Accessibility links

Bülent Əlirza:"Obama Rusiya ilə münasibətdə siyasətini davam etdirə biləcək."


Bülent Əlirza, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin Türkiyə proqramının direktoru
Bülent Əlirza, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin Türkiyə proqramının direktoru

Birləşmiş Ştatlar Konqresində respublikaçıların Nümayəndələr Palatasında əksəriyyət əldə etməsi və demokratların Senatda bir neçə yeri itirməsi ilə yaranmış yeni qüvvələr balansı beynəlxalq məsələlərə böyük təsir göstərə bilər. Vaşinqtonda Beynəlxalq və Strateji Araşdırmalar Mərkəzinin Türkiyə proqramlarının direktoru Bülent Əlirza Dilşad Əliyarlı və türk xidmətinin əməkdaşı Barış Ornarlının suallarını cavablandırıb.

D.A. Birləşmiş Ştatlar Konqresinə seçkilər Respublikaçıların böyük qələbəsi ilə başa çatdı. Nümayəndələr Palatasında nəzarəti ələ alan respublikaçılar, Senat bunu edə bilməsələr də, böyük üstünlük əldə ediblər. Bu vəziyyət nədən xəbər verir və ilk növbədə, bu, Ağ Evdə demokrat prezident Barak Obama üçün nə deməkdir.

B.Ə. Barak Obamanın bu seçkilərdə adı yox idi. İki il sonra prezident seçkilərində onun adı olacaq. Lakin baxsaq, görərik ki, bu seçkilər Obama üçün çox önəmli idi, hətta müəyyən mənada bir referendum idi. İki il əvvəl “mən Vaşinqtona dəyişikliklər gətirəcəm, siyasəti tamamilə dəyişdirəcəm” deyən və demokratların Konqresin hər iki palatasının nəzarətini ələ keçirdiyi bir dönəmdə islahatlar aparan Obamanı Amerika xalqı rədd etdi. Demokratlar Senatda əksəriyyəti əldən verməsələr də, qarşıdakı dönəm Obama üçün çətin olacaq. Əlbəttə, xarici və hərbi siyasət sahələrinə yenə də prezident nəzarət edir. Lakin qarşıdakı illər o görmək istədiyi işlərin çoxunu edə bilməyək və respublikaçılar indidən iki ildən sonra keçiriləcək prezident seçkilərinə hazırlaşacaqlar. Qısaca söyləsək, Obamanın işi ağırdır.

D.A. Respublikaçılar xarici siyasət kursunda hansı istiqamətə üstünlük verəcəklər.

B.Ə. Təbii, həm Əfqanıstanda, həm İraqda müharibələrə Respublikaçılar başlamışdı. Müharibələr Buş prezident olarkən başlamışdı. Obama da bu müharibələri davam etdirməyə məcbur oldu. O, Iraqdan qüvvələri geri çəkir, lakin orada vəziyyət yaxşı deyil. Əfqanıstana əlavə əsgəri qüvvə göndərdi. Hər iki məsələdə Respublikaçılar partiyasının ona təzyiq göstərəcəyini gözləyə bilərik. Onlar Amerika əsgərlərinin İraqdan çıxarılmasına qarşı ola bilərlər. Əfqanıstanda da eyni şəkildə, “artıq orada işimizi bitirmişik, çəkilməyə başlayaq” dediyində ona təzyiq göstəriləcək. Bununla yanaşı, prezident Obamanın islam dünyası ilə münasibətləri genişləndirməsi tənqid edilirdi. Qarşıdan gələn illərdə respublikaçılar “baxın, onlarla münasibətləri genişləndirmək istədik, amma bunun müqabilində bir şey almadıq” kimi sözlər deyəcək. Xüsusilə də onun İranla bağlı siyasətinə qarşı çıxacaqlar. Irana qarşı daha sərt yanaşma tərzi istəyəcəklər. Halbuki Obama həm dialoq istəyir, eyni zamanda embarqonu sərtləşdirməyə çalışır. Yəni, bu məsələlərdə də Obama çətinliklərlə qaşılaşacaq.

D.A. Respublikaçıların siyasi landşaftı dəyişməsi ABŞ-ın xarici siyasət kursuna hansı təsir göstərək. Xüsusilə də Obama administrasiyasının Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda siyasətində hansı dəyişikliyi gözləmək olar. Müşahidəçilərin fikrincə, Obama administrasiyasının regionda siyasəti ABŞ-Rusiya münasibətləri müstəvisində yeridilir. İndi burada dəyişiklik ola bilərmi.

B.Ə. Bundan əvvəlki Buş administrasiyasına baxdıqda, onlar Moskvaya qarşı daha sərt xətt yeritmək istəyirdilər. Gürcüstan müharibəsi zamanı onlar daha sərt mövqedən çıxış edirdilər. Obama hakimiyyətə gəldikdən sonra düyməni yenidən basıb münasibətləri yaxşılaşdırmaq istədi. Mən bunun davam edəcəyini gözləyirəm. Lakin Amerikada müxalifətin diqqət verdiyi əsas məsələ xarici siyasət deyil. Onlar daha çox iqtisadi məsələlərlə məşğul olmaq istəyirlər. Seçkilərdə respublikaçıların uğurunun əsasında da məhz iqtisadiyyat dururdu. Yəni, Respublikaçılar xarici siyasət məsələlərinə o qədər üstünlük verməyəcəkləri üçün Obama da Rusiyaya münasibətdə siyasətini davam etdirə biləcək. Lakin onun islam dünyası və İran məsələsində mövqeyi, habelə İraq və Əfqanıstanda müharibə ilə bağlı mövqeyinə dair suallar ola bilər.

Barış Ornarlı (Amerikanın səsinin türk xidməti) Respublikaçıların Nümayəndələr Palatasında nəzarəti ələ almasından sonra konqresmen Con Beynerin yeni respublikaçı spiker və Xarici Əlaqələr komitəsinin sədrinin respublikaçı namizədin olması ABŞ-Türkiyə münasibətləri və ermənilərin iddia etdiyi soyqırımla bağlı qətnamə məsələsində mövqeyə necə təsir edəcək.

B.Ə. Bundan öncə Nümayəndələr Palatasının spikeri Nensi Pelozinin erməni soyqırımı məsələsində öx şəxsi mövqeyi böyük rol oynayırdı. Qətnaməni o özü dəstəkləmişdi. Seçiciləri arasında böyük sayda erməni seçici var idi. Onun spikerlik vəzifəsindən getməsinin məsələyə təsiri ola biləcək deməyə əsas verir. Lakin bunun bir tərəfi də ondan ibarətdir ki, İran və İsrail məsələləri ilə bağlı narahatlıq ermənilərin iddia etdiyi soyqırıma dair qətnaməyə də təsirini göstərə bilər. Respublikaçılar əvvəllər qətnamənin əleyhinə çıxmışdılar. Lakin bəzi Konqres üzvləri arasında İran və İsrail məsələlərinin gündəmə gəlməsi Türkiyə ilə bağlı narathalıqlara yol açmışdır. Hətta bəzi Konqres üzvləri “biz əvvəllər qətnamənin əleyhinə çıxmışdıq, lakin bundan sonra onun əleyhinə çıxmayacayıq” deyərək, açıqlamalar vermişdilər. Qətnamə gündəmə salınmışdı və Xarici Əlaqələr Komitəsində təsdiq edilmişdi. Əgər Respublikaçıların nəzarəti dövründəTürkiyə ilə bağlı narahatlıq mövcud olsa, bu, qətnamənin taleyinə də təsirini göstərə bilər.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG