Accessibility links

Bloq: Yaponlar və Atom Bombası


Avqust ayının əvvəlində yaponlar məşum atom bombası hücumlarının ildönümünü qeyd edirlər. 1945-ci il, iyulun 26-da amerikalılar yaponları “misli görünməmiş dağıntı” ilə hədələyərək onları silahı yerə qoymağa çağırdılar. Tokyo ABŞ-ın xəbərdarlığını qulaqardına vurdu. Avqustun 6-da “Little Boy” (Balaca Oğlan) adlı atom bombası Hiroşimaya, 9-da isə “Fat Man” (Gombul Adam) bombası Naqasakiyə atıldı. Atom hücumları nəticəsində Hiroşimada 90-166 000, Naqasakidə isə 60-80 000 adam öldü. Əksəriyyəti mülki vətəndaşlar olmaqla yaponların çoxu yanğıdan və aldıqları radiasiyadan qırıldılar. Atom bombalarının atılmasından az sonra Yaponiya İmperatoru Hirohito millətinə müraciət edərək silahı yerə qoymağa çağırdı. Sentyabrın 2-də USS Missouri hərbi gəmisində Yaponiya təslim aktını imzaladı. İkinci Dünya Müharibəsi başa çatdı.

General Umezu USS Missouri gəmisində təslim aktını imzalayır

Sovet dönəmində məktəbə gedərkən bizə öyrədilən bu idi ki, ABŞ Hiroşimaya (dərsliklərdə rusların işlətdiyi kimi şəhər Xirosima adlanırdı) və Naqasakiyə bomba atmaqla bəşəriyyətə qarşı böyük cinayət törədib. Dövlətin təbliğat ruporu funksiyasını yerinə yetirən sovet tarixçiləri iddia edirdilər ki, Amerika yaponları atom bombası ilə vurmaqla bütün dünyanın, ələlxüsus sülhpərvər Sovetlər Birliyinin gözünü qorxutmağa çalışırdı. Dünyada ilk və yeganə atom bombasının istifadəçisi kimi kommunist dövləti hər addımbaşı bu insidenti Birləşmiş Ştatlar üçün utanc mənbəyinə çevirməklə onun “imperialist” və “cinayətkar” mahiyyətini ifşa etməyə çalışırdı.

Atom hücumunun qurbanları

Yaponların bu məsələdə mövqeyi daha mürəkkəbdir. Əvvəla, əksər yaponlar torpaqlarını zəbt etdikləri çinlilərin və koreyalıların başlarına gətirdiklərinin fərqindədirlər və bu üzdən özlərini “məsum qurban” hesab etmirlər. Həyat yoldaşımın qohumları ilə söhbətlərimdə hiss etmişəm ki, onları atom hücumunun dəhşətləri kədərləndirir. Amma orası da aydındır ki, çoxları atom hücumunu üzdəniraq labüdlük kimi qavrayırlar. Bir tərəfdən atom bombası on minlərlə yaponun həyatına son qoydu. O biri tərəfdən atom hücumları Yaponiyanın məğlubiyyətini tezləşdirdi və qısa bir zamanda bu məhsuldar millətə destruktiv militarizmi arxada qoymağa imkan verdi.

Əslində müharibəni udmaq üçün son vasitə kimi atom bombasına əl atan ABŞ rəhbərliyinin və şəxsən prezident Harry Trumanın da düşüncəsi buna hesablanmışdı. Truman atom bombasının törədəcəyi dəhşəti dərk edirdi. Amma onun da fərqindəydi ki, atom bombasından istifadə edilmədiyi təqdirdə yaponlar müharibəni uzadacaq və bununla da milyonlarla adamın ölümünə bais olacaqdılar. Okinavanı zəbt edərkən ABŞ əsgərlərinin üzləşdiyi təcrübə (yaponlar 250 min, amerikalılar isə 67 min itki vermişdilər) generaliteti bu qənaətə gətirdi ki, Yaponiyanın əsas torpağında hərbi əməliyyatlar ən azı bir milyon ABŞ əsgərinin və milyonlarla sadə yaponun ölümü ilə nəticələnəcək.

ABŞ əsgərləri Okinavada
Belə ki, hərbi diktatura tərəfindən yaponların beyninə yeridilmişdi ki, amerikalılar qalib gəldikləri təqdirdə yaponları vəhşicəsinə qıracaqlar (yaponlar özləri Çində bunu etmişdilər). Rəhbərlik vətəndaşlara kütləvi intihar əmri vermişdi. Çox sayda adam ABŞ əsgərlərinin əlinə düşməmələri üçün öz övladlarını öldürürdü. Başqaları özlərinə bomba bağlayıb ABŞ mövqelərinə hücum çəkirdilər. Kamikaze fenomeni məhz ABŞ-la müharibədə yaponların təqdim etdiyi kifayət qədər effektiv taktika idi. Onu da nəzərə almaq lazımdır ki, 1945-ci ilin martında təkcə Tokyonun 334 B-29 təyyarələri tərəfindən konvensional bombalanması nəticəsində 100 min adam həlak olmuşdu. Qarşıda hələ çox belə bombardmanlar planlaşdırılırdı. Prezident Truman dəhşətli dilemma qarşısında qalmışdı. Seçim pis və yaxşı deyil, adətən olduğu kimi, pis və daha pis variantlar arasında idi.

Sırf insan itkisi baxımdan Hiroşima və Naqasaki əməliyyatları elə də irimiqyaslı deyildi. Amma hücumların doğurduğu pisxoloji şok Yaponiyanın döyüş iradəsini sındırdı. Cəmi 6 gün sonra, avqustun 15-də fanatizmləri ilə dünyanı vahiməyə salmış yaponlar təslim oldular. Yaponiyanı zəbt edən ABŞ qüvvələri özləri ilə yardım və konstitutsiya gətirdilər. General Duqlas MakArturun rəhbərliyi altında Yaponiyada demokratik hökumət formalaşdı.

Hiroşima bu gün

SSRİ-dən fərqli olaraq (Kuril adaları), ABŞ Yaponiyanın bir qarışını da qəsb etmədi. Amerikanın Yaponiyaya ixrac etdiyi demokratiya və kapitalizm bu ölkəni dünyanın ikinci ən qüdrətli iqtisadiyyatına çevirdi. Bu gün Yaponiyaya məxsus avtomobil və elektron şirkətləri ABŞ bazarında dominant mövqe tuturlar. Yoldaşımın babası indiki yaponların müharibədən əvvəlki dövr haqda heç nə bilmədiyindən gileylənər və o dövrkü aclığı və səfaləti müasir material bolluqla müqayisə edərdi. Bəlkə elə bu səbəbdəndir ki, müasir Yaponiyada çoxları general Duqlas MakArturu müəyyən mənada milli xilaskar sayır və onun xatirəsini ehtiramla yad edirlər.

XS
SM
MD
LG