Accessibility links

Bu gün gənc fəal, vicdan məhbusu Bəxtiyar Hacıyevin cəzasının yarısının tamam olması ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılmağına dair ərizəsinə baxılıb. Facebook sosial şəbəkəsində fəaliyyət göstərən "Bəxtiyara Dəstək Ol! - Support Bakhtiyar" qrupunun açıqlamasına görə, əvvəlcədən göndərilən məhkəmə bildirişində məhkəmənin 29 mart saat 09.00-da keçiriləcəyi bildirilsə də, hakim cəzaçəkmə müəssisəsinə saat 11.30-da gəlib.

"Qanunla bu tipli müraciətlərə məhkumun öz iştirakı ilə açıq məhkəmə iclasında baxılması nəzərdə tutulsa da, cəzaçəkmə müəssisəsinin rəisi kənar şəxsləri müəssisəyə buraxa bilməyəcəyini deyib. Bundan sonra 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan digər vicdan məhbuslarının iclasda iştirakının təmin olunması istənib"-deyə açıqlamada bildirilir. Bəxtiyar Hacıyevdən başqa orada saxlanan 7 nəfər vicdan məhbusundan yalnız 3-nə iclasda iştirak etmə imkanı verilib.

Zala daxil olan hakim məhkəməni açıq elan edib və vaxtının az olması, mövqelərin tez bildirilməsi barədə xəbərdarlıq edib. Açıqlamada bildirilir ki, buna etiraz edən Bəxtiyar Hacıyev vəsatətlərinin olduğunu, qarşı tərəfin arqumentləri ilə tanış olmaq istədiyini deyib.

"Hakim vəsatətlərdən bir neçəsini alaraq, oxumadan ümumi işin arasına qoyub, niyə belə etdiyi soruşulduqda, "Onsuz da təxmin edirəm, onlarda nələr yazılıb"-deyib. Bundan sonra Bəxtiyar Hacıyev belə iclasda iştirak etməkdən imtina edib və zalı tərk etmək istədiyini bildirib. Hakim qərarı dinləməli olduqlarını desə də , "Bizi dinləmirsinizsə, biz də alınan hazır qərarı dinləməkdən imtina edirik" cavabını alıb"-deyə açıqlamada bildirilir.

Bundan sonra nəzarətçilər vicdan məhbuslarının otağı tərk etməsinə icazə verməyib. Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən qrupun bildirdiyinə görə, hətta məsələ o yerə çatıb ki, otağın qapısını bağlamaq istəyiblər:"Bəxtiyar Hacıyevin müəssisə rəisinə sərt reaksiyasından, onları "məcbur edə bilməyəcəklərini" deməsindən sonra vicdan məhbusları iclas keçirilən otağı tərk ediblər"

Qrup iddia edir ki, bundan sonra hakim Rufan Mürsəlov tərəfin iştirakı olmadan, Bəxtiyar Hacıyevin müraciətini rədd edən qərarı oxuyaraq cəzaçəkmə müəssisəsini tərk edib.

Məhkəmədə Bəxtiyar Hacıyevin vəkilinin iştirak edib-etməməsi barədə məlumat verilmir.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG