Accessibility links

Boston marafonu zamanı bomba hücumlarında şübhəli bilinən Tsarnayev qardaşları ilə əlaqəsi olan “Mişa” ləqəbi daşıyan şəxsin vəkili onun təhqiqatla əməkdaşlıq etdiyini deyib.

Vəkil Riçard Nikolson Bostondan cənubda, ABŞ-ın Rod Aylend ştatındakı Vest Varvik şəhərində “Mişa”nın evindən müxbirlərə açıqlama verib. Bostonda bomba hücumları törətməkdə şübhəli bilinən Tsarnayev qardaşlarının qohumları Mişanı böyük qardaş Tamerlanın radikallaşmasına təsiri olduğunu bildiriblər.

Əsl adı Mixail Allahverdov olan Mişa New York Review of Books dərgisinə açıqlama verib. Bazar günü çap edilmiş müsahibədə yarı erməni, yarı ukraynalı Mişa Tsarnayev qardaşları ilə münasibətlərin xarakterindən danışmaq istəməyib və son üç ildə onlarla heç bir əlaqəsi olmadığını deyib.

Vəkili Mişanın ailəsinin rəsmilərin verdiyi bütün sualları cavablandırdığını və təhqiqata kömək etdiyini bildirib.

ABŞ mətbuatının verdiyi məlumata görə, təhqiqat Mişanın Boston marafonu zamanı bomba hücumlarında əli olduğuna dair heç bir dəlil aşkar etməyib.
XS
SM
MD
LG