Accessibility links

Bəxtiyar Hacıyevin avroviziya barədə düşüncələri


Bəxtiyar Hacıyevin avroviziya barədə düşüncələri

Bəxtiyar Hacıyevin avroviziya barədə düşüncələri

Bəxtiyar Hacıyev sual edir: Mahnı müsabiqələrini siyasiləşdirmək mənəviyyatsızlıqdırsa, on illərlə məhkəmələri siyasiləşdirmək nədir bəs?

2011-c ilin fevralında hərbi çağırışdan yayınma ittihamı ilə həbs edilən, Harvard Universitetinin magistri Bəxtiyar Hacıyev yeni məqalə ilə çıxış edib. 2010-cu ildə keçirilən parlament seçkilərində deputatlığa namizəd olmuş Hacıyev hökumətin siyasətini kəskin tənqid edir. “Media Forum” saytının dərc etdiyi məqaləni təqdim edirik:

“Avroviziya 2011” mahnı müsabiqəsinin finalını Gəncədəki təcridxanada, 32 saylı kamerada dinlədim. Hər zaman Azərbaycanın beynəlxalq uğurlarla tanınmasına sevinmiş, elm olimpiadaları və gənclər tədbirləri ilə az da olsa bu uğurlara töhvə vermiş şəxs kimi qələbəmizə çox sevindim.
Ümumiyyətlə, bu müsabiqə ilə bağlı bir çox şəxsə simpatiyam olub, bəziləri hakim partiyaya keçsə də, bu münasibətim dəyişməyib. Mən də Bakıda bu il keçiriləcək “Avroviziya” müsabiqəsinə müsbət ovqatla hazırlaşacağımı düşünürdüm. Amma deyəsən, əksini etməli olacam.
Doğrudur, hakimiyyətin qəzetləri müsabiqənin siyasiləşdirilməsini, müsabiqəyə görə beynəlxalq KİV-in diqqətini digər hüquq pozuntularına yönəltməyi mənəviyyatsızlıq sayır. “Avroviziya”nın verdiyi imkanlardan təbliğ üçün maksimum yararlanmağa çalışan siyasətçilər onun gətirdiyi məsuliyyətlərdən yayınmağa çalışırlar. Belə olduğu halda bu ittiham müəyyən suallar doğurur.
Mahnı müsabiqələrini siyasiləşdirmək mənəviyyatsızlıqdırsa, on illərlə məhkəmələri siyasiləşdirmək nədir bəs?
Haqqı tapdalanan, haqqını hüquqi yollarla bərpa etməyə imkan verilmədiyini görüb alternativ yollara əl atmağa məcburdursa və bu, qəbahətdirsə, insanların haqlarını tapdalamaq nədir bəs?
Korrupsiyadan danışmaq ölkəmizin imicinə zərbə vurursa, korrupsiyanı yaratmaq və ondan bəhrələnmək, Azərbaycanın adını bütün beynəlxalq hesabatlarda sona salmaq nədir bəs?
Parkların təmiri, yeni süni adaların salınması barədə təriflər eşitmək xoşdursa, evlərindən çıxarılanların fəryadını duymamaq nədir bəs?
Görəsən, “Avroviziya”nın siyasiləşdirilməsinə etiraz edən hakimiyyət gənclərin siyasi mesajlarını vətəndaşlarımıza, dünyaya incəsənət yolu ilə çatdırmasına da etiraz etməyəcək ki?

XS
SM
MD
LG