Accessibility links

Bülent Əlirza:Türkiyə Suriya böhranının həllində səyləri gücləndirir


Bülent Əlirza, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin Türkiyə proqramının direktoru

Bülent Əlirza, Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin Türkiyə proqramının direktoru

Suriya ilə bağlı son inkişafları Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Türkiyə proqramının direktoru Bülent Əlirza şərh edir.

BMT Təhlükəsizlik Şurası Rusiya və Çinin vetosuna görə Suriyaya dair qətnaməni qəbul edə bilmədikdən sonra ölkədə 11 aydır davam edən hökumət əleyhinə nümayişlərin zorakı yolla yatırılmasına son qoymaq və prezident Bəşar Əl-Əsədin istefasına nail olmaq istiqamətində diplomatik fəaliyyətlər intensivləşdirilib.

Rusiya Xarici İşlər naziri Sergey Lavrov çərşənbə axşamı Dəməşqdə Suriya prezidenti ilə ölkədə böhranlı vəziyyətə son qoymaq səylərini müzakirə edib. Prezident Bəşar Əl-Əsəd Suriyada islahatlara hazır olduğunu və konstitusiyaya dair referendumun gününü açıqlayacağını deyib.

Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan prezident Əsədin istefası çağırışlarını dəstəkləyən ölkələri bir araya gətirmək üçün təşəbbüslərlə çıxış edib. Türkiyənin Xarici İşlər naziri Əhməd Davutoğlu diplomatik həll yollarını və təşəbbüsləri ABŞ Dövlət katibi Hillari Klintonla müzakirə etmək üçün Birləşmiş Ştatlara gəlir.

Son inkişafları Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində Türkiyə proqramının direktoru Bülent Əlirza şərh edir.

Dilşad Əliyarlı: Keçən həftə Rusiya və Çinin BMT-nin Təhülkəsizlik Şurasında Suriya prezidentini hakimiyyətdən getməyə çağıran qətnaməyə veto qoymasından sonra dövlət katibi Hillari Klinton Suriya müxalifətinə dəstək məqsədilə beynəlxalq koalisiya yaratmaq təşəbbüsündən danışdı. Bu koalisiyada Türkiyənin əsas rollardan birini oynayacağı gözlənilir. Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan onun ifadəsilə BMT-də fiaskodan sonra Suriya ilə bağlı yeni təşəbbüslərə toxunub. Türkiyənin rolu nədən ibarətdir və məsələnin həllinə hansı şəkildə yardım etməyi planlaşdırır?

Bülent Əlirza: Türkiyə Suriya ilə 800 kilometrlik sərhəddə malikdir. Türkiyə Suriya ilə sərhəddə olduğu üçün Suriyada baş verənlər hadisələr Türkiyədə maraqlı izlənir. Baş nazir Ərdoğan hətta əvvəllər Suriyada baş verən hadisələrin Türkiyənin daxili məsələsi olduğunu bildirmişdi və indi də eyni sözləri deyir. Əvvəllər Suriya prezidenti Bəşar Əl-Əsədlə çox yaxın münasibətləri olan baş nazir Ərdoğan artıq onunla əlaqələri tamamən kəsib və həm Türkiyənin, həm də Türkiyə kimi düşünən ölkələrin orada baş verən qətliama qarşı çıxmalı olduğunu deyir. Bu məsələdə Ankara və Vaşinqton arasında yaxın bir dialoq var. Qarşıdakı günlər Türkiyə və Amerika kimi bu məsələdə eyni mövqeyə malik olan ölkələrin nə işlər görə biləcəyi müzakirələrin diqqət mərkəzində olacaq. Türkiyənin Xarici İşlər naziri Davutoğlu Vaşinqtona gəlir. O bu məsələni Hillari Klintonla müzakirə edəcək. Bu arada, Türkiyə Rusiya ilə bağlı diplomatik fəaliyyət göstərir. Baş nazir Ərdoğan baş nazir Putinlə Suriya məsələsini telefonla söhbəti zamanı müzakirə etməlidir. Müzakirələrin diqqət mərkəzində Rusiya Xarici İşlər naziri Lavrovun Suriyaya səfərindən sonra Rusiyanın problemin həllində hansı müsbət addımları ata biləcəyi məsələsi duracaq. Türkiyənin Suriya probleminin həllində gələcək günlər daha aktiv fəaliyyət göstərəcəyi gözlənilir. Bunun hansı nəticələr verəcəyini yaxın vaxtlar görəcəyik.

Dilşad Əliyarlı: Bu günlər Türkiyə Xarici İşlər naziri Əhməd Davutoğlunun ABŞ-a səfəri başlayır. Türkiyə və ABŞ arasında münasibətlər son zamanlar ən yüksək dövrünü yaşayır. ABŞ Suriya və İran məsələlərində Türkiyədən nə gözləyir?

Bülent Əlirza: Prezident Obamanın 2009-cu ildə aprel ayında Türkiyəyə səfərindən sonra iki ölkə arasında bir əməkdaşlıq modeli yarandığı haqda fikir formalaşıb. Bu baxımdan, xüsusilə də Ərəb baharından sonrakı inkişaflar dövrü Amerika və Türkiyə, habelə prezident Obama və baş nazir Ərdoğan arasında yaxın münasibətlər yaranıb. Türkiyənin müsbət səyləri nəticəsində Misirdə Müsəlman Qardaşları və Tunisdə Ən-Nəhdə kimi əvvəllər münasibətlər sisteminə daxil olmayan qruplarla əlaqələrin yaradılması və onlarla Qərb ölkələri arasında münasibətlərin yaxınlaşması məsələlərində Obama və Ərdoğan arasında anlaşma mövcuddur. Bundan əlavə, Suriya və İraqda vəziyyət və bunlar qədər vacib olan İran məsələsi də onlar arasında müzakirə olunan məsələlərdir. Ciddi olaraq, Türkiyə və Amerika arasında münasibətlərdə, belə desək, bir bal ayı dövrü yaşanır. Hər iki ölkə qarşıda Suriya və İran kimi məsələlərlə ciddi məşğul olacaq.

Dilşad Əliyarlı: Amerika rəsmiləri İsrailin İrana mümkün hücumu ilə bağlı narahatlıq bildirir. Obama administrasiyası problemin diplomatik yolla həllinə üstünlük verir. Türkiyə İsrailin regionda ən yaxın müttəfiqi idi, lakin indi iki ölkə arasında münasibətlərdə gərginlik yaşanır. Başqa tərəfdən ABŞ İran məsələsində Türkiyə ilə əməkdaşlıq apara bilər. Burada hansı inkişaflar gözlənilir?

Bülent Əlirza: Həm Türkiyə, həm Amerika İranla müharibənin olmasını istəmədiyini, İsrailin də hücum etməsini istəmədiyini bildirib. Hər iki ölkədə İranın BMT sanksiyaları vasitəsilə danışıqlar masasına qaytarılmasına səy göstərilir. Türkiyə məsələ ilə fəal şəkildə məşğuldur. Xarici İşlər naziri Davutoğlu keçən ay İranda idi. Bundan bir neçə gün sonra İranın xarici işlər naziri Türkiyəyə səfər etdi. Türkiyə problemin diplomatik yolla həll edilməsini istəyir, Lakin hazırda gərginlik mövcuddur və böhranın necə bitəcəyi hələ bəlli deyil.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 17 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. D.Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG