Accessibility links

Bəxtiyar Hacıyev Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştona müraciət edib


Bəxtiyar Hacıyev Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştona müraciət edib
Bəxtiyar Hacıyev Avropa Birliyinin ali nümayəndəsi Ketrin Eştona müraciət edib

“Ərəb baharı” göstərdi ki, demokratik islahatlar sabitlik bəhanəsi ilə gecikdiriləndə sosial partlayış baş verir və qeyri-müəyyənlik yaranır.

Həbsdə olan gənc fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev həbsxanadan noyabrın 15-16-da Azərbaycana səfər edəcək Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eştona müraciət edib.

Müraciətdə deyilir: “Avropa İttifaqının Azərbaycanın inkişafına verdiyi töhfə və Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıq təqdirə layiqdir. Avropa İttifaqının enerji və təhlükəsizlik məsələləri üçün həm regionda, həm də ölkəmizdə sabitliyin tərəfdarı olduğunu təqdir edirəm. Lakin, bu sabitlik heç bir halda təməl insan hüquqlarının boğulması bahasına qorunmamalıdır. Əminəm ki, Siz bir çox avtoritar liderlərin “Mən olmasam, xaos olar” arqumenti ilə xaosun maraqlarınızı hədələdiyini, sabitliyin yeganə qarantının özləri olduğunu dediklərini eşitmisiniz.

“Ərəb baharı” prosesi göstərdi ki, uzun illər demokratik islahatlar sabitlik bəhanəsi ilə gecikdiriləndə, insanların ifadə və toplaşmaq azadlıqları məhdudlaşdırılanda, eşidilməyən səslər zamanla qəzəbə çevrilir, sosial partlayış baş verir və qeyri-müəyyənlik yaranır. Belə ölkələrdəki sabitlik çox həssas və psevdosabitlikdir. Həm Avropa İttifaqı, həm də Azərbaycan xalqının qorumağa çalışdığı bir sabitlik varsa, bu da demokratiyanın sabitliyi olmalıdır”.

Gənc fəal xanım Eştonu Azərbaycan rəhbərliyi ilə görüşləri zamanı demokratik və iqtisadi islahatlara, vətəndaşların ifadə və toplaşmaq azadlıqlarının qorunmasına daha açıq çağırışlar edəcəyinə inandığını bildirir. “Eyni zamanda inanıram ki, Azərbaycan xalqının demokratik arzularına çatması üçün vətəndaş cəmiyyəti ilə sıx işləyəcəksiniz”, - deyə Avropa İttifaqının ali nümayəndəsinə müraciıt edib.

ABŞ-ın Harvard universiteti məzunu, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev bu il martın 4-də həbs edilib, may ayında barəsində cinayət məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmə hökmü çıxarılıb. Bəxtiyar Hacıyev hazırda Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

XS
SM
MD
LG