Accessibility links

BMT Baş katibi Novruz təbriki ünvanlayıb

Novruz bayramı münasibətilə Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin təşəbbüsü ilə qurumun qərargahında İran, Əfqanıstan, İraq, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Hindistan, Tacikistan, Türkiyə və Türkmənistanın BMT yanında daimi nümayəndəlikləri ilə birlikdə tədbir keçirilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin məlumatına görə, tədbirdə BMT-nin baş katibi iştirakçılara təbrikini çatdırıb,

Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Novruz bayramının əhəmiyyətini, mədəni irsin tərkib hissəsi kimi qarşılıqlı hörmət, anlaşma və sülh idealları əsasında xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib rol oynadığını, mədəni və qədim adət-ənənələri əks etdirdiyini, beynəlxalq əməkdaşlığın inkişafına töhfə verdiyini və mədəniyyətlərarası dialoqu təşviq etdiyini vurğulayıb.

Nümayəndə deyib ki, Baş Məclisin 64-cü sessiyası zamanı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “Beynəlxalq Novruz Günü” adlı qətnamə layihəsi yekdilliklə qəbul olunub və 21 mart tarixini Beynəlxalq Novruz Günü kimi tanıyıb.

A.Mehdiyev üç min ildən artıq müddətdir keçirilən Novruz bayramının üç yüz milyon insan tərəfindən təntənəli şəkildə qeyd edilməsinin xalqların həmrəyliyinin təşviq olunmasına xidmət etdiyini bildirib.
XS
SM
MD
LG