Accessibility links

Bloq: Malala Yusifzai: Bir kitab və bir qələmlə dünyanı dəyişdirmək istəyən qız


Qızların təhsil hüquqlarını müdafiə edən əslən pakistanlı fəal Malala Yusifzai məktəbdən qaçırılmış nigeriyalı qızlara dəstək məqsədilə ad günündə Nigeriyaya səfər edib. Malala Yusifzainin ad günü BMT tərəfindən beynəlxalq Malala günü elan edilib. Hər il bu gün dünya ölkələrində təhsil qarşısında maneələrlə qarşılaşan uşaqlara dəstək bildirilir.

Bir il bundan əvvəl Pakistanda talibançılar Malalanı susdurmaq üçün onu məktəbdən çıxan zaman başından güllə ilə vurmuşdu. Qızcığaz ölümcül xəstəxanaya çatdırılıb xilas edilmişdi.

Britaniyada Birminqem şəhərinin xəstəxanasında bir neçə ay əməliyyat və uzunmüddətli müalicədən sonra Malalanın üzü bərpa edilsə də, o heç vaxt əvvəlki kimi gülümsəyə bilmir. Amma dəyişən təkcə Malalanın təbəssümü deyil. Bu hadisədən sonra onun həyatı bütünlüklə dəyişib. Hazırda təhsilini Birminqem şəhərinində orta məktəbində davam etdirən Malala Yusifzai qızlar və qadınların təhsil hüquqları uğrunda mübarizənin beynəlxalq simvoluna çevrilib.

"Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.”-Malala Yusifzai

Pakistanlı gənc fəal Harvard universitetinin təsis etdiyi ilin humanisti yüksək mükafatına layiq görülüb, Time jurnalının ilin 100 ən nüfuzlu adamları siyahısına salınıb, Nobel Sülh mükafatına namizəd göstərilib. Rusiyada Çeçenistan müharibəsini işıqlandıran Kremlə müxalif jurnalist Anna Politkovskaya adına mükafat da 2013-cü ildə Malala Yusifzaiyə verilib.

Keçən il onun Pakistan məktəblərində qadağan edilmiş “Mən Malalayam” adlı kitabı işıq üzü görüb. Malanın həyatından bəhs edən kitab beynəlxalq səviyyədə bestsellerə çevrilib.

Malala Yusifzai 1997-cı ildə Pakistanın Əfqanıstanla sərhəddə yerləşən Svat vadisində anadan olub. Pakistanın İsveçrəsi adlandırılan və bir zamanlar turistlərin məkanı olan bu mənzərəli dağlıq ərazi 2007-ci ildə Taliban qrupunun nəzarətinə keçəndən sonra qadın və qızların təhsilinə məhdudiyyətlər qoyulmuşdu. Taliban qızların məktəbə getməməsi üçün xəbərdarlıq vermişdi. Malalanın atasının təsis etdiyi və onun təhsil aldığı bu məktəb illərlə bağlı qalmış və ailə Svatdan köçməli olmuşdu.

2009-cu ildə Pakistan ordusunun Talibanı ərazidən çıxarıb öz nəzarətini bərpa etməsinə baxmayaraq, qrupun qalıqları bölgədə ayrı-ayrı hücumlar keçirməyə cəhd göstərməyə davam edirdi. Bu hücumların əsas hədəflərindən biri də qızları və qadınları təhsildən çəkindirmək, onlarda qorxu hissi yaratmaqdan ibarət idi.

Malala Yusifzai məktəbdə bu qorxu atmosferini BBC şirkətinin veb səhifəsində anonim yazdığı bloqda günbəgün təsvir etməyə başlamışdı. O vaxt cəmi 11 yaşı olan qızın cəsarətli addımı onu Talibanın başlıca hədəfinə çevirmişdi. Malala ABŞ-ın Pakistan üzrə xüsusi nümayəndəsi mərhum səfir Riçard Holbrukla görüşdə qızların təhsilinə yardım etməsini xahiş etmişdi. 2012-ci il oktyabrın 9-da məktəbin qarşısında Malalanı gözləyən talibançı onu başından güllə ilə vüurub yaralamışdı. Pakistanlı gənc fəal bir neçə əməliyyat keçirib və aylarla müalicə olunub.

