Accessibility links

Türkiyədə dörd alim və iki jurnalistin prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyəti altında söz azadlığının boğulması ilə əlaqədar ayrı-ayrı ittihamlarla məhkəmələri keçirilir.

Ziyalılar Türkiyənin kürd üsyançılarına qarşı hərbi əməliyyatlarını qınayan bəyannamə imzaladıqdan sonra “terrorçu propaqandası” yaymaqda ittiham olunurlar. Bu, onların üçüncü məhkəmə prosesidir.

Müxalif Cümhuriyyət qəzetinin baş redaktoru Can Dündar və qəzetin Ankara bürosunun rəhbəri Erdem Gül Türkiyənin Suriyaya silah keçirdiyini iddia etdikləri məqaləyə görə həbs oluna bilərlər.

Dörd ziyalı və onların mindən çox həmkarı Türkiyəni regiondakı kürd və digər millətlərə qarşı qəsdən törətdiyi kütləvi qırğın və deportasiyaları dayandırmağa çağıran petisiya imzalayıblar. Bu petisiya Ərdoğanı qəzəbləndirib və onlara qarşı hüquqi icraatın başladılmasına səbəb olub.

Türkiyə ölkənin cənub-şərqində separatçı PKK-yə qarşı hərbi əməliyyatlar aparır. Kürd fəallar əməliyyatlar zamanı mülki vətəndaşların öldürüldüyünü deyir və Türkiyəni həddindən artıq güc tətbiq etməkdə günahlandırır.

Ziyalılar 7 il yarım həbs cəzası ilə üzləşə bilər.

Bu yaxınlarda Sərhədsiz Reportyorlar Təşkilatının hazırladığı 2016 Dünya Mətbuat Azadlığı İnkdekində Türkiyə 180 ölkə arasında 151-ci yerdə sıralanıb. 2014-cü ildə prezident olandan bəri Ərdoğan onu təhqir etdiklərinə görə təxminən 2 min nəfəri məhkəməyə verib.

XS
SM
MD
LG