Accessibility links

Bəxtiyar Hacıyev: Həbsim siyasi sifarişdir. Məhkəmə zalından müsahibə (Audio)


Bəxtiyar Hacıyev: Həbsim siyasi sifarişdir. Məhkəmə zalından müsahibə (Audio)
Bəxtiyar Hacıyev: Həbsim siyasi sifarişdir. Məhkəmə zalından müsahibə (Audio)

Harvard Universitetinin professor-müəllim heyəti Azərbaycan prezidentinə müraciət edib. Bu gün Gəncədə Bəxtiyar Hacıyevin məhkəməsi başlayıb. O məhkəmə zalından Amerikanın Səsi radiosuna müsahibə verib

Bu gün Gəncə şəhərində hərbi çağırışdan yayınma ittihamı ilə həbs edilmiş keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyevin məhkəmə prosesi ilə bağlı hazırlıq iclası başlayıb. Bəxtiyar Hacıyevin barəsində bu il martın 4-də Gəncə şəhər Nizami rayon məhkəməsi bir aylıq həbs qəti imkan tədbiri seçib. Cənab H acıyev parlament seçkiləri zamanı deputatlığa namizəd kimi hökumətin siyasətini kəskin tənqid edib. O seçkilərin saxtalaşdırılması ilə bağlı facebook sosial şəbəkəsində video görüntülər yerləşdirib.

Bəxtiyar Hacıyevin məzunu olduğu Harvard Universiteti Kennedi İdarəçilik Məktəbinin icraçı direktoru John High 14 nəfərlik müəllim və professor heyəti adından Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Turan agentliyi məktubun mətnini yayıb. Məktubda deyilir: “Biz, Harvard Kennedi İdarəçilik məktəbinin icraçı direktoru, fakültə dekanı və professor heyəti olaraq, öz şəxsi təşəbbüsümüzlə burada tələbə olduğu müddətdə cənab Bəxtiyar Hacıyevlə şəxsən görüşmək imkanı əldə etmiş şəxslər kimi öz narahatlığımızı bildirir və diqqətinizi onun Azərbaycandakı həbsinə yönəltməyə çağırırıq. Harvard Kennedi İdarəçilik məktəbinin fakültə, heyət və tələbələri olaraq hər birimiz ortaq missiyamıza nail olmaq, dünyanı daha yaxşı etmək üçün yarışırıq. Cənab Hacıyev də bu missiyaya dərindən riayət edir. Cənab Hacıyevin keçmiş professorları və məsləhətçiləri olaraq, biz onu özünü Azərbaycanın ictimai maraqlarına xidmət etməyə həsr edən ağıllı, dürüst bir şəxs kimi tanıyırıq.
Biz, cənab Hacıyevin həbsi və onunla edilən rəftar barədə aldığımız son məlumatlardan sarsılmışıq və səhhəti ilə bağlı çox narahatıq;
Biz, Azərbaycandakı cavabdeh şəxslərdən onu işgəncə, hər cür fiziki və mənəvi təzyiqlərdən qorumalarını tələb edirik;
Biz, həm də cənab Hacıyev üçün hüquqa uyğun proses və açıq məhkəmə aparılmasını tələb edirik;
Biz, həmçinin polis məntəqəsində ona verilmiş işgəncə və təzyiqlər barədə istintaqın başlanmasını və məhkəməyə qədər onu azadlığa buraxmağa çağırırıq;

Biz, Sizin bu şiddətli dərəcədə vacib və təcili məsələyə diqqətinizi və münasibətinizi qiymətləndiririk”.

Bəxtiyar Hacıyevə dəstək kampaniyasının bildirdiyinə görə, məktub Azərbaycan prezidentinə martın 25-də göndərilib və indiyədək hər hansı cavab alınmayıb.
Dəstək kampaniyası xatırladır ki, Bəxtiyar Hacıyev ictimai-siyasi fəaliyyətinə görə qanunsuz olaraq siyasi sifarişlə həbs edilib. “Artıq, bir aydır ki, həbsdə saxlanılan B.Hacıyevə dünyanın nüfuzlu təşkilatlarından, müxtəlif ölkələrin parlament nümayəndələrindən dəstək gəlməkdə davam edir və onun pozulan hüquqlarının bərpası tələb olunur. Azərbaycan hakimiyyəti ifadə azadlığına qoyduğu məhdudiyyətlərə və fundamental insan haqları pozuntusuna görə qınanır”.

