Accessibility links

Respublikaçıların qısa dönəmli istəyi gün kimi aydındır: Prezident Barak Obamanı qarşıdan gələn noyabr seçkilərində məğlub etmək. Amma ideoloji inanclara gəldikdə mənzərə daha mürəkkəbdir. Respublikaçıların həyata baxışları və siyasi fəlsəfələri haqda təsəvvür əldə etmək istəyən adamlar üçün Mitt Romninin prezidentliyə namizədliyinin təsdiq oluması ilə başa çatan dördgünlük ümummilli qurultay zəngin informasiya mənbəyi idi.

Mühafizəkar siyasi fiqurların nitqlərində tez-tez eşidilən şüarlar “məhdud hökumət”, “fərdi təşəbbüs”, “azad bazar”, “ailə dəyərləri”və “ötkəm xarici siyasət” idi. Mərkəz-sağ təmayüllü Respublikaçılar Partiyasının başlıca qayəsi dövlətin vətəndaş həyatındakı rolunu minimuma endirməkdir. Respublikaçılar inanırlar ki, vətəndaşın rifahını bütün qüdrəti əlində cəmləşdirmiş hökumət yox, onun öz azad təşəbbüsü və fərdi yaradıcılığı müəyyən edir. Bu baxımdan Respublikaçılar prezident Barak Obamanın dövlət xərclərini artırmasını və hökuməti iqtisadi inkişafda başlıca amil kimi görməsinə mənfi münasibət bəsləyirlər. Respublikaçılar iddia edirlər ki, Demokrat prezidentin qəbul etdirdiyi səhiyyə islahatları və 787 milyard dollar həcmində Stimullaşdırma Paketi dövlət sektorunu özəl sektorun hesabına genişləndirdi, büdcə kəsirini xeyli artırdı və hazırda iqtisadi inkişafa əngəl törədir.


Virciniyada seçki kampaniyası əsnasında keçiriən tədbirdə Barak Obamanın verdiyi bəyanat, bir çox Respublikaçıların nəzərində onlarla Demokratlar arasındakı fəlsəfi fərqləri dolğun əks etdirir. Həmin tədbirdə cənab Obama demişdi: “Əgər sən həyatda uğur qazanmısansa, kimsə sənə nə vaxtsa yardım əli uzadıb. Nə vaxtsa həyatında yaxşı müəllim olub. Kimsə bu inanılmaz Amerika sistemini qurub ki, sənə çiçəklənməyə şərait yaradıb. Kimsə yollara, körpülərə yatırım qoyub. Əgər sənin biznesin varsa – onu sən qurmamısan. Onu başqası mümkün edib. İnternet özü-özünə yaranmayıb. Hökumət araşdırmaları interneti mümkün edib ki, bizneslər bundan pul qazana bilsin.”

Ən yaxşı hökumət ən az hökumətlik edən hökumətdir.

Təsadüfi deyil ki, Respublikaçıların milli qurultayında zaldan asılan iri lövhələrdə prezident Barak Obamaya cavab olaraq “Onu biz qurmuşuq!” ifadəsi yazılmışdı. Respublikaçılar hesab etmirlər ki, amerikalılar öz uğurlarına görə peşə borcunu yerinə yetirən hökumət məmurlarına, yol tikənlərə, müəllimlərə minnətdar olmalıdırlar. Fərdi təşəbbüsü yüksək dəyərləndirən mühafizəkarlar hesab edirlər ki, hər bir adam həyatada qazandığı uğura yaxud düçar olduğu uğursuzluğa görə məsuliyyət daşıyır. Qurultay nitqində prezidentliyə namizəd Mitt Romni söylədi: “Bu prezident anlamır ki, biznes və iş yerlərini artırmaq risk tələb edir. Bəzən udursan, bəzən uduzursan, amma həmişə səy göstərirsən. Bu, arzu məsələsidir. Adətən hər şey istədiyin kimi alınmır. Steve Jobs Apple şirkətində işdən çıxarılmışdı. Sonra o, geri qayıtdı və bütün dünyanı dəyişdi.” Respublikaçıların fikrincə hökumətin görə biləcəyi ən yaxşı iş insanların yolundan çəkilib onlara öz qabiliyyətlərini reallaşdırmağa imkan verməkdir. Amerikanın qurucu babası Tomas Ceffersonun təbirincə desək, “Ən yaxşı hökumət ən az hökumətlik edən hökumətdir.”

XS
SM
MD
LG