Accessibility links

Metyu Brayza: ABŞ-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinə çalışacam


Metyu Brayza: ABŞ-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinə çalışacam

Metyu Brayza: ABŞ-Azərbaycan tərəfdaşlığının möhkəmləndirilməsinə çalışacam

Nominasiya olunan diplomatların çıxışlarından öncə Xarici Əlaqələr komitəsinin həmsədri, nüfuzlu respublikaçı senator Riçard Luqar Metyu Brayzanı təqdim etmişdir. Cənab Luqar nominasiyanın vaxt baxımından vacib olduğu məsələsinə diqqəti çəkərək, artıq uzun müddətdir Bakıda ABŞ-ın səfir səviyyəsində təmsil olunmadığını bildirdi.

ABŞ Senatının Xarici Əlaqələr komitəsində Metyu Brayzanın Birləşmiş Ştatların Azərbaycanda səfiri vəzifəsinə nominasiyası ilə bağlı dinləmələr keçirilib. Dinləmələrdə Nyu Hempşir ştatından demokrat senator Cin Şahen sədrlik edib.

Nominasiya olunan diplomatların çıxışlarından öncə Xarici Əlaqələr komitəsinin həmsədri, nüfuzlu respublikaçı senator Riçard Luqar Metyu Brayzanı təqdim etmişdir.

Cənab Luqar nominasiyanın vaxt baxımından vacib olduğu məsələsinə diqqəti çəkərək, artıq uzun müddətdir Bakıda ABŞ-ın səfir səviyyəsində təmsil olunmadığını bildirdi. Senator Luqar ABŞ-ın namizədliyi Senatda təsdiq olunmuş bir təmsilçisinin olmamasına görə Birləşmiş Ştatların milli təhlükəsizlik maraqlarının təmin edilməsini ləngidə biləcəyindən narahatlığını ifadə etdi.

“Bizim komitə ABŞ-ın Avrasiyada enerji məsələləri üzrə xüsusi nümayəndəsi, səfir Riçard Morninqstarla Xəzər regionundan Avropaya qədər uzanan cənub enerji dəhlizinin yaradılmasında əsas element olan Nabukko layihəsinin genişləndirilməsi istiqamətində iş aparır. Bu sahədə inkişaf bizim müttəfiqlərimizə enerji mənbələrinin diversifikasiyası, eyni zamanda, region ölkələrinin diqqəti daha yaxın əməkdaşlığa yönəltməsinə imkan verə bilər. Nabukko kəmərinin kommersial və siyasi cəhətdən baş tutması həm Azərbaycanın öz ehtiyatlarını nəql etmək, həm də Qazaxıstan, Türkmənistan və mümkün başqa ölkələrdən Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyada enerjinin nəqli üçün tranzit rolunu oynamaq istəyindən asılı olacaq.”-deyə cənab Luqar bildirdi.

Senatorun sözlərinə görə, Azərbaycan və Cənubi Qafqazın digər ölkələri ilə yaxın əməkdaşlıq Yaxın Şərqdə Amerika əsgərləri üçün təchizatın çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli üçün böyük əhəmiyyət daşıyır. O, Nunn-Lugar proqramının maddələrinin gerçəkləşdirilməsi və Azərbaycanın sahil mühafizəsinin müasirləşdirilməsi kimi işlərin Bakıda ABŞ-ın səfiri tərəfindən yaxından izlənilməli olduğunu bildirdi.

Senator Luqar Metyu Brayzanın 13 ildən artıqdır Ağ Evdə və Dövlət Departamentində ABŞ-ın Avropa və Qavqaz bölgəsində xarici siyasət sahəsində böyük təcrübəyə malik diplomat olduğunu vurğuladı. O, cənab Brayzanın şəxsi səylərinin region ölkələri ilə münasibətlərin yaxşılaşdırılması və enerji təhlükəsizliyinin gücləndirilməsi sahələrində böyük rol oynadığını qeyd etmişdir. Senator Luqar bildirdi ki, Metyu Brayza bu mürəkkəb regionda ABŞ-ın maraqlarının balanslı şəkildə təmin olunmasına kömək etmiş və demokratik inkişaf, insan hüquqları və mətbuat azadlığı sahələrində kifayət qədər iş görülmədiyini region liderlərinin nəzərinə çatdırmaqdan çəkinməmişdir.

