Accessibility links

Beynəlxalq Bankın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev barəsində Nərimanov rayon Məhkəməsi 3 ay həbs qətimkan tədbiri seçib.

Yerli medianın məlumatına görə, Hacıyev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddələri ilə ittiham irəli sürülüb.

Bununla yanaşı rəsmi orqanlar və Hacıyevin vəkili hələ bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev bu il martın 18-də istefa verib.

Son aylar Beynəlxalq Banka olan kredit öhdəliklərini ödəyə bilməyən və ya ödəməkdən yayınan çoxsaylı sahibkarların istintaqa çağırılması ilə bağlı məlumatlar yayılıb. Həbs olunanlar var.

Qeyri-rəsmi mənbələrə görə, bankın problemli kreditləri bir neçə milyard manat təşkil edir.

Prezident İlham Əliyevin 2015-ci il iyulun 15-də “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” fərman imzalayıb.

Fərmanda deyilir ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub.

“Ona görə də yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb”, sənəddə qeyd edilir.

Azərbaycan Beynəlxalq Bankı (ABB) 1990-cı ildən fəaliiyyətdədir. Maliyyə Nazirliyi bankın əsas səhmdarıdır və səhmlərin 50.2% ona məxsusdur. Bankın mənzil qərargahı Bakı şəhərində yerləşir, 40-dan çox şəhərdə 36 filiala və 95 xidmət məntəqəsinə malikdir. Bu bankda 1 300-dən çox insan çalışır.

XS
SM
MD
LG