Accessibility links

Brayzanın səfirliyə nominasiyası Senat komitəsində təsdiq edildi


Brayzanın səfirliyə nominasiyası Senat komitəsində təsdiq edildi
Brayzanın səfirliyə nominasiyası Senat komitəsində təsdiq edildi

Xarici Əlaqələr Komitəsinin sədri Demokrat senator Con Kerrinin sədrlik etdiyi iclasda Metyu Brayzanın səfirliyə nominasiyası səs çoxluğu ilə təsdiq edilib.

Bu gün ABŞ Senatının Xarici Əlaqələr komitəsinin işgüzar iclasında Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə nominasiyası müzakirə olunub. Komitənin sədri Demokrat senator Con Kerrinin sədrlik etdiyi iclasda Metyu Brayzanın nominasiyası səs çoxluğu ilə təsdiq edilib. Senatorlar Barbara Bokser və Robert Menendez nominasiyanın əleyhinə səs vermişlər.

Səsvermədən öncə Kaliforniya senatoru Barbara Bokser xüsusi bəyanatla çıxış edib. Həmin bəyanatda xanım Bokser Metyu Brayzanın Azərbaycan və Türkiyəyə yaxınlığından narahatlığını ifadə edərək onun səfirliyə düzgün namizəd olmadığını vurğulayıb. O, bildirib ki, cənab Brayza Azərbaycanın Dağlıq Qarabağa qarşı təcavüzünü pisləməkdən boyun qaçırıb. Kaliforniyalı qanunverici son zamanlar Azərbaycan və erməni silahlı qüvvələri arasındakı təmas xəttində gərginləşən situasiyadan söz açmış və Azərbaycan müdafiə nazirinin hədələyici bəyanatlarla çıxış etməsinə diqqət çəkmişdir. Onun sözlərinə görə ABŞ-ı Azərbaycanda təmsil edəcək səfir qərəzsiz şəxs olmalı və Azərbaycan tərəfinin zorakılıqlara meylinə qarşı çıxmalıdır.

Daha sonra oxşar bəyanatla çıxış edən Nyu Cersi senatoru Robert Menendez Metyu Brayzanın nominasiyasının əleyhinə səs verəcəyini elan edib. O, cənab Brayzanın Azərbaycan ərazisində yerləşən erməni məzarlıqlarının dağıdılmasına adekvat reaksiya verməməsindən gileylənib. O, habelə erməni genosidini tanımamasını Metyu Brayzaya irad tutub.Nyu Cersi senatoru səfirliyə namizədin Türkiyə və Azərbaycanla yaxın təmaslarından narahatlığını dilə gətirib.

Səsvermədən öncə qısa bəyanat verən Massaçusets senatoru və Xarici Əlaqələr Komitəsinin sədri Con Kerri Metyu Brayzanın namizədlyini dəstəklədiyini bildirib. O, qeyd edib ki, cənab Brayza Dövlət Departamentindəki fəaliyyəti zamanı yüksək peşəkarlıq nümayiş etdirib və onun regionla əlaqədar qurduğu tanışlıqlar şəbəkəsi səfir funksiyasını yerinə yetirməyə xidmət göstərəcək. Eyni zamanda cənab Kerri əlavə edib ki, dövlət rəsmilərinin şübhə doğuran təmaslara daxil olması bəzi hallarda mübahisələrə yol açır ki, bu, anlaşılandır. O səbəbdən də dövlət məmurları maraqlar konfliktinin görüntüsünə imkan verməməli və şübhə doğuran təmaslardan yayınmalıdırlar.

Ənənəvi olaraq Senatın Xarici Əlaqələr komitəsi səfirliyə və ABŞ daxilindəki yüksək vəzifələrə Prezidentin, müəyyən vaxt müddətində namized göstərdiyi şəxslər barədə bir səsvermə keçirirlər. Ancaq bu günkü iclasda Senator Bokser Metyu Brayzanın səfirliyə namizedliyi barədə səsvermənin digərlərindən ayrı keçirilməsini təklif etdi və onun bu təklifi komitə üzvləri tərəfindən qəbul edildi. Bunun nəticəsində əvvəlcə Albaniya, Sloveniya və Çex Respublikasında ABŞ səfirliyinə namizedlər üçün bir yerdə səsverildi. Metyu Brayzanın namizedliyi üçün səsvermə isə bundan sonra ayrı olaraq keçirildi.

Avqust ayının 3-də qanunvericilərin tətilə çıxmasından öncə keçirilmiş əvvəlki iclasda cənab Brayzanın bu vəzifəyə təsdiqi ilə bağlı səsvermə Kaliforniya ştatından demokrat senator Barbara Bokserin etirazlarına görə təxirə salınmışdı. Metyü Brayzanın ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə təyinatı ilə bağlı dinləmələr iyul ayında keçirilmişdi. ABŞ prezidenti Barak Obama cənab Brayzanı Birləşmiş Ştatların Azərbaycandakı səfiri vəzifəsinə may ayının 25-də nominasiya etmişdir.

Metyu Brayza ABŞ Dövlət Departamentinin diplomatıdır. O bu yaxınlaradək Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı vəzifəsində çalışıb. Bundan öncə cənab Brayza Ağ Evdə Milli Təhlükəsizlik Şurasında Avropa və Avrasiya şöbəsinin direktoru olub. O, həmçinin ABŞ prezidenti və Dövlət Katibinin Xəzər regionu üzrə xüsusi müşaviri vəzifəsini tutmuşdur. Cənab Brayza diplomatik karyerası ərzində Rusiyada və Polşada işləyib. O, Stanford universitetində bakalavr, Tafts universitetində isə magistr elmi dərəcəsi almışdır.

XS
SM
MD
LG