Accessibility links

BMT ekspertləri: Ədalətsizcəsinə saxlananlar dərhal azadlığa buraxılmalıdır


BMT-nin binası
BMT-nin binası

Ekspertlər hakimiyyətə beynəlxalq insan haqları qanunu çərçivəsində öhdəliklərini xatırladır

Birləşmiş Millətlər Təşkilatının insan hüquqları mütəxəssisləri bu gün Azərbaycanda tanınmış insan hüquqları müdafiəçilərinə qarşı artan təqib tendensiyasını pisləyib.

Avqustun 19-da yayılmış bəyanatda ekspertlər hökuməti "liderlik göstərməyə və ölkədə insan haqları işinin repressiya, kriminallaşdırma və təqibinə əks tendensiya nümayiş etdirməyə" çağırıb.

"Biz Azərbaycanda fəalların nəzarət, dindirilmə, həbs, saxta ittihamlarla məhkumluq, hesabların dondurulması və səyahət qadağalarının artmasından dəhşətə gəlmişik. Hüquq müdafiəçilərinə cinayət ittihamlarının irəli sürülməsi dayandırılmalıdır. Hüquqları müdafiə etdiyinə görə ədalətsizcəsinə saxlananlar dərhal azadlığa buraxılmalıdır", bəyanatda vurğulanıb.

Mütəxəssislər xüsusilə hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, konfliktoloq Arif Yunusun işlərini qeyd ediblər.

Bəyanatda o da vurğulanıb ki, ekspertlər bir ildən az bir müddət ərzində artıq üçüncü dəfədir Azərbaycanda durumun pisləşməsindən narahatlıq bildirən bəyanat yayırlar.

Ekspertlər hakimiyyətə beynəlxalq insan haqları qanunu çərçivəsində öhdəliklərini xatırladır. Bu qanun Azərbaycanda hər kəs üçün, müdaxilə olmadan, ifadə, sərbəst toplaşmaq və birləşmək hüquqlarını təmin edir.

"Dövlətin əsas məsuliyyəti vətəndaş cəmiyyəti fəallarını təhdid, qorxutma, hədə və ya hücumlardan qorumaq olmalıdır", bəyanatda qeyd edilir.

Qeyd edək ki, BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisi bildirir ki, Azərbaycanda biznes fəaliyyətinin insan hüquqlarına olan təsirini qiymətləndirmək üçün BMT-nin müstəqil ekspertlərindən ibarət qrupu 18-27 avqust tarixlərində ölkəyə ilk rəsmi səfər edəcəklər.

Öz növbəsində rəsmi Bakı ölkədə insanların baxışlarına görə həbs edilmədiyini və bütün fundamental hüquqların təmin edildiyini bildirir. Ölkə prezidenti dəfələrlə demolratik azadlıqların təmini sahəsində hökumətin müsbət işlər apardığını bildirib.

Bununla yanaşı, beynəlxalq təşkilatlar Azərbaycanda iyrimidən çox vicdan məhbusunun olduğunu bildirir. Son bir neçə ay ərazində media azadlığı, hüquq müdafiə, qeyri hökumət təşkuilatları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər, hüquq müdafiə təşkilatlarının təmsilçilərinin həbsi, bank hesablarının dondurulması, ölkədən çıxışa qadağalar qoyulması ciddi beynəlxalq tənqidlərə səbəb olub.

XS
SM
MD
LG