Bu gün Bəxtiyar Hacıyev məhkəmə zalında Amerikanın Səsi radiosuna eksklüziv müsahibə verib.

Sual: Sizə qarşı işgəncələrlə bağlı nə deyə bilərsiniz?

Cavab: Mən həm Nizami rayon polis şöbəsində, həm də müvəqqəti saxlama təcridxanasında döyülmüşəm. Hər iki halda döyülməyimə mənim vəkil və həkim tələb etməyim səbəb olub. Məni bir neçə dəfə və bərk döydülər, əsəb gərginliyi keçirmişdim. Zərbələrin ağırlığından daha çox əsəb gərginliyindən əziyyət çəkirdim. Qollarıma qandal vurmuşdular, bundan sonra qolumu burub, mənə zərbələr endirirdilər. İşgəncə ilə bağlı Respublika Prokurorluğundan müstəntiqlər gəlmişdi, ekspertlər də xəsarətləri təsdiqlədilər. Amma, sonra qərar çıxarıblar ki, guya mənim döyülməm faktı təsdiqlənməyib. Bu qərar, məni heç də təəccübləndirmədi. Çünki siyasi sifarişli həbsdə, belə qərarların qəbulu təbiidir.

Sual: İstintaqın gedişini necə qiymətləndirirsiniz?

Cavab: İstintaq qərəzlidir. Çünki, həddindən artıq qərəzli aparılıb. Məsələn, mən ötən il noyabrın 18-də saxlanıb, Gəncə şəhər Nizami rayon hərbi komissarlığına gətirilmişəm. Həmin zaman, həm mənim hərbi xidmətdən möhlətim olub, həm deputatlığa namizəd kimi toxunulmazlığım və həm də ölkədən çıxıb-qayıtma azadlığım olub. İstintaq orqanları yazıb ki, 19 oktyabrda xəbərdarlıq edilib, hərbi həkim komissiyasından keçməyib. Amma, bununla yanaşı, cinayət işində yazmırlar ki, həmin zaman çağırış elan edilməmişdi, möhlət, toxunulmazlıq və ölkəni tərk etmək hüququm var idi.

Bəzi məqamlar isə sadəcə gülməlidir. Yazıblar ki, bu Amerikaya təhsil almaq adı ilə gedib, amma əslində hərbi xidmətdən yayınmaq üçün gedib. Yəni, belə çıxır ki, mən Harvard Universitetini hərbi xidmətdən yayınmaq üçün oxumuşam. Əgər, mənim belə məqsədim var idisə, niyə, 2010-cu ilin avqustunda ölkəyə qayıdıb hərbi-həkim komissiyasından keçirdim. Hazırda iş məhkəmənin icraatındadır. Məhkəmənin isə qərəzli olub-olmaması sabah müəyyən olacaq.

Bu gün də, maraqlı bir situasiya yaranıb. Mənim barəmdə martın 4-də bir aylıq həbs qəti imkan tədbiri seçilmişdi. Aprelin 4-də tələsik qapalı məhkəmə iclası keçirildi və həbs müddəti daha 3 gün uzadıldı. İndi, aprelin 7-dir, iş gün başa çatıb və məhkəmə həbs vaxtının uzadılması barədə hələ qərar qəbul etməyib. Müdafiəçilərim bildirdi, iş günü başa çatdığından heç bir məsələyə baxıla bilməz. Növbəti məhkəmə iclası aprelin 8-də keçirilə bilər və mənim sabaha qədər həbsdə saxlanmağım qanunsuzdur.

Sual: Müdafiənizlə bağlı çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən Harvard Universitetinin professor-müəllim heyəti Azərbaycan prezidentinə müraciət edib. Münasibətiniz?

