Accessibility links

Bəxtiyar Hacıyev quru aclığa başlayıb


Bəxtiyar Hacıyev quru aclığa başlayıb
Bəxtiyar Hacıyev quru aclığa başlayıb

Müraciətdə deyilir ki, B.Hacıyevin saxlandığı andan etibarən hüquqları dəfələrlə pozulub və fiziki təzyiqə məruz qalıb. “Dəfələrlə qollarım burulub, yumruqlanmışam, döyülmüşəm və təhqir edilmişəm, söyülmüşəm”, - deyə qeyd edir.

Martın 4-də Gəncədə hərbi xidmətdən yayınma ittihamı ilə həbs olunmuş keçmiş deputatlığa namizəd, gənc fəal Bəxtiyar Hacıyev hüquqlarının pozulmasına etiraz olaraq müddətsiz “quru” aclıq aksiyasına başlayıb.

Turan agentliyi Bəxtiyar Hacıyevin müraciətinin mətnini yayıb. Müraciətdə deyilir ki, B.Hacıyevin saxlandığı andan etibarən hüquqları dəfələrlə pozulub və fiziki təzyiqə məruz qalıb. “Dəfələrlə qollarım burulub, yumruqlanmışam, döyülmüşəm və təhqir edilmişəm, söyülmüşəm”, - deyə qeyd edir.

Cənab Hacıyevin sözlərinə görə Gəncədə Vüsal Ş. adlı podpolkovniki onu ən şərəfsiz təhqirlə təhdid edib. “Məhkəmədə hakim mənim vəsatətlərimi dinləmədən, iki polisin şər, yalan və böhtanla dolu qısa ifadələri əsasında sifarişli qərar verdi”, - deyə məhkəmənin barəsində həbs qəti imkan tədbiri seçməsinə etiraz bildirir.

Müraciətdə deyilir ki, o, Gəncə şəhər Nizami rayon polis şöbəsində üç dəfə huşunu itirib, gicgahlarında və ürəyində kəskin ağrılar hiss edib, lakin heç bir tibbi yardım göstərilməyib. “Əksinə, Hidayət adlı mülki geyimli polis əlləri ilə çənəmi sıxdı. Gəncə şəhər Kəpəz rayon polis şöbəsində müvəqqəti saxlama təcridxanasının rəisi Nizami Mehdiyev isə insan şərəf və ləyaqətini alçaldacaq addımlarla məni yumruqlayıb, boynumu sıxıb, məni zorlamaqla təhdid edib. Orada da vəziyyətim pisləşdi, həkim gəlib bədənim

də göy olub-olmamasına baxıb dərhal getdi”, - deyə Hacıyev müraciətində bildirir. Hüquqlarımın pozulduğu, vətəndaş kimi döyüldüyüm, təhqir edildiyim bütün otaqlarda istisnasız Heydər və İlham Əliyevlərin portretləri asılmışdı”, - deyə gənc fəal qeyd edir.

Bəxtiyar Hacıyev Azərbaycan gənclərinə mesajının çatdırılmasını da xahiş edir. “Ölüm aclığına başlayıram, tək yeməkdən deyil, sudan da imtina edirəm. 40 il qul kimi yaşamaqdansa 1 gün şərəfli yaşamaq yaxşıdır”, - deyə cənab Hacıyev vurğbulayır.

O, İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov və Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza ilə şəxsən görüş istədiyini bildirir.

Cənab Hacıyev həmçinin qeyd edir ki, əsəbləri gərgindir və hər an provokasiyalara “radikal cavablar verib kiminləsə əlbəyaxa ola bilər, ya da intihar edə bilər”.

O, həmçinin dostlarından Harvard Universitetində Kokkatis Proqram rəhbərinə və Harvard MPP 2009 məzunlarına həbsi, ona edilən işgəncələr haqqında məlumat verməyi xahiş edir.

