Accessibility links

Amerikada uşaqlara həddən artıq himayədarlıq edən valideynlərə “vertolyot valideynlər” deyilir – yəni daim vertolyot kimi uşağın başı üstə uçurlar. “Valideynlərdə başqalarına və cəmiyyətə qarşı nəhəng etimadsızlıq var ki, bu, da onları övladlarına lazım olduğundan çox himayədarlıq etməyə sövq edir. Fakt isə budur ki, onların uşaqlarının inkişafı üzərindəki nüfuzları hesab etdiklərindən xeyli kiçikdir,” Ürkəklər Milləti – İfrat Valideynliyin Bədəli kitabının müəllifi Hara Estroff Marano müşahidə edir. “Valideynlərin öz övladlarının səriştəli olmaq istəyinə etimadsızlığı uşağın inkişafına mənfi təsir göstərəcək. Çoxu anlamır ki, övladla bağlılıq normal qayğının tərkib hissəsidir və bu bağlılığı yaratmaq üçün ifrata varmağa ehtiyac yoxdur.”

Psychology Today jurnalında valideynlərə verilən beş tövsiyədən ikincisi xoşməramlı etinasızlığın gözəlliyindən bəhs edir. Psixoloqlar hesab edirlər ki, əksər hallarda ifrat valideynlik uşağı sərbəst buraxmaqdan daha təhlükəlidir. Hər dəfə böyüyən uşaqları stressdən qorumaq məqsədilə reallığa müdaxilə etmək onların inkişafını korlayır. Bu növ valideynlik metodu adətən uşaqlarda depressiyaya, səriştəsizliyə və özünə-inamın azalmasına gətirib çıxarır. Belə uşaqlar həyatda nəyəsə nail olmaq üçün lazım olan bacarığa yiyələnməkdən məhrum olurlar. “Uşaqlara balaca maneələri adlamağa imkan verməməklə valideynlər onların problemlə ayaqlaşmaq qabiliyyətinin qarşısını alırlar.”


Alimlər müəyyən ediblər ki, vertolyot valideynliyin başqa mənfi xüsusiyyəti uşaqlarda ərköyünlüyün ziyanlı dərəcədə artmasıdır. O, uşaqlar ki, heç bir səy göstərmədən valideynlərindən istədiklərini alırlar, onlar hesab edirlər ki, həyatda hər şeyə haqq ediblər. Yaşa dolduqca onlarda bu əminlik qalır, amma eyni zamanda anlamağa başlayırlar ki, istədiklərini əldə etmək üçün onlarda real bacarıq formalaşmayıb.

Problemin həllini psixoloqlar “xoşməramlı etinasızlıq”da görürlər. Valideynin uşağa erkən yaşlardan müəyyən sərbəstlik verməsi əslində peyvənd funksiyasını yerinə yetirir. Balaca çətinliklə üzləşən uşaqlar problemi həll etməyə çalışır, buna müvəffəq olduqda isə spesifik bacarığa yiyələnirlər və onlarda özünə-inam artır. Hesab edirlər ki, onlar başqa problemləri də həll edə bilərlər. Valideyn olaraq azacıq geriyə durmaq, uşaqlara daim sənin orada olmayacağını anlamaq şansı vermək və yıxıldıqdan sonra özlərini ayağa qaldırmağa sövq etmək valideyn-uşaq tellərini və uşaqlarda səriştə hissini gücləndirməyin yeganə yoludur.

Yəqin bütün bunları anlamaq üçün elə Namiq Qaraçuxurlunun “Papanın Gül Balası” mahnısını dinləmək də kifayət edərdi.

XS
SM
MD
LG