Accessibility links

BVF: Hazırki şəraitdə diqqətin bank sektoruna yönəldilməsi vacibdir (Yenilənib-2)


Beynəlxalq Valyuta Fondunun missiyası Maliyyə Nazirliyində
Beynəlxalq Valyuta Fondunun missiyası Maliyyə Nazirliyində

Prezident İlham Əliyev mayın 20-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi ilə görüşümndə Azərbaycan ilə BVF arasında uzunmüddətli uğurlu əməkdaşlığın olduğunu deyib.

Əməkdaşlığın müxtəlif formatları əhatə etdiyini bildirən dövlət başçısı hazırda bu əməkdaşlığın yeni mərhələdə olduğunu qeyd edib.

Prezident Azərbaycandakı iqtisadi inkişafla bağlı BVF-nin ölkəyə verdiyi dəstəyi və tövsiyələrini yüksək dəyərləndirib. Dövlət başçısı Məhəmməd əl-Qorçinin rəhbərlik etdiyi missiyanın fəaliyyətinin Azərbaycanla bu qurum arasında əlaqələrin gücləndirilməsi və lazımi islahatların davam etdirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Prezident İlham Əliyev qeyd edib ki, dünyada neftin qiymətinin kəskin surətdə aşağı düşməsi, əlbəttə, gəlirlərin azalmasına səbəb olub. Lakin ölkədə həyata keçirilən tədbirlər, büdcə konsolidasiyası, eləcə də iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatlar ciddi risklərin azaldılmasına kömək edib.

Dövlət başçısı Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Məhəmməd əl-Qorçi Azərbaycan hökuməti tərəfindən dünyada iqtisadi böhranın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində həyata keçirilən işləri yüksək qiymətləndirib.

O manatın devalvasiyası və digər tədbirlərin ölkədə milli istehsalın qorunması, habelə qeyri-neft sektorunda istehsal olunan məhsulların xaricə ixrac edilməsi işinin təşviqinə töhfə verdiyini vurğulayıb və bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən atılan addımları cəsarətli və uğurlu addımlar kimi qiymətləndirib.

Missiya rəhbəri hazırkı şəraitdə bank sektoruna diqqətin yönəldilməsinin vacibliyini vurğulayıb və bu baxımdan Beynəlxalq Valyuta Fondunun Azərbaycanın müvafiq strukturları ilə fikir mübadiləsi aparılmasına, ölkəyə texniki yardım göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib.

***

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla Beynəlxalq Valyuta Fondunun (BVF) Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi Maddələr Sazişi IV üzrə məsləhətləşmələr missiyasının mayın 20-də keçirilən görüşündə ölkədə makroiqtisadi proseslər, hökumət tərəfindən aparılan islahatlar, maliyyə sektorundakı vəziyyət, yeni məzənnə rejiminin idarə edilməsi strategiyası müzakirə edilib.

Mərkəzi Bankın məlumatında deyilir ki, E. Rüstəmov makroiqtisadi vəziyyət, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələnməsi, ölkənin xarici mövqeyi, Mərkəzi Bankın pul siyasəti, həyata keçirilən struktur islahatları barədə məlumat verib.

O ölkədə iqtisadi sabitliyin qorunub saxlanılması və inkişafın təmin olunması üçün həyata keçirilən tədbirlərdə dəstəyinə görə BVF-yə təşəkkür edib.

Məhəmməd əl Qorçi Azərbaycanın regional hadisələr fonunda milli iqtisadiyyatın dayanıqlığının təmin edilməsi məqsədilə ölkədə maliyyə sabitliyinin dəstəkləməsi, bank sektorunun sağlamlaşdırılması, valyuta məzənnəsinin idarə edilməsi istiqamətində görülmüş işləri yüksək qiymətləndirib.

Qeyd olunub ki, yeni məzənnə siyasəti milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədlərinə yönəlib. Bu, həmçinin qonşu dövlətlərdə baş verən proseslərin milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa xidmət edir.

Görüşdə Mərkəzi Bank ilə BVF arasında formalaşmış əməkdaşlıq əlaqələri, BVF tərəfindən göstərilmiş texniki yardımın nəticələri və bu əlaqələrin gələcək inkişaf perspektivləri də müzakirə olunub.

***

Mayın 19-da Beynəlxalq Valyuta Fondunun (BVF) Rəhbərlər Şurasında Azərbaycanı təmsil edən, maliyyə naziri Samir Şərifov BVF ilə Azərbaycan hökuməti arasında IV Maddə üzrə Mohammed Əl-Qorçinin rəhbərlik etdiyi məsləhətləşmələr missiyasını qəbul edib.

Maliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə ölkənin makroiqtisadi, fiskal və bank sektorundakı vəziyyət, habelə büdcə parametrləri üzrə fikir mübadiləsi aparılıb, xarici iqtisadi şokların ölkə iqtisadiyyatına mənfi təsirlərinin neytrallaşdırılması ilə bağlı hökumət tərəfindən atılan addımlar müzakirə olunub.

BVF missiyasının səfər zamanı ölkənin əsas iqtisadi qurumları ilə göüşləri nəzərdə tutulur.

XS
SM
MD
LG