Öz növbəsində, Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, Bəxtiyar Hacıyev hərbi xidmətdən boyun qaçırdığına görə yanvarın 24-də Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə cinayət işi başlanıb. Fevralın 3-də isə onun barəsində polisin nəzarətinə verməklə qətimkan tədbiri seçilib. “Bəxtiyar Hacıyevə izah edilib ki, müstəntiqin, prokurorun icazəsi olmadan başqa yerə gedə bilməz. Lakin, martın 2-si və 4-də cədvələ imza etdikdən sonra onun Gəncə şəhərini tərk etdiyi müəyyən edilib”.

Bəxtiyar Hacıyevin həbsini çoxsaylı hüquq-müdafiə, gənclər və siyasi partiyalar pisləyir. Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev məhkəmənin qərarını biabırçılıq adlandırıb. Onun fikrincə, gənc fəal barəsində cinayət işinin başlanması da qanunsuzdur. “Tamamilə qanunsuzdur. Əvvəla, onu bildirim ki, Gəncə Şəhər Nizami Rayon Hərbi Komissarlığı onun 2006, 2007, 2008, 2009 illərdə təhsili ilə bağlı təqdim etdiyi bütün sənədləri qəbul edib və ona həmin illər ərzində hərbi xidmət çəkməkdən möhlət verib, 2010-cu ildə könüllü olaraq hərbi həkim komissiyasından keçsə də, o, hərbi xidmətə aparılmayıb. İkincisi, 2007-2015-ci illər Azərbaycan Gənclərinin Xaricdə Təhsil Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərin bir çoxu birbaşa bakalavr pilləsini başa vurduqdan sonra magistraturaya, magistraturadan doktorantura pilləsində təhsilinə birbaşa keçid edirlər. Möhlət hüququ yalnız bakalavr təhsili dövrü üçün verilirsə, bu o anlama gəlir ki, yuxarıda göstərilən Proqram çərçivəsində hazırda magistratura və ya doktorantura təhsili alan yüzlərlə və ya ola bilər ki, minlərlə gənc barəsində cinayət işi başlanmalıdır.

Digər tərəfdən, alternativ xidmət vətəndaşın konstitusion haqqıdır. Konstitusiyanın 76-cı maddəsində deyilir: «Vətəndaşların əqidəsi həqiqi hərbi xidmət keçməyə ziddirsə, qanunla müəyyən edilmiş hallarda həqiqi hərbi xidmətin alternativ xidmətlə əvəz olunmasına yol verilir». Konstitusiya bütün qanunlardan yüksəkdə dayanır. Azərbaycan hələ on il öncə Avropa Şurasına üzv olan zaman üzərinə alternativ xidmətlə bağlı qanunu qəbul etmək öhdəliyi götürüb. Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdən biri də Alternativ hərbi xidmət haqqında Qanunun qəbul edilməsidir. 3 il müddətində bunu edəcəyi barədə öhdəliyi olan 9 ildir ki, onun icrasından yayınır.

Dövlət öz öhdəliyini yerinə yetirməməklə və vətəndaşın konstitusion hüququnu pozmaqla öz vətəndaşını fərariyə çevirir və ehtiyac olanda onu cinayətkar sayır və cəzalandırır. Belə şeylər yalnız özbaşınalıq mühiti olan ölkələrdə baş verə bilər”.

Cənab Əliyev eyni zamanda deyib ki nə qədər qəribə olsa da, “2006-cı ildən hərbi xidmətdən yayınan” Bəxtiyar Hacıyevi 2010-cu ilin parlament seçkilərində deputatlığa namizəd kimi qeydə alıblar və seçkilərdə iştirak edib.

Bəxtiyar Hacıyev Harvard universitetinin magistridir. O 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olub və iqtidarı kəskin tənqid edib. Cənab Hacıyev seçkilərdə saxtakarlıq ehtimal etdiyi faktlarla bağlı video görüntüləri sosial şəbəkələrdə yerləşdirib. O həmçinin gənclərin gözlənilən etiraz kampaniyalarının fəallarından hesab olunur.

XS
SM
MD
LG