Accessibility links

Bu ilin ilk iki ayında Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin cəmi 3,2 faizi bölgələrin payına düşüb. Qalan 2 milyard 26,7 milyon manat sərmayə paytaxta yatırılıb.

Bakı şəhər statistika idarəsi ilin əvvəlindən şəhərin iqtisadiyyatına yönəldilən yatırımın 16,6 faiz artdığını açıqlayıb. AzadlıqRadiosunun verdiyi məlumata əsasən bütün ölkə üzrə sərmayə qoyuluşunun artımı bundan 3 dəfə aşağı olub.

38,5 faiz geriləmə

İki ayda Bakıdan kənar bölgələrdə iqtisadiyyatın müxtəlif sahələrinə 67 milyon manat investisiya qoyulub. Dövlət Statistika Komitəsi ötən ilin eyni dövründə bu göstəricinin 108,8 milyon manat olduğunu açıqlayırdı. Azalma tempi 38,5 faizdir.

Bəs bölgələrə sərmayə fəallığının aşağı olması nədən qaynaqlanır?

Ekspert: «Bölgədəki sahibkar köməksizdir»

İqtisadçı Qadir İbrahimli

Ölkədə sərmayələrin qorunmasında problemlərin olduğunu deyən iqtisadçı Qadir İbrahimli bu fikirdədir ki, bölgələrdə bu, daha ciddi şəkil alıb: "Bakıda çətinlik və ya haqsızlıqla üzləşən sahibkar sözünü «harasa» çatdıra bilir, əyalətdə isə o köməksizdir. Bundan başqa, süründürməçilik, infrastrukturun zəif inkişaf etməsi iş adamlarının bölgələrə «ayaq açmasını» əngəlləyən əsas səbəblər sırasındadır."

Ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi 14,9 milyard manat olub. Bunun 1.3 milyard manatı – 8.9 faizi bölgələrə yatırılıb.

XS
SM
MD
LG