Accessibility links

Bloq: Sabiq Qərb rəsmiləri və diktatorlar

  • Əsgər Möhsümoğlu

Tony Blair

Tony Blair

Amerikanın məşhur komediya ustası Deyv Şapeldən soruşulanda ki, prezident olmaq istəyir ya yox, onun cavabı təqribən belə olmuşdu. “Prezident olmaq nəyimə gərəkdir? Hazırda multimilyon dollarlıq kontraktlarım var. Nədən quruca maaşa işləyib özümü stresə salmalıyam?” Şapelin cavabı əslində Qərbdə siyasətlə məşğul olmağın sadə həqiqətini əks etdirir. Demokratik cəmiyyətlərdə idarəçilər yüksək sosial statusa malik olsalar da, bu, maddi varlığa dəlalət etmir. Əksinə. Siyasi fəaliyyətə başlayan adamlar bir qayda olaraq səhmləri satmalı olur və başqa bir çox gəlir mənbələrindən məhrum edilərək maaşa oturdulur.

Amma məsələnin başqa – qaranlıq tərəfi də var. Adi maaşa çalışan Qərb rəsmiləri vəzifə müddəti bitdikdən sonra qazandıqları statusdan istifadə edərək qaz vurub qazan doldurmaqda sərbəstdirlər. Sabiq Britaniya baş naziri Toni Bleyer haqda The New Republic məcmuəsində yazan Ken Silversteyn Bleyerin avtoritar ölkələrlə təmaslarından xeyli mənfəət götürdüyünü bildirir. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Qərbdəki imicini yaxşılaşdırmağı boynuna götürən Toni Bleyer təkcə bu fəaliyyyətdən 13 milyon dollar qazanacaq. Yəqin elə bu səbəbdən ötən il Qazaxıstan dövlət televiziyasının istehsal etdiyi “neo-Stalinist” propaqanda videosunda o, Nazarbayevi “ölkəni düzgün yolla aparmaq üçün tələb olunan mətanətə sahib olduğunu” bəyan etmişdi.

Silversteynin yazdığına görə Bleyerin Orta Asiya diktatorları üçün sevgisi Nazarbayevlə bitmir. Oxşar xidməti cənab Bleyer Azərbaycan prezidenti İlham Əliyevə də göstərmişdi. 2009-cu ildə Bakıya səfər edən Bleyer Azərbaycan liderinin “ölkənin gələcəyi üçün çox müsbət və ilhamverici baxışa sahib olduğunu” demişdi. Bu, həmin Azərbaycandır ki, Silversteynin sözlərinə görə, burada Əliyevin əleyhdarları “həbsə atılır və nisbətən az yaltaqlıq edən media vasitələri təqib olunur.”

Bleyer baş nazir vəzifəsini tərk etdikdən sonra varlanmaq iddiasına düşən yeganə Qərb rəsmisi deyil. Onun sələfləri Con Meycor və Marqaret Tetçer də təqaüdə çıxdıqdan sonra məsləhətçi yaxud başqa qismdə külli-miqdarda pul qazanmağa başladılar. Bu növ davranış ABŞ siyasətçiləri üçün də kifayət qədər xarakterik haldır. Məsələn hazırda multi-milyoner olan Bill Klinton var-dövlətinin müəyyən kəsimini Bleyerin istifadə etdiyi metodlarla qazanıb. İntəhası, Silverseynin yazdığına görə, Klinton daha ehtiyatlıdır. O, Qazaxıstan diktatoru ilə birbaşa təmas qurmaq əvəzinə, Kanadanın həmin ölkədə fəaliyyət göstərən şaxta maqnatı Frank Quistra ilə işləməyə üstünlük vermişdi.

Reallıq budur ki, Qərb cəmiyyətləri öz idarəçilərini cavabdeh tutur və buna uyğun onların fəaliyyətini qanunla tənzimləyirlər. Həmin idarəçilərin vəzifələrini tərk etdikdən sonra avtoritar rejimlərə xidmət etməsi isə artıq demokratik cəmiyyətlərin yox, avtoritarizmin hökmranlıq etdiyi cəmiyyətlərin problemidir. Əfsuslar olsun.
XS
SM
MD
LG