Cavab: Mən beynəlxalq təşkilatların və Harvard Universitetinin professorlarının müraciətləri ilə tanışam. Bütün beynəlxalq təşkilatlara minnətdarlıq bildirirəm. Professorlarımın bu addımını yüksək qiymətləndirirəm. Xüsusilə, müraciətdə bizim birgə prinsiplərimiz barədə yazılanlar və müraciətin tərtib olunma üslubu məni müəyyən qədər də duyğulandırdı. Bir daha əmin oldum ki, eyni hisləri, eyni dəyərləri, eyni baxışları bölüşdüyüm insanlar var və onlar məni müdafiə edir. Həmin professorlar arasında dünyada çox nüfuzlu insanlar var, hətta bir neçə ölkənin prezidentinə dərs demiş insanlar var. Onların sırasında tanınmış iqtisadçılar, idarəetmə üzrə tanınmış professorlar var. Bu insanların müraciəti hər hansı normal ölkədə diqqətə alınardı. Amma, Azərbaycanda necə münasibət olacağını bilmirəm. Çünki, əvvəllər də başqa gənclərlə bağlı belə müraciətlər olub və Azərbaycan hökuməti çox lovğalıqla yanaşıb. Cavab veriblər ki, heç kim bizim daxili işimizə qarışa bilməz. Əgər, hökumət bu müraciətə də belə yanaşacaqsa bir söz deyə bilmərəm. Bir daha bildirim ki, bu müraciətin mənim üçün çox böyük əhəmiyyəti var. Əmin oldum ki, fikrimi bölüşdüyüm insanlar var və onlar mənim müdafiəmi davam etdirəcək.

Sual: Həbsinizi necə qiymətləndirirsiniz? Siyasi və ya hüquqi həbsdir?

Cavab: Bu hüquqi don geyindirilməyə çalışılan siyasi bir prosesdir. Yəni don geyindirirlər, amma hələ ölçüb-biçə bilmirlər. Çünki, hər tərəfdə bir hüquqi boşluqla qarşılaşırlar. Məsələn, prokurorluq 1992-ci ildə qəbul edilmiş bir əsasnaməyə istinad edir. Bu əsasnamə ilə Milli Məclisin qərarı arasında ziddiyyət var, qərarla konstitusiya arasında ziddiyyət var. Konstitusiya ilə isə qanun arasında ziddiyyət var. Yəni, hüquqi sənədlər arasında həddən çox ziddiyyətlər var. İkincisi isə, həbsin siyasi olduğunun sübutu kimi qeyd etmişəm ki, 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili proqramı var. Həmin proqramı Prezident Administrasiyasının rəhbərinin başçılıq etdiyi Prezident yanında Təhsil Komissiyası icra edir. Həmin komissiya yüzlərlə gənci bakalavr səviyyəsindən magistratura və magistratura səviyyəsindən doktorantura səviyyəsində təhsil alması üçün xarici ölkələrə göndərib. Mən də, bakalavr təhsilindən sonra hərbi xidmətdən möhlət olmadan xaricdə təhsil almaqda ittiham olunuram. Əgər, mənim əməlim cinayətdirsə, onda Prezident Administrasiyası da qanundankənar addımlar atır. Əgər, Prezident Administrasiyasının hərəkətləri qanunidirsə, deməli mənim təhsil almağımın da qanuni əsasları var. Belə, məntiq də yaranır, əgər mən doğrudan da 2006-2010-cu illərdə qanuni möhlət hüququm olmadan xaricdə təhsil almışamsa, onda hansı səbəbdən bu proses 2006-2010-cu illərdə deyil, parlament seçkilərindən sonra başlayıb. 2006-2010-cu illərdə 16 dəfə hərbi çağırış olub. Niyə, həmin illərdə cinayət işi açılmırdı, hərbi komissarlığa dəvət olunmurdum. Amma, möhlət hüququm, toxunulmazlıq və ölkəni azad tərk etmə hüququm olduğu və hərbi çağırış olmadığı vaxtda fövqəladə olaraq hərbi həkim komissiyası çağırıb, məni hərbi xidmətə göndərmək istəyirlər. Bütün bunlar bir daha həbsimin siyasi sifariş olduğunu sübut edir. Hətta, martın 4-də barəmdə həbs qəti imkan tədbiri seçilməsi də iki polis əməkdaşının saxta ifadələri əsasında verilmiş bir qərardır.

Bütün bunlar göstərir ki, hakimiyyət gənclərdən və gənclərin aktivləşməsindən ehtiyatlanır. Bu səbəbdən də belə həbslərlə gəncləri qorxutmaq istəyir.

XS
SM
MD
LG