Accessibility links

Braziliyanın futbol komandasını daşıyan təyyarə qəzaya uğrayıb


Kolumbiya rəsmiləri bildirib ki, Braziliyanın birinci diviziya futbol komandasının oyunçularını daşıyan təyyarənin Medellin beynəlxalq hava limanına uçan zaman qəzaya uğraması nəticəsində 81 sərnişindən yalnız beşi sağ qalıb.

Medellin şəhərinin meri Federiko Quiterrez qəzanı böyük faciə adlandırıb.

Mülki Aviasiya idarəsinin müdiri Alfredo Bokaneqra qəza ilə təhqiqata rəhbərlik edir.

“Əlbəttə, belə bir təhqiqat aparılan zaman biz elektrik sistemində nasazlıqdan əlavə digər mümkün səbəbləri də nəzərə almaya bilmərik. Digər faktlar ilə yanaşı xilas olan şəxslərin ifadələri də bizim üçün olduqca mühümdür. Biz təhqiqat aparacağıq. Uzaq məsafələrdə baş vermiş başqa təyyarə qəzalarından fərqli olaraq, bu hadisə yaxın məsafədə baş verib” deyə Alfredo Bokaneqra bildirib.

Aviasiya rəsmiləri bildirib ki, qısa məsafəyə uçuşları icra edən Britaniya Aerospace 146 təyyarəsi Boliviyanın çarter Lamia hava yolları şirkəti tərəfindən idarə olunurdu. Layner bazar ertəsi elektrik sistemində nasazlıq səbəbi ilə fövqəladə vəziyyət elan edib.

Boliviyanın Santa Kruz şəhərində dayanan təyyarə Çapekoens futbol komandasını Braziliyanın cənubundan Medellinə daşıyırdı.

Komanda çərşənbə günü Medellin şəhərində keçiriləcək iki Copa Sudamerika oyunlarından birincisində iştirak etməli idi. Komandanın üç üzvü sağ qalıb.

Cənubi Amerika futbol federasiyası qəza səbəbi ilə bütün fəaliyyətini dayandırıb.

Aviasiya rəsmiləri deyib ki, təyyarədə 72 sərnişin və doqquz ekipaj üzvü olub. Yerli radionun verdiyi məlumata görə, eyni təyyarə bu ayın əvvəli Argentinanın milli futbol komandasını maçda iştirak etmək üçün Braziliyaya aparıb.

XS
SM
MD
LG