Bu gün beynəlxalq miqyasda ən tanınmış gənc fəallardan biri olan Malala Yusifzai təhsil almaq kimi universal hüquq uğrunda mübarizəsindən bir addım geri çəkilməmək əzmindədir. 16 yaşı tamam olan gün Nyu-Yorkda BMT-nin Gənclər Assambleyasında Baş katibi Ban Ki Mun və dünya liderləri qarşısında çıxışında Malala “Gəlin savadsızlıq, yoxsulluq və terrorizmə qarşı şərəfli mübarizəyə başlayaq, kitab və qələmlərimizi götürək, onlar bizim ən güclü silahımızdır” deyib.

Malalanın vətəni Pakistanda qızların təhsil hüquqlarının müdafiəsinə qalxmasına qlobal səviyyədə diqqət göstərilməsinə ciddi əsaslar var. Pakistan qadınların iqtisadi sektorda təmsil olunmasına görə dünyanın 135 ölkəsi arasında 134-cü yeri tutur. Qızların və ümumiyyətlə uşaqların təhsilinə gəldikdə isə, Save the Children təşkilatının hesabatına görə 2012-ci ildə təhsil hüquqları ilə əlaqədar ölkədə 3 min 600 hücum baş verib.

Malala Yusifzai bütün bunlara görə həyatını uşaqlar, qızlar və qadınların təhsil hüquqları məsələsinə həsr edəcəyini deyib. Bu işi görmək üçün o artıq “Malala Fondu”nu yaradıb. Keçən il ABŞ-a səfər zamanı Amerika ictimaiyyəti gənc pakistanlı fəalın təşəbbüslərinə geniş dəstək göstərib. Malala Yusifzai Amerikanın demək olar bütün nüfuzlu tele şirkətləri üçün müsahibələr verib. ABŞ prezidenti Barak Obama, birinci xanım Mişel Obama və onların böyük qızı Maliya Malalanı Ağ Evə dəvət ediblər. Amerika səfərindən Britaniyaya qayıtdıqdan sonra isə o, Bukingem sarayında kraliça İkinci Yelizavetanın qəbulunda olub və öz kitabını ona şəxsən təqdim etmək imkanı qazanıb.

Pakistanın özündə Malalanın səylərinə dəstək kimi sahibkar və pop ulduz Harun Rəşidin “Çadralı qisasçı” cizgi filmini göstərmək olar. Cizgi filminin baş qəhrəmanı olan məktəbli qızların müdafiəçisi günörtalar məktəbdə müəllim, axşamlar isə filmdə təsvir edilən mənfi xarakterlərə qarşı qara çadra geyinib mübarizəyə çıxan Ciya Pakistanda qızların təhsili də daxil olmaqla, bir sıra sosial məsələlərə diqqət yönəldir. Filmin qəhrəmanının “hamı üçün ədalət, sülh və təhsil” haqda mesajı Malalanın vətəni Pakistanda qızların bərabər təhsil hüquqlarının təmin olunması haqda mesajı ilə üst-üstə düşür.

Lakin Malalanın fəaliyyətlərinə tənqidi münasibət göstərənlər də var. Bəziləri onu ölkədəki problemləri xaricdə müzakirə etməkdə günahlandırır, digərləri isə hesab edir ki, Qərbdə onun fəaliyyətləri süni şəkildə şişirdilir. Malanın kitabının qadağan edilməsinin tərəfdarları onu “Qərbin təbliğat maşını” adlandırır. Onun Pakistana qayıtması da hələlik problemli görünür. Taliban onun həyatına qəsd etməklə hədələyir. Malala isə özü müsahibələrində Talibanla dialoqun lazım olduğunu deyir.

Norveçin Nobel Sülh mükafatı komitəsinin sədri Thorbyorn Yaqland Malalaya müraciətində deyib:”Sizin cəsarətiniz qadınlara öz hüquqları uğrunda mübarizəyə qalxmaq haqda güclü bir mesaj göndərir, bu isə sülhün şərtlərindən biridir.”

16 yaşlı Malala BMT-dəki çıxışında dünyanı sülh və tərəqqi içində görmək arzusunu belə ifadə edib: “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.”

Malalanın bu sadə görünən arzusunu mürəkkəb və münaqişələrlə dolu dünyada gerçəkləşdirmək asan deyil, lakin o geri çəkilmir və taleyinə yazılmış missiyaya sadiq qalır.

Dilşad Əliyarlının "Qadın dünyası" bloqunu burada izləyə bilərsiniz.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG