isə müharibə xeyli mürəkkəb xarakter alıb, dinamika dəyişib.

Vaxt var idi tərəflər hökumət və demokratiya tərəfdarlarına bölünürdü. İndi isə müharibə xeyli mürəkkəb xarakter alıb, dinamika dəyişib.

Müharibə uzandıqca Əsədin mənsub olduğu və azlıqda olan ələvi şiələr vahimə içərisində müstəbidin ətrafında birləşməyə məcbur olublar. Əsədə qarşı döyüşən qüvvələr isə əsasən sünnilərdir. Onlar Əsədin diktaturasına son qoymaq uğrunda savaşırlar. Amma hədəflər heç də hamısında eyni deyil. Bəziləri demokratiya istəyir. Bir kəsimi hakimiyyətdə şiələri sünnilərlə əvəzləmək istəyir. Başqaları isə Suriyada İslam dövlətinin qurulmasını arzulayır. Maraqlıdır ki, Cəbhət əl-Nusra kimi tanınan islamçı qruplaşma hazırda Suriyada Əsəd rejiminə qarşı ən effektiv döyüşən qüvvələrdəndir. Dindar fanatiklər olaraq onlar düşmənin cəhənnəmə vasil olacağına əmin olduqları qədər, “şəhid” olduqları təqdirdə cənnətdə hurilərlə kef edəcəklərini düşünürlər.

Suriyada döyüşən qüvvələrin mahiyyəti, metodları dəyişdikcə inqilabın taleyi də zorakılıqlar burulğanında batmağa başlayır. Söz yox ki, qan-qadaya görə əsas məsuliyyət öz xalqına qarşı silah çevirən Bəşar əl-Əsədin üzərinə düşür. Tunis prezidenti Ben Əli kimi, Bəşarın da vaxtikən seçimi var idi. O, vaxtında hakimiyyəti təhvil verib ölkəni tərk edə bilərdi. Ən azı atası Hafiz əl-Əsədin hakimiyyətdə olduğu illərdə tökdüyü qanlarn günahını qismən də olsa yuya bilərdi. Amma Bəşar əksinə, atasının 1982-ci ildə Həma şəhərində törətdiyi lokal qətliamı ölkə miqyasında genişləndirmək yolunu tutdu.

İrland mütəfəkkir Edmund Burke müşahidə etmişdi ki, "şərin qələbə çalması üçün tələb olunan yeganə şey yaxşı adamların heç nə etməməsidir." Deyəsən, yaxşılar çox gözlədilər.

Bu taktikanın Əsəd və onun ailəsi üçün fəsadlarını hələ bilmək olmaz. Amma onu əminliklə demək olar ki, Suriyanı qan çanağına döndərən Əsəd təkcə insanları deyil, Suriyanın gələcəyini də məhv edir. Hakimiyyətdən nəyin bahasına olursa-olsun yapışmaqla, oğul Əsəd özündən uzun illər sonra Suriyada normal siyasi quruluşun yaranmayacağına fərman verir - vətənini nifaqlı, qanlı gələcəyə məhkum edir. Bunca can vermiş, qan tökmüş müxaliflərin hakimiyyətə gəldikdən sonra silahlarını dinc siyasi rəqabətə tabe edəcəkləri ağlabatan görünmür. Qurbanların sayı çoxaldıqca, Suriyada liberal demokratiyanın, konsensual hökumətin qurulacağı ehtimalı azalır. İrland mütəfəkkir Edmund Burke müşahidə etmişdi ki, "şərin qələbə çalması üçün tələb olunan yeganə şey yaxşı adamların heç nə etməməsidir." Deyəsən, yaxşılar çox gözlədilər.

XS
SM
MD
LG