Accessibility links

Prezident Nkurunziza vəziyyətlə bağlı şərh verməyib

Burundi generalı xaricdə ölkədəki siyasi böhranı müzakirə etmək üçün regional sammitdə iştirak edən prezident Pyer Nkurunzizanı hakimiyyətdən devirdiyini elan edib.

General Qodefroid Niyombare açıqlamanı çərşənbə günü bir neçə özəl radio stansiyaları vasitəsilə verərək bildirib ki, president vəzifəsindən azad edilib. General öllkədə milli harmoniya və birliyi bərpa etmək üçün komitə yaradacağını da bildirib.

Paytaxt Bucumburada olan Amerikanın Səsinin əməkdaşı Qabe Joselou generalın açıqlamasından sonra şəhərdə şənliyin davam etdiyini, lakin hərbi qüvvələrin generalı tam şəkildə dəstəkləyib-dəstəkləmədiyinin aydın olmadığını bildirib.

Qabe Joselou əsgərlərin dövlətə məxsus yayım mərkəzini mühasirəyə aldıqlarını bildirir. O həmçinin şəhərdə gün ərzində atəşin dayanmadığını və polislə etirazçılar arasında qarşıdurma yarandığını deyir. Şahidlər isə nümayişçilərin polisə daş, polisin isə onlara güllə və bibər qazı atdığını deyirlər.

Prezidentin üçüncü dəfə prezidentliyə namizədliyini açıqladığından sonra ölkədə həftələrdir gərginlik davam edir. İğtişaşlar zamanı azı 14 nəfərin öldüyü, 200 nəfərin isə yaralandığı bildirilir.

Tənqidçilər bu addımın konstitusiyaya zidd olduğunu deyirlər, prezident və onun tərəfdarları isə bunun qanuna uyğun olduğunu iddia edir, çünki prezident ilk dəfə olaraq 2005-ci ildə ümumxalq səsverməsi yolu ilə deyil, parlament tərəfindən seçilib.

5 üzvdən ibarət Şərqi Afrika İcması Tanzaniyada vəziyyətlə bağlı sammit keçirir. Cənab Nkurunziza və ya sammitdə iştirak edən digər üzvlər çevrilişlə bağlı heç bir rəy bildirməyiblər.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, General Niyombare hörmət qazanmış dövlət xadimidir. Fevral ayında o, Burundinin kəşfiyyat idarəinin sədri vəzifəsindən azad edilib.

XS
SM
MD
LG