Accessibility links

Dünya Xeyriyyə İndeksinin hesabatına görə dünyanın ən səxavətli milləti amerikalılardır. Onlardan sonra siyahının yüksək pillələrində İrlandiya, Avstraliya, Yeni Zelandiya və Böyük Britaniya yer alır. Siyahıda Azərbaycan 94-cü yerdə, Türkiyə isə 136-cı yerdə gedir. Şimali Amerika və Avropa dövlətləri ilə müqayisədə xeyli aşağı bal toplamasına baxmayaraq Azərbaycan təkcə Türkiyəni deyil, qonşu Ermənistan (118) və Gürcüstanı (134) da üstələyir. Sabiq sovet respublikaları arasında ən səxavətli millət türkmənlər sayılır (14).

Xeyriyyəçi əməllər üç kateqoriya üzrə dəyərləndirilir ki, bu sıraya pul vermək, könüllü çalışmaq və yad adama yardım göstərmək daxildir. Əksər ölkələr kənar adama kömək etmək kateqoriyasında yüksək bal toplayıblar. Məsələn, ABŞ üçün bu rəqəm 73 faiz, Azərbaycan üçün isə 42 faiz təşkil edir. Pul verməyə gəldikdə, ABŞ-da bu rəqəm 65 faiz, Azərbaycanda isə 18 faiz təşkil edir.

Siyahıdan belə məlum olur ki, xeyriyyəçilik heç də həmişə millətin varlı yaxud yoxsul olmasına dəlalət etmir. Əlbəttə ki, inkişaf səviyyəsinə görə demokratik və varlı millətlər siyahının yüksək pillələrində çoxluq təşkil edir. Amma Avropa ölkələri arasında iki ölkə – İtaliya və Portuqaliya – Azərbaycandan geridə qalırlar. Adambaşı gəlirlərin xeyli yüksək olduğu Fransa isə Azərbaycandan cəmi 14 yer irəlidə, 80-ci yerdə qərar tutub.

Əksər amerikalılar hesab edirlər ki, dövlət sektorunun güclü olduğu ölkələrdə insanlar qonşularına yardım etməyi hökumətin funksiyası kimi görürlər. O yerlərdə ki, məsələn ABŞ-da, hökumət rifah halını yaxşılaşdırmaq üçün yalnız minimal xidmətlər göstərir, icmalar və fərdlər ehtiyacla üzləşən adamlara yardım etməyi özlərinə borc bilirlər. Xaricdə bir çoxları ABŞ-dakı kapitalizmi eqoizmlə və xəsisliklə əlaqələndirirlər. Amma siyahıdan və öz təcrübəmdən gördüyüm kimi, amerikalılar özəl həyatlarında xeyriyyəçi fəaliyyətlərə geniş yer verirlər. Hökumətdən çox şey gözləməyən insanlar anlayırlar ki, müsbət dəyişikliyin məsuliyyəti əksər hallarda onların öz çiyinlərinə düşür. Bunu səmərəli şəkildə həyata keçirmək üçün Amerikada saysız-hesabsız dini və özəl ictimai qurumlar mövcuddur ki, onlar müntəzəm qaydada vətəndaşları müxtəlif növ xeyriyyəçi əməllərə cəlb edirlər.

XS
SM
MD
LG