Accessibility links

Boko Haram-Din pərdəsi altında terror


Nigeriyada fəaliyyət göstərən Boko Haram terrorçu qrup ölkənin hər yerində din adından istifadə edərək ölüm və dağıntılar törədir. Lakin sülhpərvər bir din belə qəddarlığa heç cür haqq qazandırmır. Növbəti süjetimizdə Boko Haramın ekstremist köklərinə və din xadimlərinin nə üçün qrupun İslam dinini təhrif etdiyi fikrində olmasının səbəblərinə nəzər salınır.

Boko Haram yaratdığı ictimai tribunalda öz sıralarından üç adamı edam etməyə hazırlaşır. Onlar homoseksuallıqda ittiham edilirlər.

Qrupun nümayəndəsi Boko Haramın lideri Əbubəkr Şekaunun adından danışır.

“Mənim qardaşlarım. Mən burada sizə liderimizin mesajını çardırıram. Allah bizi öz aramızda riyakarlıqla sınayır. Kafirlərlə dinc qaldığınız heç bir din Peyğəmbərdən gəlmir.”

Bir saat ərzində bu insanlar öldürülür.

Amerikanın Səsinin ekslüziv olaraq əldə etdiyi bu video görüntülər Boko Haram tərəfindən çəkilib. Burada qrupun liderləri qəbul olunmuş İslam düşüncə tərzindən tamamilə uzaqlaşaraq, bu kimi qətllər və vəhşiliklərə haqq qazandırır.

“Onlar hansı İslami prinsipə əməl edir? Heç birinə.”

Xəlifə Aliyu Əbul Fathi Boko Haramın yarandığı Maiduquridə sufi alimdir.

“Onlar qadınlar və uşaqları öldürür. Günahsızları qətlə yetirir. Onlar kilsələrdə və evlərdə xristianları öldürür.”

Nigeriyanın şimal bölgəsi əsrlər boyu İslam düşüncə tərzinin formalaşmasında mühüm rol oynayıb. Boko Haramın radikal kökləri isə bir nəfərin moizələrinə əsaslanır. Bu, Məhəmməd Yusifdir.

1990-cı illərdə Yusif Maiduquridə nüfuzlu mentorundan ayrılaraq, Qərb təhsil sistemini qınayır və hökuməti anti-islamçı adlandırır. Gənc nigeriyalılar, onların arasında da bəzən cinayətkarlar onun təsirinə düşür.

2009-cu ildə Yusifin yüzlərlə tərəfdarı zorakılıqlar dalğasından sonra polis tərəfindən qətlə yetirilir. Polis Yusifi qrupun qərargahı qarşısındakı küçədə ələ keçirib, qətlə yetirir.

Onun tərəfdarları bir müddət gözlərdən kənarda qaldıqdan sonra qisas almaq üçün yenidən meydana qayıdır.

Qrupun rəsmi adı “Peyğəmbərin Təlimlərinin və Cihadın Yayılması işinə sadiq qalan İnsanlar”dır. Qısaca isə Boko Haram, yəni “Qərb təhsili qadağandır”.

Bundan sonra illərlə zorakılıqlar davam edir.

Qrup Mamudoda şagirdlər məktəbdə ola-ola binanı yandırıb.

Madallada Milad günü katolik kilsəsində bomba hücumu törədib.

Kanoda intiharçı hücumu zamanı məsciddə 120 dindar həyatını itirib.

2014-cü ildə isə Boko Haramın Çibokda məktəbdən 276 qızı qaçırması beynəlxaq səviyyədə qınanıb. Qızların çoxu hələ də qrup tərəfindən saxlanılır.

Boko Haramın lideri Şekau deyib ki, qızlar məktəbdə olmamalıdır.

“Allah mənə deyib ki, onları sat. Onlar ona məxsusdur və mən onun göstərişlərinə əməl edirəm”-deyə Şekau bildirib.

Abucada aparıcı teoloq alimlərdən biri olan İbrahim Məhəmməd Duguri bu kimi hərəkətlərin qadağan olduğunu deyir.

“Insanları incitmək olmaz, uşaqları öldürmək olmaz. Siz qadınları öldürə bilməzsiniz. Siz xeyir verən ağacları kəsə bilməzsiniz, hətta qeyri-müsəlmanlara məxsus olsa da, ibadət yerlərini yandıra bilməzsiniz.”

Lakin Amerikanın Səsinin əldə etdiyi videolarda Boko Haramın Allahın adı ilə qurduğu tribunallarda oğlan uşağını döydüyü, qoca şikəst kişini edam etdiyi, başqalarının əllərini kəsdiyi kimi görüntülər nümayiş etdirilir.

Belə səviyyədə qəddarlıq qrup daxilində parçalanmaya yol açıb.

Bir zamanlar Yusif Məhəmmədin köməkçisi olan Mamman Nur Şekaunun zorakı olduğunu deyərək, yeni fraksiya yaradıb.

Parçalanma keçən il yay aylarında hökumət qüvvələrinin Boko Haramın nəzarətində olan əraziləri ələ keçirməsindən sonra baş verib. Lakin hələ də iki milyona qədər insan qaçqındır və Boko Haram bəzi ucqar yerlərdə nəzarəti əlində saxlayır.

Əbul Fathi deyir ki, İslam öz daxilində fikir ayrılıqlarını həll etməlidir, yoxsa Boko Haram kimi qruplar qalmaqda davam edəcək.

“Biz öz aramızda nifrətə son qoymasaq, Boko Haramı dəf etsək də, başqa adda bir qrup meydana çıxacaq.”

XS
SM
MD
LG