Təqdimatdan sonra səfir vəzifəsinə nominasiya olunmuş Metyu Brayza ABŞ-Azərbaycan münasibətlərinin əhəmiyyətindən danışaraq, səfir seçildiyi halda, təhlükəsizlik, enerji və demokratiyanın inkişaf etdirilməsi sahələrində ABŞ-ın regionda maraqlarını təmin etmək işinə sadiq qalacağını bildirmişdir. Cənab Brayza Azərbaycanın terrorizmə qarşı mübarizə səylərində özünü ABŞ-ın tərəfdaşı kimi təsbit etdiyini deyərək, 2001-ci ildə prezident Heydər Əliyevin ABŞ-da terror hücumlarından dərhal sonra Azərbaycanın hava hövzəsinin qeyri-məhdud şəkildə Amerika təyyarələrinin uçuşları üçün açılmasını təklif etdiyini qeyd etmişdir. O, Azərbaycanın ABŞ qüvvələrinə təchizatın çatdırılmasında rol oynadığını, əks-terror sahəsində iki ölkə arasında əməkdaşlıq apardığını bildirdi.

Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu müddət ərzində fransalı və rusiyalı həmkarları ilə əməkdaşlıq şəraitində Azərbaycan və Ermənistanı sülhə yaxınlaşdırmaq üçün gərgin iş apardığını deyərək, münaqişənin qeyri-zorakı yolla, ərazi bütövlüyünün tanınması və öz müqəddəratını təyin etmə prinsipləri əsasında həll olmalı olduğunu bildirdi.

Cənab Brayza ABŞ və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın regionda enerji mənbələrinin divertifikasiyası və cənub enerji dəhlizinin yaradılması üçün əhəmiyyətini qeyd etdi.

O bildirdi ki, ABŞ-ın regionda qarşıya qoyduğu u məqsədlərə çatmaq üçün Azərbaycan sabit ölkə olmalıdır. Metyu Brayza Azərbaycanda sabitlik üçün korrupsiya ilə mübarizənin, mətbuat azadlığı, qanunun aliliyinin əhəmiyyətini vurğulayaraq bildirdi ki, Azərbaycan demokratiya və tərəqqi yolunda inkişafa və sülhə nail olsa, keçid dövründə olan bütün ölkələr üçün nümunə ola bilər.

Metyu Brayzanın nominasiyası ilə əlaqədar olaraq iclasın sədri Cin Şahen, Kaliforniya ştatından senator Barbara Bokser və Nyu Cersi ştatından senator Robert Menendes onun keçmiş fəaliyyəti və əvvəl verdiyi bəyanatlarla bağlı ona sullar vermişlər. Cənab Brayzanın səfir kimi təsdiq edilməsi üçün qərəzsiz və professioanal mövqe tutacağı ilə bağlı suallar qaldırıldı. Onun Azərbaycanın hökumət rəsmilərilə yaxın əlaqələrinə dair sualın cavalbında o, regionda çalışdığı bütün ölkələrdə hökumət, müxalifət, media nümayəndələrilə etibar əsasında münasibətlər yaratdığını bildirmişdir. Metyu Brayza diplomatik fəaliyyəti dövrü ABŞ –ın regionda strateji maraqlarının təmin edilməsi işinə sadiq qaldığını əlavə etmişdir. O qeyd etmişdir ki, səfir təsdiq edildiyi halda, o, Azərbaycanda demokratiya, azad medianın inkişafı və söz azadlığı məsələlərə xüsusi diqqət verəcək və bunlar əsas prioritet məsələlərdən olacaq.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG