Accessibility links

BMT: İran qeyri-fars xalqların etnik və milli kimlikliyini ifadə etmə haqqını təmin etməlidir





Birləşmiş Millətlər Təşkilatının İqtisadi, Sosial və Mədəni Haqlar üzrə Komitəsi İranla bağlı yaydığı son hesabatında Azərbaycan türkləri, habelə ölkədə yaşayan digər qeyri-fars etnik qrupların dil və mədəni haqlarının pozulmasından narahatlığını bildirərək, İran İslam Respublikasını bu durumun dəyişdirilməsi istiqamətində praktik addımlar atmağa çağırıb.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) veb səhifəsinə istinadən, bu hesabat komitənin İran İslam Respublikasının ölkədə İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Paktın icrası ilə bağlı ikinci vaxtaşırı hesabatındakı müşahidələrə əsaslanır və may ayının 1-dən başlanan toplantılarda müzakirə edildikdən sonra mayın 17-də komitə tərəfindən qəbul edilib.

Azərbaycan türkləri və Əhvaz ərəbləri arasında savadsızlığın yüksək səviyyədə olmasından narahatlığını qeyd edən komitə İran dövlətindən bu problemin həlli istiqamətində tədbirlər görməsini istəyib. “Komitə İran dövlətinə etnik qrupların öz ana dillərində təhsil almaq fursəti təmin etməyi tövsiyə edir,”-deyə BMT-nin sənədində qeyd edilib.

Azərbaycan türkləri, kürdlər, ərəblər və bəluçlar kimi etnik qrupların tam və məhdudiyyətsiz şəkildə mədəni həyata qatılmaq hüquqlarını əldə etmək üçün lazım olan addımların atılması ilə bağlı İran dövlətinə tövsiyələr verən komitə qeyri-fars dillərdə yayılan nəşrlər və qəzetlərin bağlanmamasını istəyib.

“Dövlət mədəniyyət müxtəlifliyini qorumaq, habelə etnik və milli azlıqların mədəni irsi ilə bağlı maarifləndirməni artırmaq istiqamətində tədbirlər görsün. Hər şəxsin mədəni həyatda iştirak etmə haqqına malik olması ilə bağlı Komitənin 21 sayılı Umumi Şərhinə uyğun olaraq, qeyri-fars cəmiyyətlərin üzvlərinə öz kimliyi, tarixi, mədəniyyəti, dil, adət və ənənələrini qorumaq, ifadə etmək və yaymaq üçün əlverişli şərait təmin edilsin,”-deyə sənəddə İran İslam Respublikasına əlavə tövsiyələr verilib.

BMT komitəsi həmçinin İran hökümətinə İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Paktın maddələrinə uyğun şəkildə ayrı-seçkiliyə qarşı qanunun qəbul edilməsini təklif edib. Sənəddə həmçinin qadınlar, dini azlıqlar və cinsəl azlıqların hüquqları ilə bağlı bir çox məqamlara toxunulub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG